Azərbaycan tərəfi həmişə ikitərəfli münasibətlərin irəli aparılması üçün səbr və təmkin nümayiş etdirərək, iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə tərəfdaşlığı davam etdirmək və inkişaf etdirmək xəttini tutmuşdur.Azərbaycan tərəfi ABŞ ilə iki ölkə xalqlarının maraqlarına və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq mehriban münasibətlər qurmaq və inkişaf etdirmək üçün məsuliyyətli və konstruktiv şəkildə davranmışdır. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın məsuliyyətli və təmkinli davranışlarının müqabilində ABŞ müstəqilliyimizi bərpa etdiyimiz ilk gündən etibarən qeyri-konstruktiv davranmışdır. Bədnam 907-ci düzəlişin qəbul edilməsi ilə başlayan anti-Azərbaycan tədbirləri bu günədək davam etməkdədir.
Təəssüflə qeyd etmək istərdik ki, bir sıra dairələr Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən istifadə edərək, Azərbaycana hansısa məsələni qəbul etdirmək fikrinə düşüblər. ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin dövlət katibi Entoni Blinkenə göndərdiyi müraciət də bu qəbildəndir.
Bu müraciət Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinə qarşı yönəlib. Konqres üzvləri bu əlamətdar beynəlxalq hadisədən yalnız Azərbaycanın suverenliyinə xələl gətirmək, eyni zamanda bölgədə gərginliyi artırmağa xidmət edən məsələləri qabartmaq üçün istifadə edirlər. Bu da onların "motivasiyası" ilə bağlı ciddi suallar doğurur. Konqres üzvlərinin bu mövqeyinin arxasında Azərbaycan və Ermənistan arasında, xüsusilə, tarixə qovuşmuş“Dağlıq Qarabağ” regionu ilə bağlı uzun müddət davam edən münaqişə dayanır. Onilliklər ərzində davam edən münaqişədən sonra Azərbaycan Ermənistanın nəzarətində olan ərazilərini geri almaq istiqamətində əhəmiyyətli addımlar atıb. Ölkənin COP29-a ev sahibliyi etməsi, yalnız logistika baxımından deyil, iqlim dəyişikliyi kimi qlobal çağırışlara cavab vermək sadiqliyini də simvollaşdırır. Lakin ABŞ konqres üzvlərinin son məktubu bu nailiyyəti Azərbaycana qarşı siyasi manevr platforması kimi qələmə verir və iki ölkə arasında vəziyyətin mürəkkəbliyinə açıq-aşkar etinasızlıq nümayiş etdirir.
ABŞ Konqresinin bəzi üzvləri tərəfindən Azərbaycana qarşı sərgilənən qərəzli mövqe Ermənistanın geosiyasi şantaj siyasətinin bir parçası kimi görünür. Bu konqres üzvləri COP29-a ev sahibliyi etməkdə Azərbaycanın rolunu düzgün qiymətləndirməməklə yalnız beynəlxalq əməkdaşlığı pozmur, həm də regionda gərginliyi artırır. Belə bir şəraitdə beynəlxalq aləmin mütləq bərabərlik və ədalət prinsiplərinə söykənən bir yanaşmaya ehtiyacı var. Geniş miqyasda sülh və ədalət üçün bütün tərəflərin konstruktiv dialoqa girməsi, köçkünlərin hüquqlarına hörmət edilməsi və hər hansı bir şantajdan uzaq durması vacibdir. Bu yanaşmalarla, yalnız regionda deyil, qlobal miqyasda da sabit və ədalətli bir asayişin bərqərar olunması mümkündür.
Qeyd edək ki, ABŞ cari Azərbaycanda COP29 beynəlxalq tədbirinin keçirilməsinə müsbət rəyini versə də, Dövlət Departamenti vasitəsilə həmin tədbiri alt-üst etmək cəhdi göstərir. Bu da onun birtərəfli, ikili satandarltlara dolu qərəzli mövqeyini bir daha həm bizə, həm də bütün dünyaya sərgiləmiş olur.
Prezident cənab İlham Əliyevin cari ilin oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə vurğuladığı kimi, Dövlət Departamentində Azərbaycanı hədələmək üçün özləri özlərinə məktub yazırlar.
Azərbaycana qarşı irqi ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, dialoq ruhuna zidd olan, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən bu müraciət qəbuledilməzdir, beynəlxalq hüquqa ziddir və ABŞ-nin ikitərəfli münasibətlərin rəvan şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir.
Hər kəs bilməlidir ki, ABŞ-ın Azərbaycana qarşı birtərəfli və qərəzli münasibəti tamamilə qəbuledilməzdir. Ölkəmizin haqlı mövqeyinə heç bir qüvvə təsir edə bilməz.
Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri