PDF Oxu

Siyasət

  • 998

Bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq ŞƏRH

image


Azərbaycan Prezidenti cənab İlham Əliyevin Cəbrayıla oktyabrın 3-də baş tutan növbəti səfəri böyük əhəmiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, 44 günlük Vətən müharibəsinin başlanğıcında ilk azad olunan şəhərimiz Suqovuşandan sonra Cəbrayıl şəhəri idi. Cəbrayıl Qarabağın giriş qapısı hesab edilir, çox böyük strateji əhəmiyyətə malik olan şəhərdir.
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalı zamanı cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. Artıq o günlər arxada qalıb. Qarabağ və Şərqi Zəngəzurda aparalan sürətli tikinti-quruculuq işlərindən sonra keçmiş məcburi köçkün soydaşlarımız böyük sevinclə dogma yurdlarına qayıdırlar. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən sərəncama əsasən, 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub. Həmin gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Cəbrayıl sakinləri ilə onların dogma yurdlarında görüşdü, isti ocaqlarına qayıdan cəbrayıllılara yeni mənzillərin açarları təqdim olundu.
Ali Baş Komandan yenilməz ordumuzun qəhrəmanlığından söhbət acaraq dedi ki, Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərmişdir və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur. Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərmişdir. Cəbrayıl şəhərinin azad olunması müharibənin sonrakı gedişatına müsbət təsir göstərmiş, eyni zamanda, Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir.
Gərgin və sıx iş qrafikinə baxmayaraq cənab Prezident Qarabağın şəhər günlərində özü şəxsən iştirak edir. Bundan əvvəlki bütün Qarabağla bağlı önəmli günlərdə ölkə başçısı cənab İlham Əliyev Xankəndinə, Ağdama, Şuşaya və Qarabağın digər bölgələrinə səfərlər həyata keçirib. 4 oktyabr Cəbrayıl şəhər günü ilə də əlaqədar olaraq ölkə rəhbəri Cəbrayıl şəhərinə gəlib və müxtəlif açılışlarda iştirak edib. Bu da onu göstərir ki, Qarabağın hər bir qarışındakı abadlıq, quruculuq işlərinin hər biri ölkə Prezidentinin nəzarəti altında həyata keçirilir.
Hazırda Cəbrayıl rayonunda aparılan yenidənqurma, abadlıq işləri yüksək sürətlə davam edir. Cənab İlham Əliyev da görülən işlər barəsində məlumat verib. Qeyd edilib ki, gözəl, gözoxşayan evlər həm dövlətimizin gücünü, həm də onu göstərir ki, keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmir. Birinci məhəllədə Cəbrayılda çoxmənzilli 33 bina inşa edilib. Burada 712 mənzil inşa edilir. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur. Beləliklə, Cəbrayıl şəhərinin birinci yeni yaşayış məhəlləsi istifadəyə verilir.
Qeyd edilməlidir ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin – sənaye zonalarının (sənaye parkları və məhəllələri) yaradılması və fəaliyyətinin genişləndirilməsi xüsusi önəm kəsb edir.
İşğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, yeni əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin artan potensialı Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak ediblər.
Cənab Prezident hər zaman olduğu kimi, Cəbrayıl ictimaiyyəti ilə görüşü zamanı etdiyi çıxışında da prinsipial mövqe nümayiş etdirərək bəzi dünya güclərinin öz hərbi və iqtisadi potensiallarına arxalanaraq daha kiçik ölkələrin hüquqlarını pozmaq cəhdlərini sərt şəkildə tənqid etdi. Dövlətimizin başçısı Ermənistana bu gün də dəstək verən, onların işğalçılıq siyasətinə bəraət qazandıran bəzi Qərb dövlətlərini gözlərini geniş açmağa və erməni vandalizminin vəhşi əməllərinə diqqətlə baxmağa çağırdı. Bu gün Azərbaycan öz ərazilərini işğaldan azad etdiyi üçün, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdiyi üçün, BMT qətnamələrinin icrasını təmin etdiyinə görə sanksiyalara məruz qoyulur. 30 il ərzində torpaqlarımızı işğalda saxlamış və bu ərazilərdə olmazın cinayətlər törətmiş, beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuş, etnik təmizləmə siyasəti aparmış, Xocalı soyqırımını törətmiş, bütün şəhər-kəndlərimizi viran qoymuş Ermənistana isə milyard dollarlarla yardımlar edilir, bu ölkə yenidən silahlandırılır. Bu davranışlar əlbəttə ki, bütün işğal dövründə Qərb ölkələri tərəfindən yürüdülən ikili standartlar siyasətinin davamıdır. Əgər o dövrdə də ermənipərəst qüvvələr öz istəklərinə nail ola bilmədilərsə, bundan sonra artıq onların hansısa nəticə əldə edə bilmək ehtimalı yoxdur. Azərbaycanın öz maraqlarını, öz təhlükəsizliyini qorumaq və bütün xarici təhdidlərə dərhal layiqli cavab vermək gücünə sahib olduğunu artıq bütün dünya bilir.
Bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq. Bu gün bütün azad edilmiş torpaqlarda, o cümlədən Xankəndidə və Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Əzablı dövr artıq keçmişdə qaldı. Vətəndaşlarımız artıq Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda - bu şəhərlərdə və bir neçə kənddə yaşayırlar. “Böyük Qayıdış” Proqramı uğurla icra olunur.

Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri

Digər xəbərlər