“Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət sayəsində Azərbaycan dünya ölkələri ilə, o cümlədən Rusiya ilə də əlaqələri genişləndirir və daim möhkəmləndirir. Azərbaycanla Rusiya arasında müxtəlif sahələri əhatə edən çoxsaylı müqavilələr, sazişlər də buna sübutdur. Azərbaycan və Rusiya prezidentlərinin keçirdiyi görüşlər, apardıqları müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır. İctimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib”. Bunu Milli Məclisin deputatı Aydın Hüseynov Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı barədə danışarkən deyib.
Deputat bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət dinamika ilə inkişaf edir: “Əmtəə dövriyyəsi 4 dəfədən çox – 4,3 milyard dollardır, Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyası dörd milyard dollardan çoxdur, energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var. Görüşdə bir sıra məsələlərlə yanaşı, energetika sferasında - həm neft-qaz sektorunda, həm də elektrik enerjisi sahəsində vəziyyət, Xəzərdə ekoloji vəziyyət və digər məsələlərə nəzər salınıb, regional təhlükəsizlik müzakirə olunub. Dövlətlər arasında ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Münasibətlərimiz qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. "Azərbaycan ilə Rusiya arasında nəzərdə tutulan layihələr daimi diqqət və nəzarət tələb edir", - deyən Prezident bildirib ki, gündəliyimiz kifayət qədər genişdir və layihələr, xüsusilə avqust ayında Bakıda nəzərdə tutduqlarımız əlbəttə ki, bizim daimi diqqət və nəzarətimizi tələb edir. Prezident İlham Əliyev vurğulayıb ki, Vladimir Putinlə görüş gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün daha bir yaxşı fürsətdir”.