PDF Oxu

Siyasət

  • 1 419

Ötən 21 ildə qazanılan uğurların zirvəsi tarixi Zəfərimizdir ŞƏRH

image

PREZİDENT İLHAM ƏLİYEV: “Bu, elə bir zirvədir ki, əlbəttə, mən bu zirvədə duraraq, təkcə özümü deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm

Xalqımızın yeni əsrdə yeni lideri olan İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür. 2003-2023-cü illər ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub. Bu gün Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş, Azərbaycanın dövlət müstəqilliyinin və dinamik inkışafının qarantı olduğunu əyani şəkildə sübuta yetirmiş İlham Əliyev kimi müdrik, qətiyyətli və mahir siyasətçi rəhbərlik edir.

Azərbaycanın son 21 ilinin mənzərəsini təqdim edərkən 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına müraciətini bir daha xatırlatmaq istərdik: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.»

2003-cü ilin 15 oktyabr tarixində keçirilən seçkilərdə seçicilərin 76 faizdən çoxu cənab İlham Əliyevə səs verdi. Bununla da xalq ulu öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və Azərbaycanda sabitliyin qorunmasına dəstəyini ifadə etdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

Ümummilli Liderin 2003-cü ildə xalqa müraciətində əksini tapan bu fikirlər cənab İlham Əliyevin 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində qələbəsinə, son 21 ildə gördüyü işlərə, Azərbaycanın əldə etdiyi uğurlara, ən əsası dövlətimizin başçısının ölkəmizdə keçirilən prezident seçkilərində dəfələrlə uğur qazanmasına bələdçilik edir. Son 21 ilə qısa baxış fonunda bu ümumiləşdirməni apara bilərik ki, bugünkü Azərbaycan ən yüksək zirvələri fəth etməklə, adını çoxəsrlik tariximizə qalib ölkə kimi yazmaqla ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. 2003-cü ildə xalqın 76,84 faiz səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi bu fikirlər müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Azərbaycana qazandırdığı uğurların aydın mənzərəsini yaradır: “Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanıb. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azəçrbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.”

Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərində yaşadığı xaosdan, anarxiyadan, özbaşınalıqlardan, iqtisadi böhrandan xilas edib bugünkü reallıqlarına yol açan ulu öndər Heydər Əliyevin xidmətlərinin miqyası bu fikri böyük inamla və qətiyyətlə ifadə etməyimizə əsas yaradır ki, bizim sözümüzün imzamız qədər çəkisi vardır. Azərbaycan sabitlik diyarı kimi nüfuz qazandı. Bu sabitlik, eyni zamanda, onun əsas yaratdığı bisnes imkanları Azərbaycana investisiya axınını sürətləndirdi. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasını şərtləndirdi. Məhz bu təmələ əsaslanaraq bu gün Azərbaycan çoxtərəfli əməkdaşlığın əsas iştirakçısı və təşəbbüsçüsü kimi çıxış edir. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf dövrü kimi yazıldı. Möhkəm təməl, xalqının, dövlətinin bu günü, gələcəyi üçün düşünən liderin olması böyük xoşbəxtlikdir. Azərbaycan xalqı bu xoşbəxtliyə layiq olduğunu həm yaşadığı gerçəklikləri ilə, həm də beynəlxalq qurumların hesabatlarında ən xoşbəxt ölkə imicini qazanması ilə sübut edir. Bu xoşbəxtliyi davamlı edən açar isə ulu öndər Heydər Əliyevin 2003-cü il prezident seçkilərində xalqa müraciəti oldu.

Ölkə Prezidenti İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində ifadə etdiyi bu əminliyi bir daha yada salaq: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.”

Dövlət başçısı İlham Əliyevin mətbuata ilk müsahibəsində söylədiyi fikirləri də xatırlamaq yerinə düşər. “Cənab Prezident, artıq Siz and içdiniz, indi ölkənin birinci şəxsisiniz və hansı hissləri keçirirsiniz” sualına cənab İlham Əliyevin cavabı ulu öndər Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində inkişaf edən Azərbaycanın gələcək inkişafının istiqaməti kimi dəyərləndirildi: “Gərək mən ümidləri doğruldam... Qarşımda çoxlu vəzifələr var, çoxlu işlər görmək əzmindəyəm. Bütün bunlar haqqında düşünürdüm... Bu da təbii idi ki, keçmişdə gördüyüm işlər haqqında düşünürdüm. Həyatımın artıq növbəti və elə bil ki, sonuncu mərhələsi başlanır. Çünki bundan yuxarı vəzifə yoxdur. Bu, elə bir zirvədir ki, əlbəttə, mən bu zirvədə duraraq, təkcə özümü deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm. Əlbəttə, bu mənim çiyinlərimə əlavə məsuliyyət yükü qoyur.”

Ölkə Prezidenti İlham Əliyev bu məsuliyyəti uğurlu addımları ilə gerçəkləşdirdi, Azərbaycana biri-birindən əhəmiyyətli uğurlar qazandırdı. Son 21 ildə Prezident İlham Əliyevin təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atdı. “Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik” söyləyən cənab İlham Əliyev bildirir ki, bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq.”

MƏĞRUR, YENİLMƏZ XALQ OLMAĞIMIZLA FƏXR EDİRİK

Bu gün Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünya birliyinin fəal üzvünə çevrilib. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. İqtisadi müstəqillik Azərbaycanın siyasi müstəqilliyini şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyev 44 günlük müharibə dövründə xalqa müraciətlərində, eyni zamanda, 10 noyabr Zəfər tariximiz münasibətilə xalqa təbrikində Qələbəmizdə iqtisadi və siyasi müstəqilliyin rolunu da xüsusi qeyd etmişdir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, ən əsası Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycan Ordusunun döyüş meydanında qələbəsinə yol açdı. Azərbaycan dünyaya sübut etdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur və onların icrası üçün vahid mexanizm olmalıdır. Bu Qələbə dünyanın yeni xarici siyasətinin formalaşmasında, yeni reallıqların yaradılmasında əhəmiyyətli rol oynadı.

Prezident İlham Əliyev Vətən müharibəsi dövründə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Yəqin ki, Qarabağı azad etmək rəhmətlik atanızın vəsiyyətidir. Vəsiyyətini də yeri gəlmişkən Sizdən öyrənmək istərdik. Vəsiyyətini hazırda həqiqətən yerinə yetirirsiniz. Sizi də, Azərbaycan xalqını da Türkiyə xalqı adından təbrik edirik. Atanızın vəsiyyəti barədə nə söyləmək istəyirsiniz” sualını belə cavablandırmışdır ki, hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm: «Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır. Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir.”

Dövlətimizin başçısı bu məqamı xüsusi qeyd etmişdir ki, əlbəttə ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir. Biz buna nail olmaq üçün böyük səy göstərdik. Ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir: «Mənə verilən məlumata görə, inkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Mən əminəm ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq. Ona görə atamın yoluna sadiq qalaraq bu şərəfli missiyanı icra edirik. İnşallah, sona qədər başa çatdıracağıq.”

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan bu missiyanı da şərəflə yerinə yetirdi. Cənab İlham Əliyev daim bildirirdi ki, mən nəyi nə zaman etmək lazım olduğunu bilirəm. Ölkə Prezidenti bütün təzyiqlərə baxmayaraq qətiyyətli mövqeyindən bir addım da belə geri çəkilmədi, işğalçı Ermənistanın baş nazirinin irəli sürdüyü 7 şərtə cavab olaraq yalnız bir şərti qoydu ki, o da torpaqlarımızdan çıxmaları idi. 300-ə qədər yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildikdən sonra diz çökən Ermənistan çıxılmaz vəziyyətdə qaldı. Ya tamamilə məhv olmalı idi, ya da Bəyanata imza atıb məğlubiyyətini etiraf etməli idi. Noyabrın 10-da imzalanan Bəyanat Azərbaycanın 30 ilə yaxın dövrdə gözlədiyi anın dünyaya təqdimatı oldu.

ZƏFƏRİN SƏRKƏRDƏSİ ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVDİR

Noyabrın 8-də, 28 illik həsrətdən sonra Qarabağın ürəyi Şuşanın rəşadətli ordumuz tərəfindən işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsində Azərbaycanın ən mühüm qələbələrindən biri oldu. Müharibədə asan qələbə olmur. Bu Qələbəni 3 minə yaxın şəhidimizin qanı ilə, hərbçilərimizin şücaətləri ilə qazandıq. Şuşanın işğaldan azad olunduğu günün Zəfər Günü, İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixinin Anım Günü kimi təsis edilməsi təsadüfi deyil. Xalqımız Qələbəyə gedən yolu hər zaman xatırlamalı, bu Qələbəni bizə yaşadan şəhidlərimizi heç zaman unutmamalıdır.

Bu Zəfərin Sərkərdəsi isə Ali Baş Komandan İlham Əliyevdir. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti sayəsində xalqımızın nisgilinə son qoyuldu. Azərbaycan tarixinin yeni şərəfli səhifəsi yazıldı. Ali Baş Komandan İlham Əliyev tariximizə Qarabağın xilaskarı kimi daxil oldu. Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı. Aprel döyüşləri bu mifləri darmadağın etdi. 2016-cı il aprelin əvvəlində təmas xəttində işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına qarşı həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç bir zaman barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək. Nəticədə 30 ilin işğalına 44 gündə son qoyuldu. Erməni vandalları layiq olduqları cəzanı aldılar.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu missiyanın əsası Ulu Öndər tərəfindən qoyulmuşdu. O, bütün çıxışlarında qaçqın və məcburi köçkünlərin mütləq öz torpaqlarına qayıdacağını, erməni qəsbkarlığının uzun sürməyəcəyini hər zaman bildirir, hər şeyin zamana ehtiyacı olduğunu vurğulayırdı. Bu gün bu fikir böyük qürur hissi ilə qeyd olunur ki, Ulu Öndər Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdisə, Prezident İlham Əliyev torpaqlarımızın xilaskarı, ərazi bütövlüyümüzü bərpa edib, yenilməz xalq adını özümüzə qaytaran Lider kimi tarixə yazıldı.

ORDULAR MÜDRİK, QƏTİYYƏTLİ SƏRKƏRDƏLƏRİ OLDUQDA QALİB GƏLİR

Dövlət başçısı İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi jurnalistin «Müharibə dövründə liderlər, ali baş komandanlar həmişə diqqət mərkəzində olurlar. Sizin nə dərəcədə sakit, təmkinli və eyni zamanda, inamlı olmağınızı hamı görürdü. Sizin, mən belə deyərdim, qətiyyətiniz, inamınız və təmkinliyiniz nəyə əsaslanırdı? Bu müharibənin tarixən ədalətli olmasını başa düşməyinizə? Sizin Ali Baş Komandan kimi regionda ən yaxşı ordulardan birinə malik olmağınızı başa düşməyinizə? Qarşı tərəfin, yəni, erməni tərəfin “əl-qol atması” fonunda Sizin bu cür müstəsna dərəcədə ləyaqətli, sakit, inamlı davranmağınızın əsası bu idimi» sualına cavabı dövlət başçısının istər 44 günlük Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə nümayiş etdirdiyi qətiyyətin, təmkinin aydın ifadəsini yaradır. «Bu suala dərhal cavab vermək mənim üçün çətindir. Düşünürəm ki, burada yəqin, hansısa xarakteroloji xüsusiyyətlər rol oynayır. Prinsip etibarilə mən təmkinli, sakit insanam. Müsahibələrimdə dəfələrlə demişəm ki, hər bir dövlət xadimi, xüsusən dövlətdə birinci şəxs mövqeyini tutan insan emosiyalarını özünün gündəlik vəzifələrindən kənarda saxlamalıdır» söyləyən cənab İlham Əliyev bildirmişdir ki, hər bir insanın emosiyaları var və təbii ki, biz onları göstəririk. Lakin görünür, uzun illər ərzində mən özümdə bu emosiyaları üstələməyə imkan verən müəyyən keyfiyyətlər yaratmışam. Hərbi əməliyyatlar aparılan dövrdə bir dəfə də provokasiyalara uymadıq: «Hətta ermənilər şəhərlərimizi bombalayanda, uşaqlarımızı və qadınlarımızı öldürəndə də biz Ermənistana eyni şəkildə cavab vermədik, biz onların şəhərlərini bombalamadıq. Hərçənd, bizi coşduran emosiyaları başa düşmək olardı. Biz hərbi cinayətlər törətməmişik. Hərbi əməliyyatın elə ilk günündə mən hərbi qulluqçulara çox sərt göstərişlər vermişdim ki, hərbi cinayətlər törətməyi özünə rəva görənlər ciddi cəzalandırılacaqlar. Düşünürəm ki, sizin söylədiyinizi səciyyələndirən mənim dediyim bu amillər və bir də, əlbəttə, özümün haqlı olmağıma inamımdır.»

Əbəs yerə deyilmir ki, ordular müdrik, qətiyyətli sərkərdələri olduqda qalib gəlir. 44 günlük müharibədə doğma Vətən naminə çarpışan Azərbaycan igidlərinə müdrik, qətiyyətli və rəşadətli Sərkərdə İlham Əliyev bilavasitə özü başçılıq edirdi. Ali Baş Komandanın çağırışları, dönməz qətiyyəti, qələbəyə böyük inamı igidlərimizi qələbədən-qələbəyə qovuşdururdu. Cənab İlham Əliyev əsl fədakarlıq nümunəsi nümayiş etdirməklə uzaqgörənlik, vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq, dönməzlik rəmzinə çevrildi. Nəticədə qazanılan Qələbə Azərbaycanın həm hərbi, həm diplomatik, həm də siyasi müstəvidə Zəfərinin təntənəsidir.

DÜNYA BU GÜN MÜASİR İNKİŞAFIN AZƏRBAYCAN MODELİ İLƏ MARAQLANIR

Ulu öndər Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında münasibətlər qurur. Bu gün dünya Azərbaycanla əməkdaşlığa can atır. Dünya ölkələri, o cümlədən böyük dövlətlər Azərbaycana etibarlı tərəfdaş kimi böyük hörmətlə yanaşır. Bunun nəticəsidir ki, 2011-ci ildə Azərbaycan dünyanın 155 dövlətinin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Bu, qısa zaman kəsiyində qazanılmış çox böyük nailiyyətdir. Azərbaycan, eyni zamanda, BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatının üzvüdür və quruma üç illik sədrlik missiyasını öz üzərinə götürüb. Onu da qeyd edək ki, Azərbaycanın iki il quruma sədrlik dövrünün üç ilə qədər uzadılması təşkilatın üzvlərinin qərarı əsasında olub. Belə ki, ölkəmizin son iki ildə istər İkinci Qarabağ müharibəsi, istərsə də COVID-19 pandemiyası ilə mübarizə dövründə qazandığı uğurlar, atdığı addımlar ona olan etimadın daha da yüksəlməsini şərtləndirdi.

Prezident İlham Əliyevin yorulmaz və məqsədyönlü fəaliyyəti aydın sübut edir ki, dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı kimi xarici siyasəti daim diqqət mərkəzində saxlayır. Dünya bu gün müasir inkişafın Azərbaycan modeli ilə maraqlanır. Bu modelin müəllifi dövlətimizin başçısı İlham Əliyevdir. Doğma xalqının parlaq gələcəyinə hesablanmış müdrik islahatlar həyata keçirən böyük dövlət xadimi İlham Əliyevin - Qurucu Prezidentin inkişafın bütün sahələrini əhatə edən Zəfər yürüşü uğurla davam edir. Son 21 ilin 17 ili ərazi bütövlüyümüzün bərpasına hazırlıq illəri kimi də xarakterizə oluna bilər. Yeganə prbolemimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi idi ki, bu gün artıq onun tarixə qovuşmasını, Dağlıq Qarabağ adlı ərazi vahidinin olmadığını böyük qürur hissi ilə qeyd edirik. Bu gün ölkəmizin həyatında yeni mərhələ- işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri uğurla davam edir. Qarabağımız cənnət məkana çevrilir. Torpaqlarımız sahibinə qayıtdıqları, biz də o torpaqlara qovuşduğumuz üçün qürurluyuq. Zəfərin mübarək, Azərbaycan! Zəfərin mübarək, Azərbaycan xalqı! Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir. Qarşıda bizi Zəfərimizin yaratdığı reallıqlar fonunda daha möhtəşəm uğurlar gözləyir. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər