Prezident İlham Əliyev: "Azərbaycan tərəfi sədr olaraq ölkələr arasında körpülərin qurulmasına çalışır"
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizə növbəti dəfə böyük etimad və böyük hörmətin nümayişidir. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. COP29-a ev sahibliyi etmək qərarı Bakının iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyidir. Artıq COP29-un başlamasına qısa bir zaman qalıb. Bir aydan sonra Azərbaycan beynəlxalq tədbirə ev sahibliyi edəcək. Prezident İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi Azərbaycanın davamlı inkişaf istiqamətindəki qlobal səylərin önündə olma sadiqliyini nümayiş etdirən strateji addımdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podestanı qəbul edərək, COP29 barədə fikir mübadiləsi aparıblar. Ölkəmizin hazırlıq üçün vaxtının az olmasına baxmayaraq, Azərbaycan heyəti tərəfindən yüksək peşəkarlıq nümayiş etdirib. Prezident İlham Əliyev Con Podestanın Azərbaycan tərəfi ilə yaxşı əlaqələr yaratmasını məmnunluqla qeyd edib. COP29-un əhəmiyyətinə toxunan dövlətimizin başçısı bu tədbirin yaxşı nəticələr verəcəyinə ümidvarlığını bildirdi.
Prezident İlham Əliyev bu konfransın keçirilməsi ilə bağlı hazırlıq işlərinə bir ildən də az müddət olmasına baxmayaraq, onun yüksək səviyyədə təşkil olunması və iştirakçı ölkələr arasında konsensusun əldə edilməsi istiqamətində Azərbaycanın böyük səylər göstərdiyini deyib. Azərbaycan tərəfinin sədr olaraq ölkələr arasında körpülərin qurulmasına çalışdığını vurğulayan dövlətimizin başçısı ölkəmizin bir sıra təsisatlarda üzvlüyünün və müxtəlif dövlətlərlə yaxın əlaqələrinin olmasının COP29-da konsensusun qurulması prosesinə töhfə verəcəyinə ümidvarlığını ifadə etdi.
Söhbət zamanı Azərbaycan və ABŞ COP nümayəndə heyətləri arasında yaxşı əməkdaşlığın olduğu vurğulanıb. Bakıda keçirilən COP öncəsi tədbirin vacibliyi qeyd olunub və bu çərçivədə aparılan müzakirələrin qarşıdan gələn COP tədbirinin gündəliyinin müəyyən olunması üçün önəmi bildirilib.
44 günlük Vətən müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin və onun əsasını təşkil edən beş fundamental prinsipin təşəbbüskarının məhz Azərbaycan tərəfi olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir. Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli gündəliyə aid məsələlər də müzakirə olunub.
İQLİM DƏYİŞİKLİYİ İLƏ MÜBARİZƏ
Ölkəmizdə beynəlxalq tədbirlərin təşkili Azərbaycan dövlətinin sülhsevər olduğunu və multikulturalizm siyasətini bir daha dünya ictimaiyyətinə təqdim edir. Beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün ölkəmizə olan etimad Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir. Eyni zamanda, bütün bu tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirir. Beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan COP29-un təşkili baxımından üzərinə düşən vəzifəni layiqincə yermək məqsədi ilə tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi Azərbaycanın davamlı inkişaf istiqamətindəki qlobal səylərin önündə olmasına sadiqliyini nümayiş etdirən strateji addımdır. COP29-a hazırlıqla bağlı isə Prezidentin müvafiq sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb, əlaqədar qurumlar səfərbər edilib.
Bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi təkcə beynəlxalq ictimaiyyətin ölkəmizə etimadının göstəricisi deyil, həm də iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli işlərin aparılması üçün əlverişli fürsət və böyük məsuliyyətdir. COP29-a hazırlıq sürətlə aparılır. Ölkəmizdə hazırlıqla bağlı həyata keçirilən tədbirlər sırasında müxtəlif təşkilatlar tərəfindən təşkil olunan təlimlər də xüsusi rol oynayır.
COP29-a yüksək səviyyədə evsahibliyi edəcək Azərbaycanda hazırlıq işləri geniş vüsət alıb. Ölkəmizdə COP29-un yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülür, lazımi infrastruktur yaradılır.
ENERJİ SİYASƏTİMİZİN PRİORİTETİ
Azərbaycan 1990-cı il ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
Əlbəttə ki, yaşıl enerjinin inkişafı və yaşıl enerjinin dünya bazarlarına çıxışı hazırda Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi uğurumuzda mühüm əhəmiyyət kəsb edir. "Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək", - deyə Prezident çıxışlarının birində bildirib. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasında olduğundan zəngin külək və günəş potensialından istifadə edir. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq planının mühüm tərkib hissəsidir.
Azərbaycanın enerji keçidinə kompleks yanaşması iqtisadi artımın və elektrik enerjisinə artan tələbatın səbəb olduğu dəyişən enerji mənzərəsində özünü göstərir. Mütəxəssislərin qənaətinə görə, ölkənin dayanıqlı enerjiyə diqqəti yaşıl enerjini təşviq edən və istixana qazı emissiyalarını azaldan xarici siyasət təşəbbüsləri sayəsində beynəlxalq miqyasda yayılır. Azərbaycan alternativ enerji mənbələrinə uğurlu keçid nümunəsidir və yaşıl enerjiyə keçidə yönəlmiş innovativ yanaşmaların tətbiqi üzrə regionda liderdir, iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizəyə ciddi töhfə verir.
Dünya qazıntı yanacağından yeni yanacaq növünə doğru keçid prosesindədir. Azərbaycan yaşıl iqlim və yaşıl keçid nöqteyi-nəzərindən qəti siyasi iradə nümayiş etdirir. Neft və qaz sənayesinin modernləşdirilməsi istiqamətində ölkəmizdə atılan addımlar önəmli rola malikdir. Rəqəmsal əsaslı və "ağıllı kənd təsərrüfatı" konsepsiyasının inkişaf etdirilməsi, tullantıların idarə edilməsi, ətraf mühitin, Xəzər dənizinin ekoloji mühitinin və biomüxtəlifliyin qorunması və digər istiqamətlərdə ölkəmizdə həyata keçirilən tədbirlər yüksək dəyərləndirilir.
İQLİM DƏYİŞİKLİYİ İLƏ BAĞLI MƏSƏLƏLƏRİN BAKIDA HƏLL YOLLARI
COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycan platformasında baxılacaqdır. 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulan Azərbaycan beynəlxalq ekoloji təşəbbüslərdə mühüm rol oynayıb. Dubaydakı COP28 sammitində Azərbaycanın yüksək səviyyədə təmsil olunması bunun daha bir təzahürüdür. COP28 sammitində Azərbaycanın fəal iştirakı əlbəttə ki, ölkəmizin qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verməsinə əsaslanır.
"İqlim dəyişikliyi ilə bağlı bu qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması bizim iradəmizi nümayiş etdirir" – deyən Prezident İlham Əliyev bildirib ki, bizim tədbirə ev sahibliyi etmək və bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir.
Bildirək ki, COP28 ötən il Dubayda keçirildi, bu il isə dünyanın gözü COP29-a ev sahibliyi edəcək Bakıda olacaqdır. Bütün dünya ölkələrinin dövlət rəhbərləri bir araya gəlib iqlim dəyişikliyi ilə bağlı məhz Bakıda həll yolları axtaracaqlar. Bu ölkəmiz üçün, onun enerjisi, geosiyasəti üçün son dərəcə vacib bir toplantı kimi əhəmiyyət daşıyacaqdır.
Nəzakət ƏLƏDDİNQIZI