PDF Oxu

Siyasət

  • 1 547

Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük

image

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda böyük inamla səsləndirdiyi bu çağırışı xatırlatmaq istərdik: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.Həmin paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda qaldırılan bayraqlarımız nümayiş olundu. Paraddan çox keçmədi ki, 2020-ci ilin 27 sentyabr tarixində başlanan İkinci Qarabağ müharibəsində rəşadətli ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atdı, dünya hərb tarixinə yeni səhifə yazdı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın hərbi-siyasi qələbəsi və Ermənistanın kapitulyasiyası təsdiqləndi. 44 gündə 30 ilin işğalına son qoyan Azərbaycan bununla bütün sahələrdə mövcud imkanlarını təqdim etdi. Prezident-Xalq-Ordu birliyi, həmrəyliyi şanlı Qələbəmizin əsası oldu. Vətən müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” həm gücümüzü, həm də birliyimizi nümayiş etdirdi. Həmin il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Dövlət başçısı İlham Əliyevin həmin paradda qeyd etdiyi kimi, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir: “Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.Tarixi Zəfərimizdən sonra ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinə doğru irəliləyən Azərbaycan bu məsələni də sülh yolu ilə həll etməyə səy göstərdi. Lakin Ermənistan üzərinə düşən öhdəliyi yerinə yetirməmək üçün hər vasitəyə əl atdı, mütəmadi olaraq hərbi təxribatlar törətdi. Düşmənin bu təxribatları Silahlı Qüvvələrimizin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bir günlük antiterror tədbirlərini həyata keçirməsini şərtləndirdi. Bu tədbirlər nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimizin tam bərpa edilməsi ilə Azərbaycanın həyatında yeni dövr başladı. Sentyabrın 20-si yeni dövrün başlanğıcı oldu.Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.Deputat vurğulayıb ki, bu qürurverici hadisənin məhz “Heydər Əliyev İli”nə, Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyevin Prezidentliyinin 20 illiyinə təsadüf etməsi dövlətimizin başçısının Ümummilli Lider Heydər Əliyevin etimadını doğrultması ilə yanaşı, ata vəsiyyətini tam yerinə yetirməsinin nümayişinə çevrildi. Ulu Öndərin ən böyük arzusu Qarabağı, Şərqi Zəngəzuru, Şuşanı azad görmək idi. Prezident İlham Əliyev Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı müraciətini də Şuşadan etdi, bu ilin 10 may tarixində Şuşa şəhərinə ilk köçən sakinlərlə görüşdü. Ümumiyyətlə, son dörd ilin reallıqlarına diqqət yetirsək görərik ki, hər bir əlamətdar gün, bayramlarımız işğaldan azad edilmiş ərazilərimizdə qeyd edilir. Dövlətimizin başçısı İlham Əliyev ötən ilin 15 oktyabr tarixində Prezidentliyinin 20 ilinin tamamında Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə ucaltdı. Xankəndi şəhərindən müraciətində bildirdi ki, iyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün bu müqəddəs anı yaxınlaşdırırdıq. Bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yerini tutdu. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da geniş coğrafiyada böyük məna daşıyır. Bu illər ərzində artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsini həll etmək üçün güclü siyasi və hüquqi zəmin yaradıldı. Elə bir güclü ordu yaradıldı ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirməyə qadirdir. Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpa edilməsi bunun bariz nümunəsidir.Vüqar Rəhimzadə qeyd edib ki, suverenliyimizin bərpasından, separatçılardan təmizlənmiş ərazilərimizdə Azərbaycan Bayrağının ucaldılmasından ötən bir ildə tariximizə mühüm səhifələr yazıldı. Ötən ilin noyabrında Xankəndidə Vətən müharibəsində əldə edilmiş Zəfərimizin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu məkandan Ermənistana və ona havadarlıq edən dövlətlərə növbəti mesajını ünvanladı: “Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin”.Milli Məclisin deputatı onu da bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu il Novruz tonqalını da Xankəndi şəhərindəki Zəfər meydanında alovlandırdı və bu məkandan xalqımızı təbrik etdi. Bir daha qeyd etdi ki, dördüncü dəfədir bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talış kəndində, 2024-cü ildə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir. Belə bir çağırış da səsləndirildi ki, buradan xalqa təbrikləri çatdırmaq böyük xoşbəxtlikdir. Hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Fəxr edirik ki, özümüz ədaləti bərpa, torpaqlarımızı işğalçılardan azad etdik, gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə özü peşman olacaq.Vüqar Rəhimzadə keçilən yolun qısa təhlili əsasında bu məqamı xüsusi qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev nəyi, necə və nə vaxt etmək lazım olduğunu yaxşı bilir. Azərbaycan addım-addım hədəfə doğru irəliləyir. Hədəflər ardıcıllığı ilə diqqət çəkir. Suverenliyimizin bərpası ilə müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident və parlament seçkiləri keçirildi. Suverenliyimizin bərpasının ildönümündə Prezident İlham Əliyev Xankəndi, Şuşa, Ağdam şəhərlərində oldu, mühüm sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etdi. Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edən dövlətimizin başçısı İlham Əliyev müəllim və tələbə heyəti ilə görüşündə tarixi Zəfərimizə gedən yoldan, suverenliyimizin bərpasından və yaranan yeni reallıqlardan geniş bəhs edərək günümüzün əsas çağırışlarını diqqətə çatdırdı. Bildirdi ki, müharibədən keçmiş ölkə kimi və Ali Baş Komandan kimi müharibənin nəticələrini şərtləndirən amillərə nəzər salaraq, təhlil edərək tam əminliklə deyə bilərəm ki, birinci yerdə milli ruh məsələləridir, mənəvi hazırlıqdır. Təbii ki, peşəkarlıq, qəhrəmanlıq, texniki təchizat - bütün bunlar da vacib amillərdir. Ancaq mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz. 44 gün ərzində bu çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, - müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir! Bu, həqiqətdir. Hər bir qərəzsiz təhlilçi, hərbi ekspert və obyektiv insan bizim bütün bu 44 günlük qəhrəmanlıq salnaməsini təhlil edərək eyni nəticəyə gəlməlidir.Deputat tarixi Zəfərimizin və suverenliyimizin reallıqları əsasında işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərindən bəhs edib. Bildirib ki, bu gün Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. Dövlətimizin başçısı İlham Əliyev “Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik” söyləməklə növbəti hədəfimizin də tezliklə reallığa çevriləcəyinə əminliyini ifadə edir. Hər zaman irəliyə baxan, zamanı qabaqlamağa səy göstərən və buna nail olan Azərbaycan bu gün yeni dövrün hədəfləri ilə dünyanın diqqətindədir.

Digər xəbərlər