"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində yazırdı. Həmin gün 14 oktyabr tarixində 30 ilə yaxın Ermənistanın işğalı altında olan əzəli torpaqlarımız Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad olundu və tariximizdə yeni səhifə yazıldı.
2020-ci ilin 13 oktyabr tarixində Prezident İlham Əliyev Türkiyənin "Haber Türk" telekanalına müsahibəsində "Paşinyanın Şuşada sərxoş vəziyyətdə rəqs etməsi və digər təhqirləri, həqarəti Azərbaycan xalqını haqlı olaraq hiddətləndirdi. Biz onun bu hərəkətlərinin heyfini bu gün döyüş meydanında alırıq, əvəzini çıxırıq. Azərbaycan əsgəri döyüş meydanında göstərir ki, kim haqlıdır, kim haqsızdır. Biz gücümüzü, xalqımızın iradəsini döyüş meydanında göstəririk. Paşinyanın digər təxribatları da cavabsız qalmır və qalmayacaq. Azərbaycan xalqının ləyaqəti bərpa olunur. Şəhidlərimizin qanı yerdə qalmır və qalmamalıdır", - deyə bildirmişdir: "Bu gün azad etdiyimiz şəhərlər, kəndlər Paşinyana və onun kimlərə bizim ən gözəl cavabımızdır. O, artıq anladı ki, kim kimdir. Mən ona xəbərdarlıq etmişdim. Mən ona demişdim ki, bu yol sizi fəlakətə aparacaq. Mən demişdim ki, Azərbaycan xalqının ləyaqəti ilə oynamasın, diqqətli olsun, ehtiyatlı olsun. O zənn edirdi ki, dünya erməniliyi onu müdafiə edəcək, o zənn edirdi ki, böyük dövlətlər gəlib onun yerinə vuruşacaq, bu gün də bunu istəyir".
"2 SAAT YARIM ƏRZİNDƏ MİNDƏN ÇOX MƏRMİ TƏRTƏR ŞƏHƏRİNƏ DÜŞÜB"
Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə bir gündə dəfələrlə zəng etdiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: "O, telefon zənglərinin bir hissəsi mətbuata verildi, bir hissəsi isə verilmədi. Bizdə məlumat var ki, bu son atəşkəsdən sonra da Paşinyan Putinə telefonla zəng etmişdir. Onun bu hərəkətləri, əlbəttə, göstərir ki, bu adam panikaya qapılıb, təşviş içindədir, özünü itirib. Azərbaycan Ordusu döyüş meydanında düşmənə elə sarsıdıcı zərbələr endirir ki, artıq onlar qeyri-adekvat duruma düşüblər".
30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan bu gün döyüş meydanında uduzduğunu aydın dərk etdiyindən beynəlxalq konvensiyalara zidd topladığı silahlarla Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə də mülki əhalinin kompakt yaşadığı ərazilərdə raket zərbələri endirməsi, Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını bir daha ortaya qoymuş oldu. Təbii ki, bu və ya digər amillər Azərbaycanı haqq savaşından çəkindirmir və Azərbaycan Ordusu öz torpaqlarının azad olunması məqsədi ilə müharibəsini davam etdirirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müsahibəsi zamanı Ona ünvanlanan "Cənab Prezident, hazırda Ermənistan Azərbaycanın yaşayış məntəqələrini atəşə tutur. Azərbaycan isə əməliyyat zamanı yalnız hərbi obyektləri hədəfə alır, ancaq Qarabağ bölgəsindəki ərazilərdə əməliyyat həyata keçirir. Amma Ermənistan Gəncəni, Mingəçeviri, Bərdəni, mülki əhalinin yaşadığı digər yerləri hədəfə alır. Bundan məqsəd panika, xaos və qorxu yaratmaqdırmı? Siz hazırda Azərbaycan xalqının bu psixologiyasını necə görürsünüz?" sualını belə cavablandırmışdı: "Bu gün Azərbaycan tam başqa bir ölkədir. Bu gün yeni nəsil yetişib. Müstəqillik şəraitində yeni vətənpərvər, həm mənəvi, həm də fiziki cəhətdən güclü insanlar yetişibdir. Eyni zamanda, yaşlı nəsil də bu gün tam başqa bir dünyagörüşünə malikdir. Dövlətimizin güclü iradəsi var, güclü ordumuz var. Məhz buna görə, bu xain hücumlar bizim iradəmizi qıra bilmədi. Erməni vəhşiliyindən ən çox zərər çəkən Tərtər şəhəridir. Tərtər şəhərinə minlərlə mərmi düşüb. Tərtər balaca bir şəhərdir, Gəncə kimi böyük şəhər deyil. Bu gün səhər mənə verilən məlumata görə, 100-dən çox mərmi səhər saat 7-dən indi saat 10-un yarısıdır, 2 saat yarım ərzində mindən çox mərmi Tərtər şəhərinə düşüb. Amma tərtərlilər bir dağ kimi, bir yumruq kimi dayanıblar, heç bir yerə getmirlər və deyirlər, öldü var, döndü yoxdur. Həmçinin, Ağdamda da, Goranboyda da, Ağcabədidə də, cəbhə xəttinə yaxın olan bütün başqa bölgələrdə də belədir. Onlar düşmənlə üz-üzə yaşamağa öyrəşiblər… bu xain hücumlar bizi zərrə qədər də yolumuzdan döndərə bilməz. Ermənistanın digər bir məqsədi bizi dayandırmaqdır. Onlar zənn edirlər ki, bu xain zərbələr bizi dayandıracaq. Bizi heç kim dayandıra bilməz. Çünki biz haqq yolundayıq, bu yolu davam edirik və uğurla davam edirik. Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik!"
14 OKTYABR - TƏRTƏR, AĞDAM VƏ AĞCABƏDİ RAYONLARI ARTİLLERİYA ATƏŞİNƏ TUTULDU
Vətən müharibəsi dövründə də davam edən Ermənistanın növbəti cinayətləri, mülki əhaliyə qarşı edilən terrorlar çirkin siyasətin məntiqi idi. Belə ki, 2020-ci ilin oktyabrın 10-da Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirləri humanitar atəşkəs elan edilməsi haqqında bəyanat qəbul etmişdi. Lakin Ermənistan Respublikası nəinki buna əməl etməyib, əksinə, oktyabrın 11-də onu ciddi şəkildə pozaraq öz ərazisindən Gəncə və digər şəhərlərimizi "SKAD" tipli raket kompleksindən atəşə tutmuşdu. Bütövlükdə Ermənistanın bu addımı müharibə dövründə mülki əhalinin müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyasının və bu cür silahların mülki əhaliyə qarşı istifadəsini qadağan edən beynəlxalq sazişlərin müddəalarına ziddir. Ermənistanın bu cür silahlarla təchiz edənlər də həmin silahların qanunsuz istifadəsinə görə məsuliyyət daşıyırlar.
Oktyabrın 14-də səhər saatlarından başlayaraq Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulmuşdu. Ermənistanın humanitar atəşkəsi pozmasına baxmayaraq, rəşadətli Azərbaycan Ordusunun hər gün yeni kəndləri və şəhərləri işğaldan azad etməsi bizi Zəfər tariximizə yaxınlaşırdı. Azərbaycan Qalib xalq olduğunu bəyan etdi,
Azərbaycan xalqının torpaq uğurunda savaşı və sonda qələbə tarixinin yazılması ilə nəticələnən 44 günlük müharibə Azərbaycan ordusunun Vətən Müharibəsindəki hünərindən, qəhrəmənamığından qaynaqlanırdı.Sanki hadisələr xronoloji ardıcıllıqla davam edirdi. Beləliklə, Zəfər tariximiz yazıldı. Bu sevincləri yaşadan Azərbaycan əsgəri qəhrəmanlıq simvoluna çevrildi. Döyüşdən qorxub qaçan erməni Azərbaycan əsgəri qarşısında məğlub olduğunu dünyaya göstərdi. "Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik", - deyə bildirən Cənab Prezident torpaqlarımızı ancaq Azərbaycan əsgərinin, Azərbaycan zabitinin azad etdiyini qeyd edirdi: "Sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir". Əlbəttə ki, Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi bu qələbənin qazanılmasında mühüm rol oynadı".
"AZƏRBAYCAN XALQI, İNDİKİ NƏSİL VƏ GƏLƏCƏK NƏSİLLƏR HƏMİŞƏ ŞƏHİDLƏRİMİZLƏ FƏXR EDƏCƏK"
44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Azərbaycanın güclü ordusu, yenilməz ordusu bu tarixi bizlərə yaşatdı.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi.
Təbii ki, bu uğulu yolda necə-neçə oğullarımız canlarından keçdi, şəhidlik zirvəsinə yüksəldilər. Onların qarşısında baş əyirik və Azərbaycan xalqı hər zaman onların xatirəsini yad edəcək. Belə oğulların keçdiyi yollar ərənlik məktəbi olaraq öyrənilir. "Bu gün bu şanlı Qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik", - deyən dövlət başçısı bildirib ki, şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaq: "Azərbaycan xalqı, indiki nəsil və gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcək"
Dünyaya, düşmənə məğrur və yenilməz xalq olduğunu göstərən Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək işğala son qoydu. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti və "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur", - deməsi böyük bir Zəfər tariximizə çevrildi. Bu tarix bu günün və gələcəyin nəsillərinə iftixar yaradan bir gün oldu.
Zümrüd BAYRAMOVA