Siyasət

  • 837

Uğurlu diplomatiyanın Xankəndi Zirvəsi ŞƏRH

image

34 ildən sonra dövlətimiz və xalqımız ən şərəfli günlərini yaşayır, tariximizin qürur doğuran səhifələri yazılır. Artıq ərazi bütölüyümüz tam mərpa olunub. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Bütün bu uğurlar Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir.Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları da prezidentlik fəaliyyətinin 20 ili ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Xüsusilə də, bu gün Qalib Lider, Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfəri zamanı “Qarabağda cənnət yaradacağıq” vədi sözü ilə əməlin bir olmasının göstəricisidir

UĞURLU DİPLOMATİYANIN, SƏBRİN, HƏRBİ QÜDRƏTİN NÖVBƏTİ ZƏFƏRİ – PREZİDENT İLHAM ƏLİYEV XANKƏNDİDƏ AZƏRBACAN BAYRAĞINI QALDIRDI

Göründüyü kimi, işğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin "Dəmir Yumruq" siyasəti ilə 44 gün davam edən və Azərbaycanın tam Qələbəsi ilə nəticələnən Vətən müharibəsi qələbə ilə başa çatdı. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu, Silahlı Qüvvələrimiz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndlərini işğaldan azad etdi. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq...

Uzun illərdən sonra işğaldan azad olunan torpaqlarımızda Ali Baş Komandan, Prezident İlham Əliyev üçrəngli Şanlı Bayrağımız ucaldıldır.

Oktyabrın 15-də Azərbaycan Prezidenti növbəti işğaldan azad olunan torpaqlarımızda - Xankəndində, Xocavənddə, Əsgəranda, Xocalı şəhərində, Sərsəng su anbarının ərazisində, Xankəndi şəhərinin mərkəzində Azərbaycan Bayrağını ucaltdıqdan sonra xalqa tarixi müraciətini etdi. Və bildirdi ki, iyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın: «Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır. Bu illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq».

«GÜCLÜ İQTİSADİYYAT MÜSTƏQİLLİK DEMƏKDİR. MÜSTƏQİLLİK HEÇ VAXT ŞƏRTİ OLMAMALIDIR. ƏSL MÜSTƏQİLLİYƏ NAİL OLMAQ ÜÇÜN GÜCLÜ İQTİSADİYYATIN OLMALIDIR, GÜCLÜ ORDUN OLMALIDIR»

Bu gün Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir. Prezident İlham Əliyev cənablarının "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah" konsepsiyası ilə Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik. Həmçinin, dövlət başçımız çıxışlarında dəfələrlə vurğulayır ki, iqtisadi müstəqillik əldə edilmişdir və biz məhz buna görə siyasi müstəqillik əldə etmişik, beynəlxalq müstəvidə müstəqillik əldə etmişik.

Bəli, Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik".

Prezident İlham Əliyev Xankəndindən xalqa etdiyi müraciətində də bildirdi ki, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır: «Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır».

«BİZ ORDUMUZLA, SİLAHLI QÜVVƏLƏRİMİZLƏ FƏXR EDİRİK, ONLAR BİZİM QÜRUR MƏNBƏYİMİZDİR»

Azərbaycan Prezidenti xalqa etdiyi tarixi müraciətində onu da bildirdi ki, bu gün Xankəndidə olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır: «Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq».

«Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir»,-deyən dövlət başçımız onu da vurğuladı ki, biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir: «Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir».

Bəli, bu gün böyük qürur hissi keçiririk ki, son 20 ildə əldə etdiyimiz bu qələbə və uğurlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən «Güclü ordu - güclü dövlət» strategiyasının və «Dəmir yumruq» əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığının bütün dünyaya nümayişi idi. Bu, həmdə bir daha nümayiş etdirdi ki, güclü, qüdrətli, yüz minlik ordunu heç kim dayandıra bilməz!

«MƏN O VAXT DEMİŞDİM Kİ, NƏYİ, NECƏ, NƏ VAXT ETMƏK LAZIMDIR, ONU MƏN BİLİRƏM»

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəfələrlə çıxşlarında bildirir: "Mən nəyi, nə vaxt və necə etməyi özüm bilirəm". Bəli, dövlət başçımızın qətiyyətinə və prinsipiallığına inanan Azərbaycan xalqının böyük əksəriyyəti şübhə etmirdi ki, Ali Baş Komandan indiyədək bütün vədlərini yerinə yetirib, dediyi sözlərə əməl edib. Və 30 ilə yaxın işğal altında olan torpaqlarımızı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu işğaldan azad etdi.

Bu yerdə Prezident, Ali Baş Komandan İlham Əliyev üç il əvvəl, 2020-ci il iyulun 15-də Nazirlər Kabinetinin iclasında Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmənin törətdiyi hərbi təxribatın qarşısının alınması ilə bağlı çıxışını xatırlatmaq istərdim: «O ki qaldı bizim addımlarımıza, lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıq heç nə demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm... Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik».

Bir sözlə, sözü imzası qədər dəyərli və keçərli olan Azərbaycan Prezidenti İlham Əliyev Xankəndindən xalqa etdiyi tarixi müraciətində də bir daha 2020-ci il noyabrən 10-da nə üçün o vaxt müharibəni dayandırmaqla bağlı fikrini aydın şəkildə bir daha bildirdi: «Xatırlayıram, o vaxt bəziləri sual verirdi: Nə üçün, nə üçün biz o vaxt - noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik. Bu gün bax, burada durarkən bir daha bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da - noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır»

Prezident İlham Əliyev müraciətində onu da vurğuladı ki, Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır: «Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər».

Çünki Azərbaycan xalqı elə bir qələbə qazanıb ki, bu, əbədi bizimlə olacaq: «Həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər».

«BİZ HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNİ ONUN SİYASƏTİNƏ, TARİXİ İRSİNƏ HÖRMƏT GÖSTƏRƏRƏK QEYD EDİRİK»

«Bu il “Heydər Əliyev İli”dir. Biz Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik. Necə qeyd edirik? Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik».

Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən deyib.

Ulu Öndərin yubileyləri ilə bağlı xatirələrini bölüşən dövlətimizin başçısı qeyd edib: “Mən Ulu Öndərin ad gününü (100 illiyini – red.) Şuşada keçirdim. Onun 50 illiyini mən yaxşı xatırlayıram. 1973-cü ildə evdə ancaq ailə üzvləri onu qeyd etdik. Altmış illiyini də xatırlayıram, o zaman Moskvada çalışırdı. Orada da heç bir qonaq yox idi. Yetmiş illiyini Naxçıvanda oraya gələrək atamla birlikdə qeyd etmişdim. Səksən illiyini isə, - artıq sağlamlığı o qədər də yerində deyildi, - Ankarada xəstəxanada, xəstəxananın yeməkxanasında keçirmişik. Ona görə də atamın 100 illiyini bizim üçün böyük rəmzi məna daşıyan, hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etməli idim. Orada Azərbaycan xalqına müraciət edərək öz ürək sözlərimi dedim”.

«Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada olmağım böyük rəmzi məna daşıyır».

Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən səsləndirib: «Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən bütün Azərbaycan xalqıdır, onların davamçılarıdır. Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada olmağım, əlbəttə ki, böyük rəmzi məna daşıyır».

«AZƏRBAYCAN XALQININ ONİLLİKLƏR ƏRZİNDƏ OLAN ARZULARINI ÇİN ETDİK»

Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən söyləyib ki, özünü “prezident” adlandırmış üç təlxək bax, burada (Xankəndidə - red.) oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi. Biz isə təmkinlə hər şeyə yanaşdığımız kimi, bu məsələyə də təmkinlə və səbirlə yanaşırdıq: «Çünki bilirdik ki, biz buraya gələcəyik. Mən bunu bilirdim. Mən düz 20 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqına və özümə o sözü vermişdim. Bəli, biz 20 il gözlədik, daha doğrusu 17 il», - deyən dövlətimizin başçısı xatırladıb ki, üç il bundan əvvəl Şuşada bizim Bayrağımız qaldırıldı.

Prezident İlham Əliyev, həmçinin bildirib: “Ancaq biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda, öz ləyaqətimizi bərpa etmişik».

«Burada (Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin binası – red.) oturmuş özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir. Bu binaların birində oturmuş, özünü “baş nazir” adlandıran bir adam görəsən bu gündəmi bizi hədələməyə cürət edəcək? Onun da çayı bu gün istintaq təcridxanasında verilir»,- deyən dövlətimizin başçısı bildirib: «Burada özünü “xarici işlər naziri” adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə. İndi onun da çayı orada, təcridxanada verilir. Bizim Bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara. Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar!”.

Prezident İlham Əliyev sonda bir daha qürurla bildirdi ki, Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik: «Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!»

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər