Məlum olduğu kimi, 2023-cü ilin 15 oktyabr tarixində Ölkə Prezidenti cənab İlham Əliyev Ağdərə, Əsgəran, Xocalı və Xankəndidə olub, bu ərazilərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırıb. Bu, həqiqətən də çox böyük siyasi, tarixi və mənəvi əhəmiyyət kəsb edən hadisədir. Azərbaycan Bayrağının həmin ərazilərdə dalğalanması uzun illərdir ki, işğal altında qalan tarixi torpaqlarımızın nəhayət ki, azadlığa qovuşması, yenidən dövlətimizin nəzarəti altına keçməsi Vətənimizin, ölkəmizin bütövləşməsi deməkdir. Ümumiyyətlə, Xankəndidə bayrağımızın ucaldılmasını Vətən müharibəsindən sonra dövlətimizin, xalqımızın, Prezidentimizin əldə etdiyi ən böyük nailiyyət hesab edirəm. Düşünürəm ki, eyniylə 8 Noyabr zəfəri kimi 15 oktyabr tarixi də hər zaman xalqımız tərəfindən böyük qürur və məmnunluq hissi ilə xatırlanacaq, Prezidentimizin xalqımız qarşısındakı bu tarixi xidməti əsla unudulmayacaq. Artıq həmin tarixi qürurun ikinci ili tamam olur.
Bu Zəfər xalqımızın illərlə həsrətində olduğu bir qələbədir və biz bu qələbəni qəhrəman oğullarımızın qanı və canı bahasına, eləcə də Ali Baş Komandanımızın qətiyyəti sayəsində qazanmışıq. Cənab Prezident həmin tarixi gün Xankəndində etdiyi çıxışında demişdir: “Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır. Bu illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır. Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik.”
Böyük qürur ifadə edən bu fikirlər tarixi gerçəklik kimi də qiymətlidir. Bəzi təxribatçı qüvvələr Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbənin əhəmiyyətini kiçiltməyə çalışır, faktiki olaraq düşmən dəyirmanına su tökürdülər. Onlar iddia edirdilər ki, Vətən müharibəsindən sonra da bəzi yaşayış məskənləri ermənilərin nəzarətindədir və buna görə də 8 Noyabr zəfəri tam, mükəmməl sayıla bilməz. Halbuki, o zaman da hamıya məlum idi ki, bu ərazilər də Azərbaycanın nəzarəti altına keçəcək və bu torpaqların erməni separatçılarının nəzarətində qalması müvəqqəti haldır. Belə də oldu. Azərbaycan ərazi bütövlüyün və suverenlyini tam təmin etdi.
Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəal üzvü