2003-cü il tarixində dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayan cənab Prezident İlham Əliyev söyləmişdir: “Mən hər bir azərbaycanlının prezidenti olacağam”. Hal-hazırda cənab prezident İlham Əliyev cəmiyyətin böyük rəğbət və etimad göstərdiyi alternativsiz liderdir. Təbii ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır.
15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərinə səfər edən ölkə başçısı nitqində söyləyirdi: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm. Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”. Dövlət başçısının xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu illər ərzində bütün sahələrdə sürətli inkişafa nail olunub. Regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı. Bu gün Azərbaycana ən çox düşmənçilik edən ölkələr o vaxt Ermənistanın yanında oldular. İşğalı dəstəklədilər və ermənilərə bəraət qazandırdılar. 30 il ərzində böyük faciələrlə üz-üzə qaldıq, torpaqlarımız tamamilə dağıdıldı. Çətin dövrdən bu günə qədər keçdiyimiz yol şərəf və ləyaqət yoludur.
Ötən illər ərzində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl işlər görüldü. Məhz buna görə də Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alır. İşğal altında olan torpaqlarımız 2020-ci il tarixində 44 günlük Vətən müharibəsində azad olundu. Həmin ilin 8 noyabr tarixində Şuşa işğaldan azad olduqdan 2 gün sonra, yəni 10 noyabr tarixində düşmən təslim olaraq kapitulyasiya aktına imza atdı. Nəhayət, 2023-cü il tarixində həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qeyri-qanuni xunta rejimi ləğv edildi. Separatçıların əsas rəhbərləri həbs edildi. Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. Ölkə başçısı 15 oktyabr 2023-cü il tarixində Xankəndidə olarkən söyləmişdir: “Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar!”
İşğaldan azad olunan bütün torpaqlarımızda, eləcə də Xankəndidə yenidən quruculuq və bərpa işləri görülür. İnsanlarımız öz torpaqlarına, ev-eşiklərinə sevinc və fəxarət hissi ilə geri qayıdırlar. Erməni vandalları həmin ərazilərimizdə mədəniyyət abidələrimizi və irsimizi də dağıtmışdır. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Artıq mədəni irsimiz də bərpa olunur. Yeni müasir üsullarla yenidənqurma bərpa işləri aparılır.
Müzəffər Ali Baş Komandanın uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, xalqımızı daha güclü, bayrağımızı daha uca etməyə hədəflənib. Bu gün xalqımız da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşib və ona güvənir. Əminəm ki, bu uğurlu strategiyanın nəticəsi olaraq ölkəmiz dünyanın inkişaf etmiş ölkələri sırasında tezliklə yer alacaq.
Nigar Abdullayeva
YAP Yasamal rayon AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini