PDF Oxu

Siyasət

  • 2 348

Bütöv və suveren Azərbaycanın 21 illik tarixi reallıqları ŞƏRH

Bütöv və suveren Azərbaycanın 21 illik tarixi reallıqları ŞƏRH

Prezident İlham Əliyev: "Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır"

Müstəqil Azərbaycan tarixinin ən qüdrətli mərhələsinə yüksələrək bütöv və suverən dövlət olaraq tarixi nailiyyətlərlə zəngin olan məhrələsini yaşayır. 2003-cü ilin oktyabrında xalqın yekdil dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev 21 illik tarixi dövrdə ölkəmizin və xalqımızın həyatına gətirdiyi uğurlardan əminliklə söz açarkən qeyd etməliyik ki, bütün sahələrdə əldə olunan nailiyyətlərin kökündə müdrik siyasət, möhkəm siyasi iradə və xalq-dövlət birliyinin real əsasları dayanır.

Xalqımız 2003-cü ildə 76,8 faiz səslə Cənab İlham Əliyevi özünə Prezident seçdi. 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək, namizədliyini siyasi varisi Cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərkən bildirmişdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Reallaşan kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləri sırasında olan amillərdir. Azərbaycanın dinamik inkişafının göstəriciləri sırasında ardıcıl həyata keçirilən islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilib, sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılıb. Dövlət başçısının dəfələrlə bəyan etdiyi kimi, ölkədə həyata keçirilən siyasətin mərkəzində, məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır. Ölkəmizdə sosial sahədə həyata keçirilən islahatlar miqyasına görə heç bir ölkədə müşahidə olunmur.

Azərbaycan tarixinin səhifəsinə yazılan 7 fevral 2024-cü il ölkəmizdə keçirilən növbədənkənar prezident seçkiləri müdrik xalqımızın yekdilliyi ilə, həmrəyliyi ilə yeni tariximizə möhrünü vurdu. Hamılıqla, həmrəyliklə hər kəs seçki məntəqələrinə üz tutaraq öz tarixi seçimini edərək bir daha inkişafa, tərəqqiyə, sabitliyə, əmin-amanlığa səs verdilər. Bu səs Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi müdrik və uzaqgörən siyasətə verilən səs idi. Bu seçkilər Azərbaycan üçün tam bir demokratik bayram oldu. İlk dəfə seçkilər Azərbaycanın bütün ərazilərində keçirildi. Prezident İlham Əliyev Ulu Öndərimizin gördüyü möhtəşəm işləri qətiyyət və prinsipiallıqla davam etdirərək Azərbaycanın iqtisadi, siyasi, hərbi qüdrətini, nüfuzunu daim artıraraq, xalqın güzəranını və rifahını dönmədən yüksəldərək, ərazi bütövlüyümüzü təmin edərək və suverenliyimizə imza ataraq xalqın alternativsiz Liderinə çevrilib.

ENERJİ TƏHLÜKƏSIZLİYİNDƏ ETİBARLI TƏRƏFDAŞ

Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sırasındadır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın dünyanın inkşaf etmiş ölkələri sırasında nüfuzu, çəkisi olan dövlətə çevirib. Müasir dövrdə Azərbaycan regionun, Avropanın və ümumilikdə, dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən bir ölkədir. Beynəlxalq təşkilatlar regiondakı bütün layihələrdə Bakının mövqeyini nəzərə alır və həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, regionda xüsusi çəkiyə sahibdir. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Bu gün dünya dövlətləri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək mərhələdədir. Mərkəzi və Şərqi Avropa ölkələri ilə müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq Azərbaycanın xarici siyasətinin məntiqidir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən prioritet sahələrin inkişafının təmin edilməsinə hesablanan islahatlar qlobal miqyasda meydana çıxan yeni çağırışları, cəmiyyətin sosial sifarişlərini əhatə edir. Ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi, bir çox ölkələrlə çox səmərəli, işgüzar, ikitərəfli münasibətlərin qurulması, eləcə də Azərbaycanın çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarı qismində çıxışı dövlətimizin uğurla xarici siyasət yürütməsinin təzahürüdür. Avropa və Avropa İttifaqı ölkələri ilə münasibətlər, yeni sazişlərin imzalanması mövcud əlaqələrin daha da yüksəlməsinin təzahürüdür.

Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunması onun dünya miqyasında artan nüfuzundan və uğurlu xarici siyasətindən xəbər vermiş oldu. Dünyanın 155 ölkəsi Azərbaycana səs verdi. Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir.

Dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırmasında bir həqiqət var. Ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Azərbaycan dünyanın əsas enerji-kommunikasiya mərkəzlərindən birinə çevirildi. Yaradılan logistika imkanları dünya iqtisadiyyatı üçün ölkəmizin önəmini daha da artırdı. Bölgədə, Avrasiya məkanında həyata keçirilən layihələr önəm daşıyır və ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Bir sözlə, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, mühüm tranzit qovşağı kimi beynəlxalq aləmdə tanınır.

Azərbaycan regionun lider dövləti kimi bölgədə əsas söz sahibinə çevrildi. Ölkəmiz daha da yüksələn beynəlxalq nüfuzu, proseslərə təsir imkanları ilə qlobal təşkilatlardakı fəaliyyətini daha da genişləndirdi. Qlobal miqyaslı bir çox məsələlərdə təşəbbüsü öz üzərinə götürdü. Azərbaycan dövlətinin son onilliklərdə BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsindəki uğurlu fəaliyyəti və digər institutlarla güclənən tərəfdaşlıqları, müxtəlif dünya dövlətləri ilə qurduğu ikitərəfli faydalı əlaqələr cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin təntənəsidir.

ZƏFƏR QAZANMIŞ AZƏRBAYCAN DAHA UĞURLU GƏLƏCƏYƏ DÖĞRU

Bugünkü Azərbaycan reallıqları deməyə əsas verir ki, sabitlik, təhlükəsizlik və inkişaf 21 illik tariximizi xarakterizə edən əsas amillərdir. Əlbəttə ki, güclü dövlət və güclü Liderlik bizə Zəfərimizi yaşatdı. 30 ilə yaxın işğalda olan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olundu. Xalq-iqtidar birliyi, ordu quruculuğu burada önəmli faktor olduğunu qeyd etməliyik. Zəfər qazanmış Azərbaycanı daha uğurlu gələcək gözləyir.Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır. "Dəmir Yumruğu"n yaratdığı yeni reallıqlarla hər kəs hesablaşmalıdır. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji bölgələri elan edib və həmin ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı nəzərdə tutulan layihələr icra olunmaqdadır. Vurğulamaq yerinə düşər ki, Azərbaycanın yaratdığı yeni reallıqlar regional sülh, sabitlik, təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir. Qarabağ Zəfəri sayəsində regionda yaranmış yeni geosiyasi vəziyyət region dövlətlərlə yanaşı, Avrasiya məkanında sülh və inkişafa yol açır. Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Bu, türk dünyasını, Avropanı, eləcə də qonşu dövlətləri birləşdirəcək layihədir.

Qətiyyətlə deyə bilərik ki, ötən 21 il ərizində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən ölkəsi kimi yüksək imicə sahibdir.

Əlbəttə ki, qazandığımız uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, siyasi iradəsinin təzahürüdür. Ölkəmizə rəhbərliyi dövründə Prezident İlham Əliyev ordu quruculuğu siyasətini uğurla davam etdirdi. Azərbaycanın sosial-iqtisadi nailiyyətləri bu istiqamətdə işlərin geniş miqyasda aparılmasına imkan verdi. Azərbaycan Prezidentinin müasir ordu quruculuğu istiqamətində atdığı məqsədyönlü addımlar, həyata keçirdiyi kompleks tədbirlər qısa zamanda ordumuzu dünyanın ən qüdrətli orduları sırasında qərarlaşdırdı. 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi Zəfərini yazdı. Ermənistanın illərlə öz ordusu haqqında uydurduğu saxta miflər darmadağın edildi. Əzəli-əbədi yurdlarımızda dövlət bayrağımız ucaldıldı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu Qələbə ilə regionda yeni rellıqlar yaratdı. Ötən ilin sentyabr ayında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Qarabağdakı erməni separatçılarının cəmi 23 saat davam edən antiterror tədbirləri ilə darmadağın və tərk-silah edilmələri göstərdi ki, Azərbaycan Prezidenti dövlətimizi, xalqımızı yalnız qələbədən-qələbəyə aparır.

“BİZ BÖYÜK QAYIDIŞ PROQRAMININ BİRİNCİ MƏRHƏLƏSİNİ 2026-CI İLİN SONUNDA BAŞA ÇATDIRACAĞIQ”

Hərb meydanında sözünü deyən Azərbaycan bu gün quruculuq meydanında da imza atdığı lahiyələri ilə sözünü deyir. İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. Təbii ki, Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Önəmli vəzifələrdən biri olan Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi olduğunu bildirən Cənab Prezident çıxışlarının birində görülən işlərin sürətlə aparılmasını tarixdə görünməmiş bir hadisə olduğunu bildirib: "Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq".

Zəfərdən dörd il zaman ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərimizdə abadlıq və quruculuq işləri uğurla və davamlı şəkildə həyata keçirilir. Keçmiş məcburi köçkünlər öz əzəli torpaqlarına, doğma diyarlarına qayıdırlar. Bu gün işğaldan azad olunan ərazilərimiz abadlıq-quruculuq meydanına çevrilib. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. "Bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü, - 40 tunel və 90 körpü, - inşa edilir. Yəni, bu, sadəcə olaraq işin miqyasını göstərir, bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq. Yəni, geniş quruculuq işləri görüləcək. Əlbəttə ki, köçkünlər üçün yeni evlər, bütün müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış yerləri qurulacaq və tarixi şəhərlərimizin tarixi siması bərpa ediləcək" – deyə dövlət başçımız bildirib.

SAĞLAM MALİYYƏ SİSTEMİMİZİN GÖSTƏRİCİLƏRİ

Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə səfər etməsi və bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi görülən işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Bütün bunlar Cənab Prezidentin düşünülmüş siyasətinin məntiqi nəticəsidir. İnkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir. "Bütün bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir" - deyən Prezident diqqətə çəkib ki, müqayisə üçün deyə bilərəm ki, 2003-cü ildə bizim ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır: "Bizim 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır". Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb, bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. "İnkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, bəlkə də 140 faiz təşkil edir, bizdə isə 9 faizdən az. Yəni, bu, nəyi göstərir? Bizim sağlam maliyyə sistemimizin göstəriciləridir və bu, bizə imkan verir ki, biz müstəqil siyasət aparaq. Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır", - deyə Prezident bildirib.

Ötən iyirmi bir il aydın şəkildə göstərdi ki, İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısını yerinə yetirmiş və sosial problemləri həll etmişdir. Əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər