“Azərbaycan Prezidenti cənab İlham Əliyev MDB Dövlət Başçıları Şurasında çıxışı zamanı bildirdi ki, ölkəmiz MDB çərçivəsində əməkdaşlığa böyük önəm verir. Azərbaycan Prezidenti xüsusilə Azərbaycan-Rusiya əlaqələrinə toxundu, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərini xatırlatdı. Bu səfər çərçivəsində əldə olunmuş razılaşmalara əməl olunması iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etməsinə xidmət edir. Avqust ayının 18-19-u tarixlərində Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycana dövlət səfərini həyata keçirdi, bu səfər bir daha nümayiş etdirdi ki, iki ölkə arasındakı münasibətlər müttəfiqlik fəaliyyətinin prinsiplərinə uyğun qurulur. Azərbaycanla Rusiya arasında siyasi münasibətlər davamlı olaraq inkişaf edib, bu mənada hər iki ölkə liderinin səmimi dostluq münasibətləri təsirli amil rolunda çıxış edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.O bildirib ki, Azərbaycan Prezidentinin Azərbaycan-Rusiya münasibətlərinin regionda və daha böyük coğrafiyada təhlükəsizliyin təmin olunması baxımından çox təsirli amil olduğunu vurğulayıb: “Rusiya rəhbərliyinin də analoji yanaşmasını hər zaman müşahidə edirik. Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi də əhəmiyyəti son illərdə xüsusilə artıb. Bu göstərici 4.3 milyard dollara çatıb, bunu Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı bildirib.İki ölkə arasında əməkdaşlıq sistemində özünü büruzə verən cəhətlərdən biri də ondan ibarətdir ki, Azərbaycanla Rusiyanın regionları arasında çox dinamik əməkdaşlıq mövcuddur. Belə ki, Rusiya regionları Azərbaycanla əməkdaşlığa xüsusi önəm verirlər. Təsadüfi deyil ki, bu gün 60-dan yuxarı Rusiya Federasiyasının regionları Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq edirlər. Sözsüz ki, bu da dövlətlərarası əməkdaşlığa öz müsbət töhfəsini verir.Azərbaycan Prezidenti MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı ikinci dünya müharibəsindəki qələbəyə toxundu və qeyd etdi ki, 9 May tarixi MDB çərçivəsində əməkdaşlığın inkişafına təsir edən amildir. Bu bizim qələbəmizdir və Azərbaycanın bu qələbəyə verdiyi töhfə mühümdür. Eyni zamanda dövlət başçısı COP29-a ölkəmizin ev sahibliyi edəcəyi məsələsinə də bir daha toxundu. Bütün bunlar bir daha nümayiş etdirir ki, Azərbaycan MDB-yə üzv ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlər kontekstində əməkdaşlığın inkişafına önəm verir. Eyni zamanda MDB platformasında Azərbaycan kifayət qədər nüfuza malikdir. Bunu digər ölkələrin Azərbaycana münasibətində də aydın müşahidə etmək mümkündür”.
Müəllif: Səbinə Hüseynli