44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən üç il sonra Azərbaycan xalqı növbəti zəfərin sevincini yaşadı. Belə ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin ötən ilin 19-20 sentyabr tarixlərində həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa edildi. Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Dövlət başçısı İlham Əliyev oktyabrın 15-də Azərbaycan Bayrağını Xankəndidə ucaltdıqdan sonra xalqa müraciətində bir daha Zəfərə gedən yolumuzu geniş təhlil edərək böyük qürur hissi ilə qeyd etdi ki, bu gün burada, Xankəndidə Azərbaycan Bayrağı altında olmaq böyük xoşbəxtlik və tarixi hadisədir.
Arzuları gerçəkliyə çevirən Prezident İlham Əliyevin Azərbaycan Bayrağını bu məkanlarda ucaldarkən keçirdiyi qürur hissi xalqa müraciətində söylədiyi “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək” fikirlərində özünün aydın ifadəsini tapdı. Müzəffər Ali Baş Komandan bu məkandan belə bir mesajı da ünvanladı: “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın.”
Azərbaycan Bayrağının Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə dalğalandığı 15 oktyabr 2023-cü il tarixdən ötən bir ildə bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilib. Ötən il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirildi. Bu ilin Novruz tonqalı Xankəndi şəhərində Zəfər meydanında alovlandırıldı. 28 May-Müstəqillik Günündə Xocalı şəhəri sakinlərinə qovuşdu. Tariximizin qürur səhifələrini xeyli vərəqləyə bilərik. Bütün bunlar bu torpağın sahibi olan Azərbaycan xalqının necə qurucu xalq olduğunu nümayiş etdirir. Bu ilin qürurverici hadisələri sırasında cənab İlham Əliyevin müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən 7 fevral prezident seçkilərində ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verməsi oldu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə keçirilən hərbi paradda qeyd etdiyi kimi, biz istədiyimizə nail olduq, beynəlxalq hüququ, tarixi ədaləti, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü. Bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın.
44 günlük İkinci Qarabağ müharibəsində tariximizə yazılan zəfər səhifələrindən biri də oktyabrın 17-sində Füzuli şəhərinin işğaldan azad edilməsi oldu. Prezident İlham Əliyevin Sərəncamı ilə bu tarix Füzuli Şəhəri Günü kimi qeyd edilir. Bu sənəd Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən addımlar sırasındadır. Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il Füzuli rayonuna səfər etdi, Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Həmin görüşdə “Mənim yadımdadır, füzulililərlə və digər rayonlardan olan keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə, xüsusilə yeni şəhərciklərin açılışı tədbirlərində deyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Biz çalışırıq və çalışacağıq ki, sizin yaşayış səviyyənizi yaxşılaşdıraq, həyatınızı müəyyən dərəcədə yüngülləşdirək, ancaq bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar azad olunandan sonra Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada daha gözəl evlər tikiləcək, daha gözəl şərait yaradılacaq. Bax, bu gün gəldi, artıq bu, gerçəkdir, bu, reallıqdır. Füzulinin yeni siması göz oxşayır” fikirlərinin davamı olaraq bu reallığı da diqqətə çatdırdı ki, bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir və bunu təkcə mən yox, bir çox beynəlxalq ekspertlər qeyd edir.
İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin soydaşlarımızın qayıdışı ilə müşayiət olunması hər birimizi sevindirir. Dövlət başçısı İlham Əliyev füzulilərlə görüşündə “Şadam ki, gənc nəsil də - füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Onlar bu torpaqlar barədə ancaq sizin onlara danışdıqlarınızı ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq» söyləyərək bu məqama da xüsusi diqqət yönəltmişdir ki, işğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr illər keçdikcə Azərbaycan xalqının öz torpaqlarını unudacağını, gənc nəslin tamamilə başqa bir tərzdə tərbiyə alacağını düşünürdülər. Qloballaşan dünya haqqında bir çox fərziyyələr irəli sürülürdü. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var, biz nə qədər doğma diyara bağlıyıq.
Füzuli rayonunun timsalında bütün işğaldan azad edilmiş ərazilərimizdə görülən işləri aydın mənzərəsini təqdim etmək mümkündür. Xalqımız tam əmindir ki, dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində sahibinə qovuşan bütün torpaqlarımız cənnət məkana çevriləcək. Böyük Qayıdış Proqramı uğurla başa çatacaq. Azərbaycanın iqtisadi imkanları bu hədəfə yüksək səviyyədə və zamanında nail olmağa əsas verir. Reallıq budur ki, istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində arzuları çin oldu.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri