Siyasət

  • 442

Müstəqil dövlətimizin nailiyyətləri, zəfərləri davamlı olacaq - Pərvin Kərimzadə

image

“Oktyabrın 15-də Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərində Azərbaycanın üçrəngli bayrağının ucaldılmasınının bir ili tamam olur. Bu sevnci və qüruru xalqımıza Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev yaşatdı. Prezident İlham Əliyevin uzaqgörən, prinsipial və milli maraqlara əsaslanan siyasəti nəticəsində dövlətimiz və xalqımız qarşıya qoyduğu müqəddəs vəzifələrin yerinə yetirilməsinə - ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinə nail olub”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, ötən il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri Azərbaycan Ordusunun gücünün növbəti təzahürü oldu. Hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərərərək qarşıya qoyulan vəzifəni layiqincə yerinə yetirdi. Cəmi bir gün davam edən antiterror tədbirlərinin nəticəsi olaraq separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. 23 saatlıq antiterror tədbirləri nəticəsində bütün Qarabağda suverenliyimiz tam bərpa edilib. Eyni zamanda, separatçı rejimin kökü kəsilib.

Millət vəkilinin sözlərinə görə, Qarabağ ərazisində suverenliyimiz lokal xarakterli əməliyyatların nəticələrinə uyğun olaraq tam təmin ediləndən sonra Azərbaycan cəmiyyəti Xankəndidə və digər ərazilərimizdə bayrağımızın ucaldılmasını səbirsizliklə gözləyirdi. Nəyahət, o şərəfli və tarixi gün də gəldi. Nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızın ucaldılmasının sevincini bizlərə tarixi gündə - Prezident seçilməsinin 20-ci ilinin tamam olduğu 15 oktyabr 2023-cü ildə yaşatdı.

Pərvin Kərimzadə xatırladıb ki, hələ 44 günlük Vətən müharibəsi 10 noyabr üçtərəfli Bəyanatın imzalanması ilə sona çatanda da bəziləri “Niyə Xankəndi, Xocalı, Ağdərə, Xocəvənd alınmadı?” deyə sual edirdilər. Prezident İlham Əliyev Xankəndi şəhərində üçrəngli bayrağımızı ucaltdıqdan sonra xalqa etdiyi müraciətdə bu məqama toxunub: “Xatırlayıram, o vaxt bəziləri sual verirdi: Nə üçün, nə üçün biz o vaxt - noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik. Bu gün bax, burada durarkən bir daha bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da - noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır”. Əlbəttə, Vətən müharibəsindən keçən illər ərzində baş verən hadisələr dövlət başçısının nə qədər uzaqgörən siyasətçi və strateq olduğunu bir daha təsdiqlədi. Oktyabrın 15-də Xankəndidə Azərbaycan bayrağının qaldırılması ilə Azərbaycan ərazilərində separatizmin bütün forma və təzahürlərinə, simvolikasına faktiki olaraq son verildi və onun “liderləri”ə layiq olduqları yerin istintaq təcridxanası olduğu xatırladıldı. Bu, həm də xarici dairələrə, eləcə də fikrindən revanşizm xəyalları keçirənlərə güclü mesaj idi ki, Azərbaycan hər nə bahasına olur-olsun öz ərazilərindən əsla vaz keçməyəcək və bu cür fəaliyyətlər gec-tez ən rəzil məğlubiyyətlə üzləşəcəklər.

Prezident İlham Əliyev Xankəndi şəhərində xalqa müraciəti zamanı “Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir”-deyə vurğulayıb.

Deputat deyib ki, Ermənistan tarixi şəhərimiz olan Xankəndini 30 il ərzində sözün əsl mənasında separatizm mərkəzinə çevirmişdi. Burada qanunsuz “prezident”, “parlament” seçkiləri keçirilir, hansısa vəzifələr təsis edilir və Azərbaycan əleyhinə bəyanatlar səsləndirilirdi. Xankəndidə yuva salan separatçılar o qədər “cəsarətlənmişdilər” ki, onlar Bakıya tanklarla gələcəklərini bildirirdilər. Bəli, onlar Bakıya gəldilər. Ancaq cinayət məsuliyyətinə alınmaq üçün. İndi Bakıda zamanında Ermənistan ordusuna məxsus olan tanklar da var. Ancaq onlar qənimət götürülərək Azərbaycan paytaxtına gətiriliblər.

Hazırda Xocalıda bayrağımızın dalğalanması “miatsum” xəstəliyinə tutulmuş ermənilər üçün tarixin daha bir ironiyasıdır. Ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə burada azərbaycanlılara qarşı soyqırım törətdilər. Şəhər bir neçə saatın içində tamam məhv edildi, uşaqlara, qadınlara, qocalara belə aman verilmədi. Xocalı yarası hər bir azərbaycanlının qəlbini göynədir, qaysaq bağlamırdı. Prezident İlham Əliyev 15 oktyabrda Xocalıda da üçrəngli bayrağımızı ucaltdıqdan sonra soyqırımı qurbanlarının, bütün şəhidlərimizin ruhları rahatlıq tapdı. Artıq bu torpaqlara həyat qayıdıb. İnsanlar doğma yurdlarına dönürlər. Bütün bunlar tarixi anlardır. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin liderliyi ilə müstəqil dövlətimiz bundan sonra da yeni-yeni nailiyyətlər, zəfərlər qazanacaq.

Digər xəbərlər