YAP Tərtər rayon təşkilatı bildirir ki, YAP Tərtər rayon təşkilatının inzibati binasında “Elektrik enerjisindən qənaətlə istifadənin təbliği” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən YAP Tərtər rayon təşkilatının Tədbirlər Planına uyğun olaraq Yeni Azərbaycan Partiyasının İnzibati binasında “Elektrik enerjisindən qənaətlə istifadənin təbliği” mövzusunda maarifləndirmə xarakterli görüş keçirilib.
Görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Zabil Paşayev, rayon gəncləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
YAP Tərtər rayon təşkilatının və Tərtər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Zabil Paşayev çıxış edərək təbii sərvətlərdən biri olan elektrik enerjisinin insan həyatında mühüm rolunun olduğunu bildirib, təbii sərvətlərin tükənən olmasını nəzərə çatdıraraq təcrübələr tətbiq etməklə enerjiyə və kommunal ödənişlərə qənaət etməyin mümkünlüyündən danışıblar.
Bildirilib ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair 5 milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyənləşdirilib. Ölkəmizdə artıq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, həmçinin dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin reallaşdırılması tədbirlərinin həyata keçirilməsinə başlanılıb.
Azərbaycanın xüsusilə son 30 ildə işğal altında olan torpaqlarında ekosistem dağıdılmış, ətraf mühit müxtəlif çirklənmələrə məruz qalıb. İşğal dövründə həmin ərazilərdə su mənbələrindən kortəbii istifadə, meşə və qiymətli ağac növlərinin kütləvi məhv edilməsi, fauna-flora balansının pozulması ölkəmizə yüz milyonlarla dollar həcmində ekoloji ziyan vurub.
Sonda çıxış edənlər tədbir iştirakçılarına evdə və iş şəraitində istifadə olunan məişət texnikası və elektrik cihazlarından səmərəli istifadə etməklə enerjiyə qənaət etməyin vacibliyindən bəhs ediblər.
E.G.Əsədov
YAP Tərtər rayon təşkilatının sədri