PDF Oxu

Siyasət

  • 837

16 oktyabr 2020-ci il: QƏLƏBƏDƏN-QƏLƏBƏYƏ ŞƏRH

image

Prezident İlham Əliyev: "Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayırlar"

"Azərbaycan Ordusu Xocavənd rayonunun daha üç kəndini işğaldan azad edib. Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 oktyabr 2020-ci il tarixində özünün rəsmi “Twitter” səhifəsində yazırdı.

Həmin gün Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verən Azərbaycan Prezidenti Ermənistanın təxribatlara əl ataraq terror aktları törətdiyini bildirirdi: " əTəəssüf ki, mülki şəxslər arasında insan itkisi davam edir, artıq 47 nəfər oldu və 222 mülki şəxs yaralandı, 2 minə yaxın ev ya tamamilə dağıldı, ya da ki, böyük ziyan gördü. Mən bunu demişdim, biz bu insanların qisasını döyüş meydanında alacağıq. Biz heç zaman mülki şəxslərə qarşı atəş açmamışıq, bu gün də açmırıq, baxmayaraq ki, Gəncəyə, Tərtərə hücumlar oldu. Bu gün səhər saat 6-dan 8-ə qədər, - indi saat 9:10-dur, - Tərtər, Ağdam, Goranboy və digər rayonlara 220-dən çox mərmi düşüb. Yəni, bu namərd hücumlar davam edir. Onların əsas hədəfi mülki şəxsləri öldürmək, Azərbaycan əhalisi arasında panika, qorxu yaratmaq, bizi dayandırmaq və öz çirkin niyyətlərinə çatmaqdır. Ancaq görürlər ki, bu, alınmır və nə qədər mərmi düşürsə-düşsün Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayırlar və bütün bu çətinliklərə dözürlər. Onları birləşdirən bir amal var - Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması və ərazi bütövlüyümüzün bərpa edilməsidir". 44 günlük vətən müharibəsində insanlar bu amal ilə yaşadılar və Zəfər günə qədər qələbə soranları onları tərk etmədi. Hər gün QƏLƏBƏ!!!

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının ərazilərini atəşə tutmaqda davam edirdi.

Azərbaycanın yaşayış məntəqələrinə raket zərbələri endirilməsi Ermənistan rəhbərliyinin siyasi və hərbi acizliyinə dəlalət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının uğurlu olması açıq-aşkar görünürdü.

Azərbaycan hərbçiləri işğal altında olan əraziləri "addım-addım" azad edirdi.

Oktyabrın 15-i gün ərzində və 16-na keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti yenə də gərgin olaraq qalırdı. Düşmən işğaldan azad edilmiş Cəbrayıl və Hadrut istiqamətlərindəki bölmələrimizin mövqelərini və cəbhə xəttinə yaxın kəndləri dünən gün ərzində raket, artilleriya və minaatanlardan atəşə tuturdu.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyət nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 avtomobil texnikası məhv edilib və sıradan çıxarılmışdı. Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi şəkildə fərarilik halı qeydə alınmıışdı.

"MƏN PREZİDENTİMİ SEVİRƏM!"

Həmin zamanlarda Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, eləcə də qardaş Türkiyənin vətəndaşları Prezident, Ali Baş Komandan İlham Əliyevə məktublar yazmaqda davam edirdilər. Məktublarda Azərbaycan Prezidenti başda olmaqla, şanlı Ordumuzun qazandığı zəfərlərə görə təşəkkürlər edilirdi. Bakı şəhər sakini İntizam Məmmədov yazırdı: “Hörmətli Prezidentimiz, mən Ordumuzun qələbələrinə çox sevinirəm. Anam isə sevincindən ağlayır. Əziz Prezidentimiz, mən də əsgər olmaq istəyirəm. 12 yaşında olmağıma baxmayaraq, mən də ön cəbhəyə getmək, Vətən uğrunda döyüşmək istəyirəm. Şəhidlərimiz tarixə düşür, mən də tarixə düşmək istəyirəm. Vətənimi, Azərbaycanı anam qədər sevirəm. Qardaşlarımı vuruşan görəndə, mən də onların yanında olub, kömək etmək istəyirəm. Bunun üçün mən balaca deyiləm. Erməniləri Sizin dediyiniz kimi, “iti qovan kimi” qovmaq istəyirəm. Mən Vətənimi sevirəm! Mən torpağımı sevirəm! Mən Prezidentimi sevirəm!”. Başqa bir məktubda isə belə yazılırdı: “Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə qüdrətli Ordumuzun işğal olunmuş torpaqlarımızı azad etməsi xəbərləri bütün vətəndaşlar kimi biz ruhanilərin də böyük sevincinə səbəb oldu. Rəşadətli Ordumuzun bu minvalla Şuşada üçrəngli bayrağımızı dalğalandıracağı gün çox yaxındadır. Cənab Prezident, ehtiyac yaranarsa, biz ruhanilər də müqəddəs torpaqlarımızın mənfur düşmənin tapdağından azad edilməsi uğrunda canımızla, qanımızla döyüşməyə hazırıq. Sizin kimi Ali Baş Komandanımız olduğuna görə fəxr edirik. Bu haqq işimizdə Allah Sizi, millətimizi və dövlətimizi qorusun!”.

"Azad edilmiş torpaqları hesablamaq o qədər də çətin məsələ deyil, halbuki hər gün bu, dəyişir. Dünən mən yeni altı kəndin işğaldan azad edilməsi xəbərini Azərbaycan xalqına çatdırdım. Ondan əvvəlki gündə daha çox sayda kəndlər azad edildi. Bu proses davam edir. Demək olar ki, hər gün biz yeni əraziləri işğaldan azad edirik, hər gün yeni strateji yüksəklikləri azad edirik. Ona görə bu rəqəmlər dəyişir. Ancaq bu gün rəsmi qaydada verilən məlumat deməyə əsas verir ki, hansı bölgələr azad edildi.

İndi bu xəritədə, misal üçün, Hadrut yoxdur. Artıq Hadrut bizdədir. Füzulinin ətrafında kəndlərin mütləq əksəriyyəti bizdədir. Artıq Füzuli bizim gözümüzün qabağındadır. Ondan sonra cənub istiqamətində də irəliləmişik. Şimalda Murovdağ mövqeləri bizdədir, Suqovuşan bizdədir. Yəni, bütün istiqamətlər üzrə böyük uğurlar əldə etdik və bu proses davam edir. Hesab edirəm və əminəm ki, Azərbaycan xalqı bunu diqqətlə izləyir. Xüsusilə o kəndlərin sakinləri ki, o kəndlər işğaldan azad edilir, onlar üçün əlbəttə, bu, tarixi günlərdir", - deyə Prezident müsahibəsində bildirmişdir.

"SİNƏSİNİ QABAĞA VERƏRƏK, HEÇ NƏDƏN QORXMAYARAQ, ƏLİNDƏ BAYRAQ, ƏLİNDƏ SİLAH DÜŞMƏNİ QOVAN DA ƏSGƏRDİR"

Dünyanı öz qüdrəti ilə təəccübləndirən Azərbaycan tarixdə misli görünməmiş bir tarix yazdı. Azərbaycan xalqı şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Dünyaya, düşmənə məğrur və yenilməz xalq olduğunu göstərən Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək işğala son qoydu. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti və "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur", - deməsi böyük bir Zəfər tariximizə çevrildi. Bu tarix bu günün və gələcəyin nəsillərinə iftixar yaradan bir gün oldu. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndini, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi. Eləcə də Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklərimiz erməni işğalçılarından azad olundu. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilsə də Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli siyasi iradəsini ortaya qoymuş oldu. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibəsində ölkəmizin haqq mövqeyini dünyaya çatdırmış oldu.

Azərbaycan xalqının torpaq uğurunda savaşı və sonda qələbə tarixinin yazılması ilə nəticələnən 44 günlük müharibə Azərbaycan ordusunun Vətən Müharibəsindəki hünərindən, qəhrəmənamığından qaynaqlanırdı. Sanki hadisələr xronoloji ardıcıllıqla davam edirdi. Beləliklə, Zəfər tariximiz yazıldı. Bu sevincləri yaşadan Azərbaycan əsgəri qəhrəmanlıq simvoluna çevrildi. Döyüşdən qorxub qaçan erməni Azərbaycan əsgəri qarşısında məğlub olduğunu dünyaya göstərdi. "Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik", - deyə bildirən Cənab Prezident torpaqlarımızı ancaq Azərbaycan əsgərinin, Azərbaycan zabitinin azad etdiyini qeyd edirdi: "Sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir". Əlbəttə ki, Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi bu qələbənin qazanılmasında mühüm rol oynadı".

"8 NOYABRDA ERMƏNİ ORDUSU ARTIQ TƏSLİM OLMUŞDU"

Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Cənab Prezidentin bildirdiyi kimi, "Noyabrın 9-da artıq Ermənistan tərəfi də öz məğlubiyyətini qəbul edib, etiraf edib, bu məğlubiyyətlə barışıb və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Biz isə Zəfər gününü məhz 8 Noyabr tarixində qeyd edirik. Çünki 8 noyabrda erməni ordusu artıq təslim olmuşdu".

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Azərbaycanın güclü ordusu, yenilməz ordusu bu tarixi bizlərə yaşatdı.

Təbii ki, bu uğurlu yolda neçə - neçə oğullarımız canlarından keçdi, şəhidlik zirvəsinə yüksəldilər. Onların qarşısında baş əyirik və Azərbaycan xalqı hər zaman onların xatirəsini yad edəcək. Belə oğulların keçdiyi yollar ərənlik məktəbi olaraq öyrənilir. "Bu gün bu şanlı Qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik", - deyən dövlət başçısı bildirib ki, şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaq:"Azərbaycan xalqı, indiki nəsil və gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcək".

Bu gün işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərinə başlanılıb. Dövlət başçısı bildirib ki, bu tarixi Zəfərdən sonra ölkəmizin yeniləşməsi, müasirləşməsi, aparılan islahatlar, xoşagəlməz hallarla mübarizə, əlbəttə, tam yeni müstəviyə çıxmalıdır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər