“Azərbaycan gəncliyi qarşısında bu gün yeni vəzifələr dayanır. Qazanılmış tarixi nailiyyətlərin qorunması, dövlətimizin daha da gücləndirilməsi, müasir biliklərə yiyələnmək, ölkəmizin elmi, iqtisadi və texnoloji inkişafında iştirak etmək mühüm vəzifələrdəndir”.SİA xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.O bildirib ki, gənclərin inkişafı, potensiallarını reallaşdırması və dövlət və cəmiyyət həyatında fəal iştirakı üçün geniş imkanlar yaradılıb. B.İslamov qeyd edib ki, YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun təqdim etdiyi hesabat VII qurultaydan sonrakı dövrdə görülən işlərin miqyasını göstərir.YAP Gənclər Birliyinin sədri vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər və sonrakı mərhələdə dövlət suverenliyinin tam bərpası Azərbaycan tarixində mühüm mərhələ olub.Onun sözlərinə görə, suverenliyin tam bərpasından sonra prezident seçkilərinin ilk dəfə ölkənin bütün ərazisində keçirilməsi, Xankəndi, Şuşa, Laçın və digər ərazilərdə Azərbaycan vətəndaşlarının konstitusion hüquqlarından istifadə etməsi bu tarixi reallığın ifadəsidir.B.İslamov bildirib ki, Azərbaycan gəncliyinin formalaşmasında ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir.O vurğulayıb ki, bu gün Azərbaycan gəncləri dünyanın nüfuzlu universitetlərində təhsil almaq, elm, innovasiya, sahibkarlıq, dövlət və ictimai fəaliyyət sahələrində öz potensiallarını reallaşdırmaq üçün geniş imkanlara malikdir.YAP Gənclər Birliyinin sədri qeyd edib ki, Vətən müharibəsində Azərbaycan gəncləri döyüş meydanında və informasiya müharibəsində cəsarət, fədakarlıq, vətənpərvərlik və biliklərini nümayiş etdiriblər.B.İslamov əlavə edib ki, YAP Gənclər Birliyinin fəaliyyəti gənclərin ictimai-siyasi fəallığının artırılması, Heydər Əliyevin siyasi irsinin, azərbaycançılıq məfkurəsinin, dövlətçilik və milli-mənəvi dəyərlərin təşviqi, gənclərin intellektual və peşəkar inkişafının dəstəklənməsi, tələbə və region gəncləri ilə işin gücləndirilməsi, eləcə də beynəlxalq siyasi əlaqələrin inkişaf etdirilməsi istiqamətlərinə yönəldilib.
Müəllif: Günel Fərzəliyeva