2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi mərhələnin başlanğıcı oldu. 27 il ərzində işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Cəbrayıl rayonu da düşmən işğalından azad edildi. Cəbrayılın azad olunması həm rayon sakinləri, həm də bütün Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyət daşıyan hadisəyə çevrildi.
Cəbrayıl rayonunun işğalı 1993-cü il avqustun 23-də baş vermişdi. İşğal illəri ərzində rayonun yaşayış məntəqələri dağıntılara məruz qalmış, əhalisi doğma yurdlarından didərgin düşmüşdü. Cəbrayıllıların uzun illər ərzində əsas arzusu doğma torpaqlarına qayıtmaq, ata-baba yurdlarında Azərbaycan bayrağının yenidən dalğalanmasını görmək idi.
2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatlarının ilk günündə Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi. Oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin azad olunması ilə Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun uğurları daha da genişləndi.
4 oktyabr 2020-ci il isə Cəbrayılın tarixində xüsusi əhəmiyyət daşıyan gün oldu. Həmin gün Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev həmin gün xalqa müraciət edərək Cəbrayıl şəhərinin azad olunması xəbərini elan etdi və bu tarixi hadisə bütün ölkədə böyük sevinc hissi ilə qarşılandı.
Cəbrayıl şəhərinin azad edilməsi 44 günlük Vətən müharibəsində azad edilən ilk şəhər olması baxımından da xüsusi əhəmiyyət daşıyırdı. Azərbaycan Ordusunun Cəbrayıl istiqamətində əldə etdiyi uğur sonrakı hərbi əməliyyatların gedişinə mühüm təsir göstərdi və digər işğal olunmuş ərazilərin azad edilməsi üçün yeni imkanlar yaratdı. Cəbrayılın ardınca Azərbaycan Ordusunun Xocavənd, Füzuli, Zəngilan, Qubadlı və digər istiqamətlərdə uğurlu əməliyyatları davam etdi.
Cəbrayıl uğrunda gedən döyüşlər Azərbaycan əsgər və zabitlərinin böyük qəhrəmanlıq, fədakarlıq və peşəkarlıq nümayiş etdirdiyini göstərdi. Rayonun azad edilməsi ağır döyüşlər və şəhidlərimizin qanı bahasına mümkün oldu. Bu baxımdan Cəbrayıl Zəfəri yalnız hərbi uğur deyil, həm də xalqımızın Vətən sevgisinin, milli iradəsinin və torpaqlarımızın azadlığı uğrunda mübarizəsinin parlaq nümunəsidir. Prezident İlham Əliyev də Cəbrayıl şəhərinin azad olunmasını Azərbaycan Ordusunun böyük qəhrəmanlığının nəticəsi kimi qiymətləndirib.
Cəbrayılın azad edilməsindən sonra rayonun gələcək inkişafı və yenidən qurulması istiqamətində genişmiqyaslı işlərə başlanıldı. İşğal dövründə dağıdılmış şəhər və kəndlərin bərpası, müasir infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması qarşıya mühüm məqsədlər kimi qoyuldu. Beləliklə, Cəbrayılın tarixində yeni – quruculuq və dirçəliş mərhələsi başladı.
Cəbrayılın azad olunması Azərbaycanın Zəfər tarixində əbədi yaşayacaq mühüm hadisələrdən biridir. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, hər il 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi qeyd olunur. Bu tarix Cəbrayılın işğaldan azad edilməsini, şəhidlərimizin qəhrəmanlığını və Azərbaycan xalqının tarixi torpaqlarına qayıdışını təcəssüm etdirir.
Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə Cəbrayıl şəhəri və 90 kənd işğaldan azad edildi. 27 illik həsrətdən sonra doğma torpağa qayıdış Azərbaycan xalqının tarixində mühüm dönüş nöqtəsi oldu. Bu gün Cəbrayıl artıq yalnız azad edilmiş rayon kimi deyil, həm də sürətlə yenidən qurulan, gələcəyə inamla addımlayan Qarabağın mühüm yaşayış məkanlarından biri kimi inkişaf edir.
Cəbrayılın azad olunması göstərdi ki, Azərbaycan xalqı öz torpaqlarına bağlılığını heç vaxt itirməyib. 4 oktyabr 2020-ci il isə bu bağlılığın, milli iradənin və qəhrəmanlığın Zəfərlə nəticələndiyi tarixi gün kimi yaddaşlarda əbədi qalacaq.
Rauf Nəcəfov
YAP Sədərək rayon təşkilatının məsləhətçisi