PDF Oxu

Siyasət

  • 697

Tarixi dönüş nöqtəsi - ŞƏRH

image

1993-cü il oktyabrın 3-ü Azərbaycan xalqının və dövlətçiliyinin taleyində həlledici, tarixi bir dönüş nöqtəsidir. Həmin gün keçirilən ümumxalq səsverməsi nəticəsində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizi dərin siyasi, iqtisadi və hərbi böhrandan xilas edərək müasir, qüdrətli və sabit dövlət quruculuğunun təməlini qoydu. Ümumilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi sadəcə bir siyasi rəhbər dəyişikliyi deyil, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmış bir ölkənin dünya miqyaslı böyük dövlət xadiminin fenomenal siyasi peşəkarlığı, dərin təfəkkürü və sarsılmaz iradəsi sayəsində yenidən dirçəlişi demək idi.
XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan daxili hərc-mərclik, vətəndaş müharibəsi təhlükəsi, Ermənistanın hərbi təcavüzü və iqtisadi tənəzzül kimi ağır sınaqlarla qarşılaşmışdı. Dövlət idarəçiliyindəki naşılıq və xaos ölkəni parçalanma həddinə gətirib çıxarmışdı. Belə bir taleyüklü məqamda xalqın təkidli tələbi ilə birinci hakimiyyəti dövründə böyük təcrübə qazanmış Ulu Öndərin sükan arxasına keçməsi dövlətçilik xilasının yeganə yolu idi. 1993-cü il oktyabrın 3-də xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Prezident seçilən Heydər Əliyev, ilk növbədə, ölkədə daxili sabitliyi, qanunçuluğu və ictimai-siyasi nizami bərpa etdi, dövlət institutlarının fəaliyyətini tam nizama saldı.
Ulu Öndər Heydər Əliyevin dünya miqyaslı siyasi peşəkarlığı özünü ən aydın şəkildə mürəkkəb xarici siyasət kursunun formalaşdırılmasında nümayiş etdirdi. O, Azərbaycanın milli maraqlarına söykənən balansı idarəetmə strategiyasını təsis edərək, ölkəmizi beynəlxalq təcriddən çıxardı və qlobal güclərlə bərabərhüquqlu tərəfdaşlıq əlaqələri qurdu. Ulu Öndərin diplomatik məharəti sayəsində Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı, 1994-cü ildə atəşkəs rejiminin əldə olunması isə müstəqil dövlət quruculuğu və iqtisadi islahatlar üçün zəruri olan dinc şəraiti təmin etdi.
İqtisadi sahədə atılan tarixi addımlar Ulu Öndərin uzaqgörənliyinin və strateji zəkasının müstəsna göstəricisidir. 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" beynəlxalq aləmdə Azərbaycana olan inamı köklü şəkildə dəyişdi. Xarici sərmayəçilərin riskli hesab etdiyi bir regiona nəhəng neft şirkətlərinin cəlb edilməsi yalnız Ümumilli Lider Heydər Əliyev şəxsiyyətinin miqyası və siyasi nüfuzu sayəsində mümkün oldu. Bu müqavilə ölkəmizin maliyyə müstəqilliyinin təməlini qoydu və gələcək iri miqyaslı infrastruktur, enerji və nəqliyyat layihələrinin reallaşmasına imkan yaratdı.
Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın hüquqi və demokratik təməllərini də məhz bu dövrdə formalaşdırdı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu, insan hüquq və azadlıqlarının müdafiəsi, çoxpartiyalı sistem, söz və mətbuat azadlığı dövlət siyasətinin prioritetinə çevrildi. Eyni zamanda, milli ordunun formalaşdırılması, nizami hərbi birləşmələrin yaradılması istiqamətində həyata keçirilən kəsərli tədbirlər gələcək böyük zəfərlərin ilk təməl daşları oldu.
Ümumilli Lider Heydər Əliyev siyasi məktəbi və onun irsi bu gün də müstəqil Azərbaycanın uğurlu inkişafının əsas təminatçısıdır. Ulu Öndərin əsasını qoyduğu uzaqgörən dövlətçilik strategiyasını layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək regional və qlobal miqyasda söz sahibi olan qüdrətli bir dövlətə çevrilmişdir. 3 oktyabr 1993-cü il tarixi zəfərlərə, sabitliyə və inkişafa aparan yolun başlangıcı kimi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.

Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri

Digər xəbərlər