4 Oktyabr Azərbaycanın müasir siyasi tarixinə yalnız bir ərazinin işğaldan azad edilməsi kimi deyil, 44 günlük Vətən müharibəsində bütün hərbi-siyasi gedişatı dəyişən dönüş nöqtəsi kimi həkk olunmuşdur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən Cəbrayıl Şəhəri Günü, həm tarixi ədalətin bərpasını, həm də Cənubi Qafqazda yaranan yeni geopolitik reallıqları tərənnüm edir.
1993-cü ildə işğala məruz qalan Cəbrayıl rayonu, otuz ilə yaxın müddətdə Ermənistanın işğal altında saxladığı strateji xəttin ən möhkəmləndirilmiş istehkam zonalarından biri idi. Araz boyu yerləşən bu ərazinin azad edilməsi hərbi nöqteyi-nəzərdən müharibənin taleyini həll edən əsas mərhələ oldu
Cəbrayıl şəhərinin və ətraf kəndlərin azad olunması Azərbaycan Ordusuna Xocavənd, Qubadlı, Zəngilan və xüsusilə Şuşa istiqamətində irəliləmək üçün geniş imkanlar açdı. Cəbrayılın azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədinin böyük bir hissəsi üzərində suveren nəzarət bərpa olundu, cənub sərhədlərimizin təhlükəsizlik arxitekturası yenidən quruldu.
Cəbrayıl bu gün yalnız zəfər simvolu deyil, həm də regional inteqrasiyanın və nəqliyyat-logistika qovşağının mərkəzinə çevrilməkdədir. Zəngəzur Dəhlizi və Şərq-Qərb Şəbəkəsi: Cəbrayıl ərazisindən keçən avtomobil və dəmir yolu xətləri regional inteqrasiya baxımından xüsusi əhəmiyyət kəsb edir. Horadiz-Ağbənd dəhlizi Cəbrayılı Türk dünyası və Avropa arasında nəqliyyat qovşağına çevirir. Sənaye parkının qurulması regiona xarici və yerli investisiyaların cəlb olunmasını sürətləndirir, Cəbrayılı regional iqtisadiyyatın aparıcı mərkəzlərindən birinə çevirir. Dağıdılmış infrastrukturun bərpası və "Böyük Qayıdış" proqramı çərçivəsində soydaşlarımızın doğma yurdlarına köçürülməsi Azərbaycanın daxili sabitliyini və dövlət qüdrətini nümayiş etdirir. Müasir "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyaları əsasında inşa edilən Cəbrayıl, dayanıqlı inkişafın yeni modelidir. 4 Oktyabr Cəbrayıl Şəhəri Günü — milli iradənin, hərbi diplomatiyanın və dövlət suverenliyinin təntənəsidir. Cəbrayılın azad olunması ilə başlanan zəfər yürüşü, bu gün bölgədə sülhün, sabitliyin və böyük iqtisadi tərəqqinin təminatçısı kimi çıxış edir.
Elşad Cəfərov
YAP Culfa rayon təşkilatının məsləhətçisi