"1993-cü ilin ortalarında Azərbaycan son dərəcə ağır vəziyyətdə idi. Birinci Qarabağ müharibəsi nəticəsində torpaqların bir hissəsi işğal altında qalmışdı, respublikanın hər yerində silahlı qruplar fəaliyyət göstərir, mərkəzi hakimiyyət faktiki olaraq iflic olmuşdu. İqtisadiyyat sürətlə dağılırdı, istehsal dayanmış, əhalinin böyük hissəsi yoxsulluq həddinə düşmüşdü. Gənc müstəqil dövlətin beynəlxalq aləmdə mövqeyi zəifləmiş, ölkə daxilində siyasi böhran dərinləşmişdi". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.Onun sözlərinə görə, məhz bu şəraitdə xalqın təkidli tələbi və geniş ictimai-siyasi dairələrin dəstəyi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdı: "Onun 1993-cü il iyun ayında Bakıya gəlişi və Ali Sovetin sədri seçilməsi böhranın ilk mərhələsinin aradan qaldırılmasında həlledici rol oynadı. Lakin ölkənin tam sabitləşməsi üçün daha geniş legitimlik lazım idi — bu legitimliyi isə yalnız ümumxalq seçkisi verə bilərdi.3 oktyabr 1993-cü il Azərbaycan dövlətçiliyinin taleyində dönüş yaradan tarixlərdən biridir. Həmin gün xalqın böyük əksəriyyətinin Heydər Əliyevə etimad göstərməsi ölkəmizin siyasi inkişafında yeni mərhələnin başlanmasına səbəb oldu. Bu seçim müstəqilliyin ilk illərində ciddi sınaqlarla üzləşən Azərbaycanın dövlətçilik institutlarının qorunması və möhkəmləndirilməsi baxımından həlledici əhəmiyyət daşıdı. Xalq öz iradəsi ilə ölkənin gələcəyini peşəkar idarəçilik və güclü dövlətçilik ənənəsi ilə əlaqələndirdi.Ümummilli Lider Heydər Əliyevin Prezident seçilməsindən sonra Azərbaycanın qarşısında duran ən mühüm vəzifə dövlətin sabitliyini təmin etmək və müstəqilliyin dönməzliyinə nail olmaq idi. Ulu Öndər qısa müddətdə siyasi qarşıdurmaların səngidilməsi, dövlət idarəçiliyinin möhkəmləndirilməsi və qanunun aliliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atdı. Dövlət çevrilişi cəhdlərinin qarşısının alınması və vətəndaş qarşıdurması təhlükəsinin aradan qaldırılması ölkədə sabit inkişaf üçün əsas siyasi zəmini formalaşdırdı. Beləliklə, Azərbaycan böhran vəziyyətindən çıxaraq ardıcıl dövlət quruculuğu mərhələsinə qədəm qoydu.Bu gün Azərbaycan 3 oktyabr 1993-cü ildə başlanmış böyük siyasi yolun nəticələrini yaşayır. Heydər Əliyevin dövlətçilik irsi zamanın sınaqlarından keçərək müasir Azərbaycanın inkişaf strategiyasının mühüm dayaqlarından birinə çevrilib. Prezident İlham Əliyevin həmin siyasi kursu qətiyyətlə davam etdirməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən, regionda və beynəlxalq aləmdə mövqeyi güclənən dövlətə çevrilib. Buna görə də 3 oktyabr 1993-cü il Azərbaycan tarixində bir seçkinin tarixi olmaqdan daha böyük məna daşıyır: bu tarix milli iradənin dövlətçilik strategiyasına çevrildiyi və gələcək Zəfərin siyasi əsaslarının qoyulduğu mühüm başlanğıcdır".
Müəllif: Lətifə Musayeva