PDF Oxu

Siyasət

  • 721

Azərbaycanın qlobal tranzit-logistika mərkəzinə çevrilir - ŞƏRH

image

Son illərdə qlobal geosiyasi və iqtisadi proseslər fondunda Beynəlxalq Nəqliyyat Dəhlizlərinin xəritəsi sürətlə yenidən formalaşır. Avrasiya qitəsinin strateji qovşağında yerləşən Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən effektiv istifadə edərək regionun aparıcı tranzit və logistika mərkəzlərindən birinə çevrilmişdir. Prezident cənab İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda qeyd etdiyi kimi, ölkəmizin ərazisindən keçən tranzit yüklərin həcmində müşahidə olunan sürətli artım təsadüfi xarakter daşımır, illər boyu həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, düşünülmüş investisiya strategiyasının və infrastruktur layihələrinin mühüm nəticəsidir. Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu nəqliyyat layihələri bu gün nəinki milli iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir, dahi şəkildə kontinental ticarət əlaqələrinin təhlükəsizliyini və fasiləsizliyini təmin edir.
Ölkəmizin tranzit potensialının artırılması istiqamətində atılan ardıcıl addımlar müasir nəqliyyat şəbəkəsinin qurulması ilə sıx bağlıdır. Son iki onillikdə Azərbaycanda beynəlxalq standartlara cavab verən minlərlə kilometr avtomobil yolları salınmış, dəmir yolu xətləri yenidən qurulmuş, müasir hava limanları və dəniz limanı kompleksləri istifadəyə verilmişdir. Xüsusilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı birləşdirən ən qısa, təhlükəsiz və səmərəli marşrut kimi özünü təsdiqləmişdir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan bu marşrutlar üzrə yükdaşımaların həcminin ilbəil artmasını təmin etməklə qlobal tədarük zəncirinin etibarlı halqasına çevrilmişdir.
Tranzit həcmlərinin kəskin artmasında Şərq-Qərb nəqliyyat koridorunun (Orta Dəhliz) xüsusi çəkisi vardır. Mərkəzi Asiya və Çindən Avropaya istiqamətlənən yük axınlarının məhz Azərbaycan ərazisindən keçməsi ölkəmizin logistik cəlbediciliyini dəfələrlə artırır. Mərkəzi Asiya dövlətləri ilə qurulan sıx tərəfdaşlıq, gömrük və sərhəd keçid prosedurlarının sadələşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və vahid tarif siyasətinin yürütülməsi tranzit vaxtını kəskin şəkildə azaltmışdır. Bu da beynəlxalq yükdaşıyan şirkətlər üçün Azərbaycan marşrutunu digər alternativlərlə müqayisədə daha əlverişli və gəlirli edir.
Eyni zamanda, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə də infrastrukturun genişləndirilməsi və ötürücülük qabiliyyətinin artırılması istiqamətində böyük işlər görülür. Şimali Avropa və Rusiyanı Fars körfəzi və Hindistanla birləşdirən bu marşrutun Azərbaycan hissəsində bütün zəruri infrastruktur artıq hazır durumdadır. Tranzit yüklərin artımı göstərir ki, həm regional, həm də qlobal miqyasda böyük ticarət tərəfdaşları üçün Azərbaycan ərazisi ən etibarlı tranzit koridorudur. Bu dəhlizlərin inteqrasiyası ölkəmizin logistika imkanlarını daha da şaxələndirir.
Azərbaycanın logistika sahəsində əldə etdiyi uğurlar xarici investorlar üçün də yeni imkanlar açır. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində vurğulandığı kimi, tranzit yükdaşımalarının dinamik artımı nəqliyyat, anbar təsərrüfatı, ekspedisiya və logistika xidmətləri sektoruna xarici sərmayələrin cəlb edilməsinə güclü təkan verir. Ələt Azad İqtisadi Zonası kimi strateji layihələr beynəlxalq investorlara yüksək əlavə dəyər yaradan istehsal və logistika obyektləri qurmaq üçün unikal imkanlar təqdim edir. Bu, Azərbaycanın təkcə tranzit ölkə kimi deyil, eyni zamanda regional sənaye və logistika habı kimi formalaşmasını sürətləndirir.
Tranzit imkanlarının genişlənməsində işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən nəqliyyat infrastruktur layihələrinin və Zəngəzur dəhlizinin açılması perspektivinin də mühüm rolu vardır. Qarabağ və Şərqli Zəngəzurda tikilən yeni magistral yollar, dəmir yolları və beynəlxalq hava limanları regionun nəqliyyat xəritəsini köklü şəkildə dəyişdirir. Zəngəzur dəhlizi istifadəyə verildikdə ölkəmizin tranzit potensialı daha da genişlənəcək, Türk dünyasını və Avrasiyanı birləşdirən yeni bir arterial xətt kimi yüklərin daha tez və ucuz daşınmasına şərait yaradacaqdır.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yürütülən strateji kurs Azərbaycanı qlobal nəqliyyat şəbəkəsinin mərkəzi aktorlarından birinə çevirmişdir. Tranzit yüklərin həcmindəki sürətli artım ölkəmizin iqtisadi müstəqilliyini möhkəmləndirir, neftdən kənar sektordan gələn gəlirlərin artmasını təmin edir və geosiyasi nüfuzumuzu daha da yüksəldir. Azərbaycan gələcəkdə də beynəlxalq logistika dəhlizlərinin modernləşdirilməsinə, rəqəmsallaşdırılmasına və imkanlarının artırılmasına investisiya qoyaraq regional sülhün, əməkdaşlığın və davamlı iqtisadi inkişafın əsas təminatçısı olmaqda davam edəcəkdir.

Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri

Digər xəbərlər