02 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Ağstafa şəhər Təhsil işçiləri”, “Gənclər və İdman idarəsi” və “Dəmiryolu işçiləri” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə “4 oktyabr - Cəbrayıl şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev qeyd edib ki, 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan əlamətdar tarixlərdən biridir. Cəbrayıl rayonu uzun illər işğal altında qalsa da, xalqımız öz doğma torpaqlarına qovuşacağı günə olan inamını heç vaxt itirmədi. 2020-ci ildə əldə olunan tarixi Zəfər nəticəsində Cəbrayıl şəhəri işğaldan azad edildi və bölgədə yeni inkişaf mərhələsinin əsası qoyuldu.
Tədbirdə çıxış edən digər natiqlər – Ağstafa şəhər 3 №-li tam orta məktəbin direktor müavini Şəfəq Heydərli, “Gənclər və İdman idarəsi” Ərazi Partiya Təşkilatının fəal üzvü Rəşad Abbaslı və Ağstafa rayon Texniki Peşə məktəbinin psixoloqu Pərvanə Həsənova bildiriblər ki, bu gün Cəbrayıl yeni həyat yaşayır. Azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri şəhərin əvvəlki şöhrətinin bərpasına xidmət edir. Müasir yaşayış məntəqələrinin salınması, yol və kommunikasiya layihələrinin icrası, sosial infrastrukturun qurulması bölgənin gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Cəbrayıl Şəhəri Günü həm də doğma yurda bağlılığın, milli həmrəyliyin və gələcəyə inamın təntənəsidir.