“Səs” qəzeti vasitəsi ilə ziyalıların müraciəti və müraciətə Ulu Öndər Heydər Əliyevin cavabı Azərbaycan tarixinin önəmli səhifəsidir
Cəmiyyətin bütün təbəqələrini özündə birləşdirən Yeni Azərbaycan Partiyası bu gün kəmiyyət və keyfiyyət baxımından Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Xalqın partiyası olan Yeni Azərbaycan Partiyası 32 ildir ki, Azərbaycan dövlətinin qurucusu və memarı olan Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətə sadiq qalaraq xalqın sosial -rifah halının daha da yaxşılaşmasına və müstəqil dövlətçiliyimizin tərəqqisinə mühüm tövhələr verir. Söz yox ki, qazanılan nailiyyətlər, əldə olunan möhtəşəm uğurlar çətin, keşməkeşli yol qət etməklə nail olunub. Yəni Azərbaycan Respublikası Ali Soveti 1991-ci il 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib, müstəqil dövlət quruculuğu yoluna qədəm qoyulsa da çox ağır , üzücü problemlərlə üzləşməli oldu. Hətta vəziyyətin son dərəcə ağır olması səbəbindən dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Hakimiyyəti zəbt etmiş qüvvələr problemləri həll etmək gücünə və imkanına malik deyildilər. Çünki onlar siyasi baxımından təcrübəsiz, dövlət idarəçiliyində isə heç bir anlayışları olmayan şəxslər idilər. Vəziyyətin ağır olmasından istifadə edən erməni hərbi birləşmələri bir sıra ölkələrin hərbi, siyasi dəstəyinə arxalanmaqla ardıcıl olaraq torpaqlarımızı işğal edirdilər. Bu kimi ağır problemlərin həllinə səy göstərməkdənsə AXC-Müsavat iqtidarı küçələrə çıxıb pozulmuş hüquqlarının, tapdanan haqlarının, sıradan çıxmaqda olan dövlətçiliyinin bərpasına və inkişafına çağırışlar edən xalqın üzərinə güc strukturlarını göndərir, onları zor gücünə susdurmağa çalışırdı. 1993-cü ilin iyununda baş verən Gəncə hadisələri ölkə daxili ağır durumun kulminasiya nöqtəsi oldu. Azərbaycanda vətəndaş müharibəsi qaçılmaz idi. Ancaq aydın təfəkkürlü ziyalılar, böyük xalq kütlələri vətəndaş müharibəsindən qaçmağın və ölkənin düşdüyü böhrandan çıxarılması yolunu Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsində gördülər.
“Azərbaycan Sizin sözünüzü gözləyir”
1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı və “Səs” qəzeti vasitəsi ilə Ulu Öndərimiz Heydər Əliyevə ünvanlanan “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətdə deyilirdi: “Dünənə kimi küçə, meydanlarda səhərdən axşama qədər demokratiyadan danışanlar görünür demokratiyanın mahiyyətinin nə olduğunu dərk etmirlər. Əsl demokratik ölkələrdə ordu, polis, başqa inzibati orqanlar siyasətdən kənardır və bütün bu qüvvələr hakimiyyətdə olanlara deyil, xalqa xidmət edirlər. Rəhbərliyin siyasi naşılığından, idarəetmə səriştəsizliyindən, hakimiyyət hərisliyindən həm daxildən, həm də xaricdən müəyyən qüvvələr öz mənafeləri üçün məharətlə istifadə edirlər. Əgər dünənə qədər Azərbaycanın sərvətləri bir istiqamətə daşınıb aparılırdısa, indi var-dövlətimiz bir neçə səmtə axıdılır. Bir sıra Şərq ölkələrindən qovulmuş Qərb inhisarçıları indi asanlıqla çoxdan həsrətində olduqları Bakı neftini ələ keçirirlər. Belə gedərsə biz siyasi əsarətdən qurtarmamış, tezliklə iqtisadi əsarətə məruz qalacağıq. Çünki respublikanın olan-qalan iqtisadi potensialı sürətlə dağılır, təbii sərvətlərimiz talan edilir. Vəziyyətin ağırlığından, çıxılmazlığından, həyatın qeyri-sabitliyindən, gələcəyə ümidsizlikdən respublikanı yüzlərlə ziyalı - yüksək ixtisaslı kadrlar tərk edir. Sözsüz ki, ən ağır zərbə geniş xalq kütləsinə, aşağı təbəqəyə dəyir. Hadisələrin bu cür inkişafı göstərir ki, yaxın gələcəkdə sosial ədalətdən heç əsər-əlamət də qalmayacaq. Halbuki uzun illər boyu imperiya boyunduruğu və totalitar rejim altında inildəyən xalqımız bu gün demokratik qanunlara əsaslanan vətəndaş cəmiyyəti qurmaq arzusu ilə yaşayır”. Ziyalıların müraciətində qeyd olunur ki, ölkəni düşdüyü ağır vəziyyətdən yalnız Siz çıxara bilərsiniz: “Möhtərəm HEYDƏR BƏY! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu, peşəkar insanların siyasi partiyasına çevriləcəkdir. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü, aparıcı qüvvəyə malik bir partiya kimi görürük. İnanırıq ki, Azərbaycanımızın bu günü, sabahı naminə başqa partiya, qurum və cəmiyyətlərin vətənpərvər üzvləri də həlledici anda məhz bu partiyanın mövqeyində dayanacaqlar. Yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar”.
“Yeni, müstəqil Azərbaycan uğrunda”
Hər zaman qəlbi xalqı ilə döyünən Dahi Öndərimiz Heydər Əliyev ziyalıların narahatlığını başa düşürdü. Ona görə də, Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli “Yeni, müstəqil Azərbaycan uğrunda” adlı cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”. O fikri vurğulamaq lazımdır ki, o dövrdə “Səs” qəzeti xalqın istək və arzularının əsas və yeganə təbliğatçısı və təqdimatçısı olub. Qəzetin 1991-1993-cü illər saylarında Ulu Öndər Heydər Əliyevin müsahibələrini və Onun haqqında məqalələri, həmçinin ölkə parlamentindəki çıxışlarını oxucularına təqdim edirdi. Qəzet ulu öndərin xarici mətbuata verdiyi müsahibələri tərcümə edərək ölkə ictimaiyyətinə çatdırırdı. Dahi Öndərimiz Heydər Əliyev xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra "Səs" qəzeti həm Ulu Öndərin, həm də YAP-ın fəaliyyəti haqqında cəmiyyəti məlumatlandırmaq missiyasını davam etdirdi. Məhz buna görə Dahi Öndərimiz Heydər Əliyev YAP-ın 10 illik yubileyindəkı çıxışında "Səs" qəzetini Azərbaycanın tarixinə düşmüş bir qəzet kimi xarakterizə etmiş və demişdi: "Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. Mən bu qəzetin xidmətlərini xüsusi qiymətləndirirəm. O zaman ki, mən Naxçıvanda işləyirdim və Bakıda bəzi dairələrdə Naxçıvana qarşı ədalətsiz hərəkətlər olurdu. "Səs" qəzeti cəsarətlə çox ağıllı şəkildə məqalələr yazır, öz fikirlərini deyirdi. İctimaiyyətdə düzgün fikir formalaşmasına səy göstərirdi. Bu qəzetə qarşı təzyiqlər olurdu, lakin qəzet öz ideyaları uğrunda mübarizə aparmağı bacarırdı. “Səs” qəzetinin YAP-ın yaranmasında, cəmiyyətin maarifləndirilməsində məlumatlandırılmasında çox böyük rolu olub. "Səs" qəzeti tarixə düşmüş bir qəzetdir".
YAP-ın yaranması və fəaliyyətini xalqa xidmət üzərində qurması
“91-lər” - in “Səs” qəzeti vasitəsi ilə Azərbaycan xalqının adından Ulu Öndər Heydər Əliyevə müraciəti ölkəmizin başının üstünü alan qara buludların tədricən aradan qaldırılmasına təkan oldu. Bu müraciətlə ziyalılar tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciətə Ulu Öndərin müsbət cavab verməsi nəticəsində Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak etmiş və Ulu Öndərimiz Heydər Əliyev partiyanın Sədri seçilmişdir. Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə çıxması ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı. Təbii ki, Yeni Azərbaycan Partiyasının yaranması o zaman ki ağır fəlakətli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət idi. Bununla bağlı Dahi Öndərimiz Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.
2022-ci il noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyamızın yaranmasının tarixi hadisə olduğunu bildirdi: “O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı”.
Xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndərimiz Heydər Əliyev düzgün, məqsədyönlü müdirik siyasəti ilə qısa müddətdə Azərbaycanı üzləşdiyi bəlalardan xilas etdi. İqtisadi, sosial, hərbi və digər sahələrdə böyük uğurlara imza atıldı. Nüfuzlu beynəlxalq təşkilatlarla, aparıcı dövlətlərlə geniş və əhatəli əlaqələr quruldu. 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində Dahi Öndərimiz Heydər Əliyev 98.80% səslə qalib gəldi və bununla da YAP iqtidar partiyası kimi özünü təsdiq etdi. Partiya “Yeni, müstəqil Azərbaycan uğrunda” ideyasından çıxış edərək, dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak etməyə başladı. Üzvlərinin sayı sürətlə artan YAP aparıcı siyasi partiya kimi respublikanın ictimai-siyasi həyatında yüksək fəallıq nümayiş etdirdi. 1995-ci il noyabrın 12-də keçilən parlamentə seçkilərdə YAP qələbə qazanaraq, Azərbaycan Respublikasının Milli Məclisində 59 deputatla təmsil olundu. Bu qələbə xalqımızın Yeni Azərbaycan Partiyasına böyük etimadının göstəricisi idi. 1999-cu il dekabrın 12-də isə Azərbaycanda ilk dəfə keçirilən bələdiyyə seçkilərində YAP böyük uğur əldə etdi və partiyadan 10 min 431 nəfər bələdiyyə üzvü seçildi. Partiyanın yeni dövrün tələblərinə uyğun inkişafı 1999-cu ildə keçirilmiş qurultaydan sonra daha da genişləndi. Belə ki, YAP-ın rəhbərliyində Azərbaycan gənclərinin lideri olaraq Cənab İlham Əliyevin təmsilçiliyi partiyanın inkişafına yeni dəstək oldu. Ulu Öndər Heydər Əliyevin siyasi varisi olaraq Cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətini daha geniş beynəlxalq müstəvilərə daşımaq məqsədini uğurla həyata keçirdi. 1999-cu ildən sonra Yeni Azərbaycan Partiyası dünyanın bir sıra sağ mərkəzçi hakim partiyaları ilə əlaqələr qurdu, beynəlxalq təşkilatlarda təmsilçilik hüququ qazandı. Partiyanın nüfuzunun artması nəticə etibarı ilə sıralarının genişlənməsinə gətirib çıxartdı. 2005-ci ilin mart ayında keçirilən YAP-ın III Qurultayında Azərbaycan Prezidenti, YAP Sədrinin birinci müavini Cənab İlham Əliyevin partiyanın Sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başladı. Əgər YAP-ın 2001-ci ildə keçirilmiş II Qurultayı zamanı partiya üzvlərinin sayı 230 min nəfər idisə, III Qurultaya qədər bu göstərici 360 min nəfərə yüksəlmişdi. Hazırda isə partiyamızın üzvlərinin sayı 800 minə yaxındır. YAP-ın 5 mart 2021-ci il də keçilən qurultayında yeni, müasir dövrün tələblərinə uyğun qərarlar qəbul edildi. VII qurultayda bir daha aydın oldu ki, YAP Azərbaycanın hərtərəfli inkişafına töhfə verən böyük sosial bazaya, güclü siyasi-intellektual potensiala malik partiyadır. YAP-ın VII Qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilib. Bu islahat YAP-ın inkişafında yeni tarixi mərhələ deməkdir. Məhz yeni dəyişikliklər və islahatlar Yeni Azərbaycan Partiyasına cəmiyyətdə inamın və etibarın daha da yüksəlməsinə təkan verir. Sentyabrın 1-də keçilən Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının yerlərin böyük hissəsinə sahib olması xalqın Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu və Fateh Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi YAP-a etmadının Azərbaycan dövləti durduqca dəyişməz olaraq qalacaq.
İLHAM ƏLİYEV