Siyasət

  • 503

17 oktyabr tarixi böyük coşquyla qeyd edilir ŞƏRH

image

Tərkibinə bir şəhər və 78 kənd daxil olan, ərazisi 1386 kvadrat kilometr, əhalisi isə 105 min nəfər olan Füzuli rayonunun böyük bir hissəsi, şəhər də daxil olmaqla, 58 kənd 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

2020-ci il sentyabrın 27-dəErmənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamış, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz düşməni darmadağın edərək Tarixi Zəfər əldə etmiş, bütün torpaqlarımız, o cümlədən Füzuli şəhərini də işğaldan azad edilmişdir. Vətən müharibəsinin 21-ci günü - oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazılmışdır.

Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 25 min 301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub. Bu Sərəncam torpaqlarımızın işgaldan azad edilməsində iştirak etmiş əsgər və zabitlərimizin igidliyinə verilən yüksək qiymətin bariz nümunəsidir.

Bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə olduğu kimi Füzuli rayonunda da bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Şəhər ərazisində infrastruktur bərpa olunur. 2022-ci ilin oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Mərasimdə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ötən 4 il ərzində bir neçə dəfə Füzuliyə səfər ediblər.Səfərlər çərçivəsində dövlətimizin başçısı görülən işlərlə tanış olub, tapşırıq və tövsiyyələrini verib, bir sıra infrastruktur layihələrinin təməlqoyma mərasimlərində iştirak edib. Bütün bunlar ölkə başçımızın işgaldan azad edilmiş ərazilərə nə qədər önəm, dəyər verdiyini nümayiş etdirir.
Füzulidə həyatın yenidən qurulması təkcə infrastruktur və iqtisadiyyatla məhdudlaşmır.

Artıq yurd yuvalarından didərgin düşmüş məcburi köçkünlərin ata-baba ocağına qayıtması, orada məskunlaşdırılması prosesinə start verilib.İndiyədək Füzuli şəhərinə 744 ailənin, yəni 2839 nəfərin daimi məskunlaşması təmin edilib. Bu Füzulinin gələcəkdə həm sosial, həm də mədəni baxımdan yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaradır.

Azərbaycan xalqı artıq 4 ildir ki,17 oktyabr tarixini böyük coşquyla qeyd edir. Bu tarix nəinki füzulilərin xatirəsində, eyni zamanda Azərbaycan dövlətinin tarixində əbədi olaraq qalacaqdır.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər