Siyasət

  • 339

Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək ŞƏRH

image

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 Oktyabr Füzuli Şəhəri Günü elan edilmişdir. Düz 4 il əvvəl oktyabr ayının 17-də Füzuli şəhəri düşmən əsarətindən azad edilmişdir. Bu əlamətdar hadisə təkcə dahi şairin adını daşıyan rayonun sakinlərində deyil, ölkəmizin hər bir vətəndaşının qəlbində böyük ruh yüksəkliyi və coşqu yaratmışdır.Sözügedən Sərəncama əsasən 17 Oktyabr - Füzuli Şəhəri Günü kimi müəyyən olunub. Xalq olaraq bu günü qürurla qeyd edirik. Lakin ötən illər ərzində baş verənləri, Füzuli rayonunun necə işğal olunduğunu da unutmuruq.

2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında tarixi Qələbə ilə başa çatan Vətən müharibəsindən, İkinci Qarabağ savaşından sonra bütün dünya qalib Azərbaycanın uğurlarına şahidlik edir. Artıq hər gün ölkəmizin, dövlətimizin həyatına, xalqımızın yaddaşına əlamətdar hadisələrlə yazılır.

Rayonun işğaldan azad olunması, o qürur dolu anlar bu gün də minnətdarlıqla xatırlanır. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.

Vətən müharibəsi zamanı Füzuli uğrunda aparılmış döyüşlər ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq.

Ordumuzun şücaəti, Ali Baş Komandanın dəmir yumruğu qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.

Qeyd edək ki, bu gün işğaldan azad olunmuş Füzulidə də genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, kəndlər, qəsəbələr yenidən qurulur, avtomobil və dəmir yolları çəkilir. Görülən işlər nəticəsində oranın yerli sakinləri artıq öz doğma yurdlarına əbədi olaraq dönüşün sevincini yaşayırlar.

Vaxtilə, Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusunun azad etdiyi Füzuli rayonunun 22 kəndində və Horadiz qəsəbəsində olduğu kimi, azad olunan torpaqlarımız da gözəl məkana çevriləcək. Vaxt gələcək Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. 17 oktyabr tarixi isə nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq.

Rövşən ƏHMƏDOV

YAP Ağcabədi rayon təşkilatının sədri

Digər xəbərlər