17 oktyabr 2020-ci il tarixində Ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz Füzuli rayonunu işğaldan azad etdilər. Artıq 4 ildir ki, Füzuli düşməndən azaddır. Rayonun işğaldan azad edilməsi nəticəsində orada yerləşən tarixi, memarlıq abidələrimiz ermənilərin əsarətindən qurtuldu. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, zəngin bir ərazi olmuşdur. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür və görüləcəkdir.
44 günlük Vətən müharibəsində Füzuli rayonunun Qoçəhmədli, Çimən, İşıqlı, Pirəhmədli, Musabəyli, Cuvarlı, Dədəli kəndi və Füzuli şəhəri rəşadətli ordumuz tərəfindən azad olundu. Füzuli rayonunun geri qaytarılması ilə tarixi, qədim yaşayış məskənlərimiz də işğaldan azad edildi. Döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən, XIII əsrə aid səkkizguşəli Şeyx Babı Yaqub türbəsini, XIV əsrə aid Aşağı Veysəlli kəndində yerləşən Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni aid etmək olar. Tarixi-memarlıq abidələri isə bunlardır: Füzuli şəhərində - Hamam, Saracıq kəndində - Alı körpüsü, Kərəm körpüsü, Əhmədalılar kədində - Sandığabənzər başdaşı, Qarğabazar kəndində - Şah Abbas məscidi, Şah Abbas karvansarayı, karvansara, Aşağı Veysəlli kəndində - XII əsrə aid qəbiristan, Horadiz şəhərində - Baba Yaqub daş məqbərəsi, İşıqlı kəndində - Oğuz qəbri.
Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. 2026-cı ilin sonuna kimi rayonda 22 min nəfərin yaşaması planlaşdırılıb. Bununla yanaşı, 10 kəndin bərpası, həmçinin Qoçəhmədli və Cuvarlı kəndlərində tarixi ənənələr qorumaqla müasir üslubda inşa ediləcək.
31 iyul 2023-cü il tarixində cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Həmin Sərəncama əsasən 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur.
Nigar Abdullayeva
YAP Yasamal rayon AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini