44 günlük Vətən müharibəsi zamanı ən ağır döyüşlər Füzuli uğrunda getdi. Bunun səbəbi, 30 il ərzində düşmən təmas xəttində elə bir möhkəm istehkam qurmuşdu ki, onu yarmaq böyük güc və zaman tələb edirdi. Buna baxmayaraq, Rəşadətli Azərbaycan Ordusu bunun öhdəsindən gəlməyi bacardı. Ordumuzun bu gücü qarşısında düşmən öz silahlarını yerə qoyub torpaqlarımızdan qaçdı. Nəhayət, Füzuli işğalçılardan təmizləndi.“Füzuli əməliyyatı” hərbi kitablara tövsiyə olundu. Ona görə ki, burada əsl qəhrəmanlıq göstərildi.
Rayonun - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri Rəşadətli Ordumuz tərəfindən işğaldan azad edildi. Vətən müharibəsinin gedişində rayonun 62 yaşayış məntəqəsi işğaldan qurtarıldı. Azərbaycan həqiqətən də qürur duyulası bir qələbəyə imza atdı. Füzuli Ermənilər tərəfindən büsbütün dağıdılmış, viran qoyulmuş, ən pisi isə demək olar, tamamilə minalanmış bir vəziyyətdə idi. Belə ki, azad edilmiş rayonlar arasında Füzuli faktiki olaraq minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda 100 mindən çox mina basdırılıb. Bu, böyük fəlakətdir. Məlumdur ki, minaların təmizlənməsi zaman və zəhmət tələb edir. Bu faktın dəhşəti bizə işğalın tarixini, onun doğurduğu acı nəticələri heç cür unutdura bilməz.
Xatırladaq ki, Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən 1993-cü il avqustun 23-ü işğal edilmişdi. Düşmənlə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili oldu, 663 nəfər şəhidlik zirvəsinə ucaldı, 181 nəfər isə əsir və itkin düşdü. 1386 km² ərazisi olan rayonda düşmən daş üstündə daş qoymadı. Ərazi boş səhranı xatırladan bir viranəliyə çevrildi. Belə ki, evlər talan edildi, şəhər və rayonun tarixi-dini abidələri, türbələri dağıdıldı. Mənfur düşmən bu coğrafiyanın əsl sakinlərinə təəssüf ki, mina terroru kimi ağır miras buraxdı. Lakin, bu təəssüflər, maneələr Azərbaycanın Füzulinin ayağa qalxması üçün müəyyənləşdirdiyi inkişaf proqramının icrasını əngəlləyə bilməzdi.
Üçrənli Azərbaycan bayrağının Füzuli şəhərində ucaldılması ilə onun inkişaf konsepsiyasının icrası start götürdü. 14 yanvar 2021-ci il tarixində Füzuli-Şuşa avtomobil yolunun təməli qoyuldu. Bu yolun başqa bir adı Zəfər yolu idi və Böyük Qələbəmizi simvolizə edirdi.
Eyni zamanda yol çəkilişi paralel aparıldı və 14 fevral tarixində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, o cümlədən Füzuli rayonunda hava limanının təməlləri qoyuldu. Füzuli şəhərinin Baş planı təsdiqləndi. Həmin ilin mart ayında 180 çarpayılıq xəstəxananın bünövrəsi atıldı, iyun ayında isə Füzuli-Hadrut avtomobil yolunun tikintisinə başlanıldı. “Füzuli” 110/35/10 kilovoltluq yarımstansiyanın açılışı avqust ayında oldu. Oktyabr ayında Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində “Ağıllı kənd”in, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, çoxmənzilli yaşayış məhəlləsinin təməlləri qoyuldu.
Cəmi səkkiz ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışı 10 may 2022-ci il tarixində baş tutdu. Bu hava limanı Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə artırdı.
2023–cü ildə Füzuli rayonunun Pirəhmədli, Dədəli kəndlərinin, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin, içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlləri qoyuldu. Bundan əlavə, elə həmin ildə digər açılışlarla yadda qaldı. Bu mənada, Füzuli-Hadrut avtomobil yolunun istifadəyə verilməsi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin, Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışlarını qeyd edə bilərik. Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Füzuliyə gəlişi, əhəmiyyətli infrastruktur layihələrin açılışlarında iştirakları Türk xalqları arasında qardaşlığın simvolu kimi tarixə düşdü. O cümlədən, Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzinə çevrildi. Qürurla qeyd edə bilətik ki, Füzuli, bu dostluqları yenidən möhkəmləndirən ünvan olmaqla, həmçinin belə böyük qələbəliyə şahidlik etdi.
Qeyd edək ki, qısa zamanda görülən bu işlər, həmçinin rayonun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələrin sürətlə icra olunması imkan verdi ki, məcburi köçkünlər mərhələli şəkildə öz yurdlarına geri dönsünlər. Nəticədə, qayıdış başladı. Bu mərhələdə Füzuli şəhərinə köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşırlar. Bununla da Füzuli şəhərində 208 ailənin, yəni, 749 nəfərin daimi məskunlaşması təmin edilib.
Əlbəttə ki, bu tam siyahı deyil. Görülən işlər qısa müddət üçün böyük olsa da, Füzulinin tam tikilməsi, inkişaf etdirilməsi qarşıdakı zamanların öhdəsindədir.
Prezident İlham Əliyevin dediyi kimi: “Biz yalnız zamanla yarışırıq”. Yarışdığımız bu zaman işğaldan öncəki işıqlı, səsli-küylü, firavan Füzulini bizə geri qaytaracaq!
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini