Siyasət

  • 589

Azərbaycan beynəlxalq tədbirə hazırlıq mərhələsində

image

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub

Artıq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a Azərbaycanın ev sahibliyi etməsinə sayılı günlər qalıb. COP29-a yüksək səviyyədə ev sahibliyi edəcək. Azərbaycanda hazırlıq işləri geniş vüsət alıb. Ölkəmizdə COP29-un yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülür, lazımi infrastruktur yaradılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub. Ərazidə icra edilən tikinti-quraşdırma işləri yekun tamamlanma mərhələsindədir. Hazırlıq işlərinin sürətlə davam etdiyi nəzərə alınaraq tədbir məkanının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) tələb olunan tarixdə təhvil verilməsi planlaşdırılır. Prezident İlham Əliyevə COP29 konfransının ilk günlərində baş tutacaq Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin təşkili istiqamətində atılan addımlar və icra olunan işlərlə bağlı da geniş məlumat verilib.

Dövlətimizin başçısı ərazidə yaradılmış infrastruktur və qurğular, informasiya texnologiyaları və təhlükəsizliyi sahəsində icra olunan tədbirlər, COP29 məkanının enerji ehtiyaclarının yaşıl enerji mənbələrindən qarşılanması üçün tətbiq edilən həllər, iştirakçıların qeydiyyat prosesi və digər sahələrdə görülən işlərlə yaxından tanış olub.

Dövlətimizin başçısı Media Mərkəzinə də baxıb. Burada konfrans çərçivəsində media nümayəndələrinin səmərəli işinin təşkili üçün hərtərəfli şərait yaradılır. Konfransın işıqlandırılması üçün bugünə qədər ən nüfuzlu qlobal media qurumları da daxil olmaqla çox sayda media nümayəndəsi akkreditasiyadan keçib. Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verib.

AZƏRBAYCANDAKI ƏN BÖYÜK STADİON

Qeyd edək ki, bu tədbirlə bağlı stadionun 49 hektarlıq perimetrində Mavi Zona üzrə aparılan tikinti işləri, məkanların dizaynı, qonaqlar üçün müxtəlif xidmətlərin təşkili, paytaxtda nəqliyyat əməliyyatlarının hazırlığı, qonaqların yerləşdirilməsi prosesi və digər işlər diqqətdə saxlanılıb. 8 hektar ərazidə Yaşıl Zona qurulub. Qeyd edək ki, Bakı Olimpiya Stadionu Azərbaycandakı ən böyük stadiondur. 2015-də baş tutan Bakı-2015 1-ci Avropa Oyunlarının əsas idman məkanı kimi istifadə edilmişdir və eyni tədbirin açılış və bağlanış mərasimlərinə və atletika idman növünə ev sahibliyi etmişdir. Məkan Azərbaycan Futbol Komandasının oyunlarına və konsertlərə ev sahibliyi edir. AVRO-2020 Avropa Çempionatının qrup və final mərhələsinə ev sahibliyi edib. 2019-cu ildə burada UEFA Avropa Liqasının finalı keçirilib. Bakı Olimpiya Stadionu aralarında "Allianz Arena", "Aviva Stadium", "Nou Kamp" və "Santyaqo Bernabeu" kimi dünyaca məşhur stadionlar olan UEFA-nın Elit Stadionları siyahısına daxil edilib.

"YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ"

Ölkəmizdə beynəlxalq tədbirlərin təşkili Azərbaycan dövlətinin sülhsevər olduğunu və multikulturalizm siyasətini bir daha dünya ictimaiyyətinə təqdim edir. Beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün ölkəmizə olan etimad Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir. Eyni zamanda, bütün bu tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirir. Beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan COP29-un təşkili baxımından üzərinə düşən vəzifəni layiqincə yermək məqsədi ilə tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi Azərbaycanın davamlı inkişaf istiqamətindəki qlobal səylərin önündə olmasına sadiqliyini nümayiş etdirən strateji addımdır. COP29-a hazırlıqla bağlı isə Prezidentin müvafiq sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb, əlaqədar qurumlar səfərbər edilib.

Bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi təkcə beynəlxalq ictimaiyyətin ölkəmizə etimadının göstəricisi deyil, həm də iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli işlərin aparılması üçün əlverişli fürsət və böyük məsuliyyətdir. COP29-a hazırlıq sürətlə aparılır. Ölkəmizdə hazırlıqla bağlı həyata keçirilən tədbirlər sırasında müxtəlif təşkilatlar tərəfindən təşkil olunan təlimlər də xüsusi rol oynayır.

"İQLİM DƏYİŞİKLİYİ İLƏ BAĞLI BU QLOBAL TƏDBİRƏ EV SAHİBLİYİ ETMƏK İSTƏYİMİZİN OLMASI BİZİM İRADƏMİZİ NÜMAYİŞ ETDİRİR"

Azərbaycan 1990-cı il ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Əlbəttə ki, yaşıl enerjinin inkişafı və yaşıl enerjinin dünya bazarlarına çıxışı hazırda Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi uğurumuzda mühüm əhəmiyyət kəsb edir. "Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək", - deyə Prezident çıxışlarının birində bildirib. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.

Azərbaycanın enerji keçidinə kompleks yanaşması iqtisadi artımın və elektrik enerjisinə artan tələbatın səbəb olduğu dəyişən enerji mənzərəsində özünü göstərir. Mütəxəssislərin qənaətinə görə, ölkənin dayanıqlı enerjiyə diqqəti yaşıl enerjini təşviq edən və istixana qazı emissiyalarını azaldan xarici siyasət təşəbbüsləri sayəsində beynəlxalq miqyasda yayılır. Azərbaycan alternativ enerji mənbələrinə uğurlu keçid nümunəsidir və yaşıl enerjiyə keçidə yönəlmiş innovativ yanaşmaların tətbiqi üzrə regionda liderdir, iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizəyə ciddi töhfə verir.

"İqlim dəyişikliyi ilə bağlı bu qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması bizim iradəmizi nümayiş etdirir" – deyən Prezident İlham Əliyev bildirib ki, bizim tədbirə ev sahibliyi etmək və bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir.

ÖLKƏMİZİN ENERJİSİ, GEOSİYASƏTİ ÜÇÜN SON DƏRƏCƏ VACİB TOPLANTI

Bildirək ki, COP28 ötən il Dubayda keçirildi, bu il isə dünyanın gözü COP29-a ev sahibliyi edəcək Bakıda olacaqdır. Bütün dünya ölkələrinin dövlət rəhbərləri bir araya gəlib iqlim dəyişikliyi ilə bağlı, məhz Bakıda həlli yollarını axtaracaqlar. Bu ölkəmiz üçün, onun enerjisi, geosiyasəti üçün son dərəcə vacib bir toplantı kimi əhəmiyyət daşıyacaqdır. COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycan platformasında baxılacaqdır. 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulan Azərbaycan beynəlxalq ekoloji təşəbbüslərdə mühüm rol oynayıb. Dubaydakı COP28 sammitində Azərbaycanın yüksək səviyyədə təmsil olunması bunun daha bir təzahürüdür. COP28 sammitində Azərbaycanın fəal iştirakı əlbəttə ki, ölkəmizin qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verməsinə əsaslanır.

COP29-a ev sahibliyi etmək qərarı Bakının iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyidir. Artıq COP29-un başlamasına qısa bir zaman qalıb. Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi edəcək.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər