Siyasət

  • 849

Şərəf və qürur tariximiz - 18 oktyabr Müstəyilliyimizin Bərpası Günü ŞƏRH

image

33 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün ərzində müzakirə etsə də, qərarın verilməsini bir həftə sonraya saxladı. Nəhayət 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında sənəd qəbul edildi. 2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu.

Prezident İlham Əliyev müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına müraciətində bildirib ki, bu gün biz müstəqilliyimizin bərpasının ildönümünü qalib xalq kimi qarşılayırıq və mənim təşəbbüsümlə irəli sürülmüş qanun layihəsinin qəbul olunması ilə bu ildən etibarən 18 oktyabr ölkəmizdə Müstəqilliyin Bərpası Günü kimi qeyd ediləcək»: «Bu gün biz 30 illik müstəqillik tariximizdə ilk dəfə olaraq müstəqilliyimizin bərpasının ildönümünü ərazi bütövlüyünü təmin etmiş qalib xalq kimi qarşılayırıq»,- deyə müraciətdə vurğulanır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirir ki, müstəqillik illərində bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq: «Biz bu il müstəqilliyimizin 30 illiyini qeyd edəcəyik… 30 ildən sonra biz bu günü qürur hissi ilə qarşılayırıq. Biz müstəqilliyimizin 30 illiyini Qələbə qazanmış, Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd edəcəyik. Müstəqilliyimizin möhkəmləndirilməsi işində bundan sonra da fəaliyyət göstəriləcəkdir. Bu, əbədi prosesdir. Müstəqillik deyəndə təbii ki, mən real müstəqilliyi nəzərdə tuturam. Burada da Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir. Ancaq Azərbaycan xalqının iradəsi Prezident kimi mənim üçün əsas məsələdir. Son illərin tarixi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı öz müstəqil yolundan döndərə bilmədi.»

«Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir» söyləyən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu reallığı da diqqətə çatdırır ki, müstəqillik illərində biz bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq.

Ali Baş Komanda nonu da bildirdi ki, 44 günlük müharibədə və bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır.

Dövlətinin, xalqının gələcəyini düşünən lider hər zaman uğurların təminatçısı olur. Təbii ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Amma xalqımız bu ağır günlərdə qətiyyət, möhkəm iradə nümayiş etdirərək öz taleyinə sahib çıxdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Əslində, Azərbaycan əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan möhkəm təməllər üzərində yeni inkişaf yolunu tutdu. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən Ulu Öndər Heydər Əliyev müasir dövlət quruculuğu istiqamətində işlərə başladı. Ümummilli Liderin yorulmaz səyləri nəticəsində qısa müddətdən sonra Azərbaycanın səsi dünyanın ən nüfuzlu təşkilatların yüksək kürsülərindən gəldi. Bir sözlə, əgər Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi Ümummilli Liderin adı ilə bağlıdır.

Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ulu Öndərin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi və inkişafa nail olub. Azərbaycan yerləşdiyi bölgədə cərəyan edən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir ölkəyə çevrilib. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə dayanır.

Ölkəmizə yeni can verən Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndər Heydər Əliyevin bu arzusunu da onun layiqli davamçısı Prezident İlham Əliyev reallaşdırdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi. Artıq işğaldan azad olunmuş ərazilərimizə həyat qayıdır. Dövlətimizin başçısının göstərişinə əsasən azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı icra olunur. Görülən işlər Azərbaycan dövlətinin gücünü, qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirir. Təbii ki, ölkəmizin qüdrətini nnümayiş etdirən daha bir hadisə bu il sentyabrın 19-20-də baş verdi. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın qeyri-qanuni erməni silahlı birləşlələrindən təmizlənməsi və ərazilərimizdəki qondarma rejimin ləğv edilməsi istiqamətində başlatdığı lokal xarakterli antiterror tədbirləri qısa müddətdə böyük uğurla nəticələndi. Qeyri-qanuni erməni silahlı birləşmələrinin tərk-silah olunması, qondarma rejiminin özünü buraxdığını elan etməsi ilə Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etdi. Beləliklə, bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır. Özünün müdrik, uzaqgörən və qətiyyətli Liderinin rəhbərliyi ilə möhtəşəm uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!

Bugünümüzün əsas hədəfi, arzusu, istəyi işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işlərini tamamlamaq, soydaşlarımızın Böyük Qayıdışını təmin etməkdir. Artıq Qarabağımızın cənnət məkana çevrilməsi üçün bütün zəruri tədbirlər görülür. Bu gün Şuşamız, Cıdır düzü «Xarıbülbül» musiqi festivalına, Vaqif Poeziya Günlərinə ev sahibliyi, iki dost, qardaş ölkənin Müttəfiqlik sənədinə-Şuşa Bəyannaməsinə şahidlik edir. İşğaldan azad edilmiş torpaqlarımız hər gün qonaqlarını qarşılayır, onlara erməni vəhşiliklərini izləmələri üçün şahidlik edirlər.

Müstəqilliyinin bərpasını Qələbə sevinci ilə qeyd edən Qarabağlı Azərbaycanımız! Şükürlər olsun ki, 33 ildən sonra ərazi bütövlüyünün bərpasına nail oldun, adını qalib ölkə kimi tarixə yazdın. Zəfərin mübarək, Azərbaycan! Müstəqillik tarixinin Zəfəri növbəti səhifələrini daha zəngin, möhtəşəm edəcək. Və bu gün hər bir azərbaycanlı dövlət müstəqilliyini həm də ümummilli liderin ən dəyərli mirası olaraq göz bəbəyi kimi qorumalı, doğma Azərbaycanın inkişafı, çiçəklənməsi naminə səylə çalışmalıdır.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf ” İctimai Birliyinin sədri

Digər xəbərlər