Siyasət

  • 1 107

Füzulidə Şəhər Günü qeyd olunub - YENİLƏNİB

image

17 Oktyabr - Füzuli Şəhəri Günüdür. Bu münasibətlə Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Füzulidə təntənəli Şəhər Günü tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

Doğma yurda qayıtmış Füzuli sakinləri bu gün böyük həvəs və sevinclə bayram şölənini qeyd ediblər.

Tədbir çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri, şair Arif Buzovnalının aparıcılığı ilə "Füzuli 530" tamaşası nümayiş olunub. Xanəndələr Orxan Hüseynli, Könül Məmmədli Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin qəzəlləri üstündən muğam parçaları ifa ediblər. Qiraətçilər Əzizəxanım Kazımova və Ağaəli Kərimlinin qiraətində dahi şairin qəzəlləri səsləndirilib. Şairlər Kamal Hüseynzadə və Elsər Qədri Füzulinin qəzəllərinə yazdıqları nəzirələri tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Sonra Füzulinin "Leyli və Məcnun" poeması əsasında xoreoqrafiya kompozisiyası nümayiş edilib. Kompozisiyanın müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, rejissoru isə Əməkdar artist Loğman Kərimovdur.

Əvvəlcə dövlət və hökumət rəsmiləri Füzuli Şəhəri Günü münasibətilə təşkil olunmuş sərgiyə baxıblar.

Çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov azad Füzulidə ikinci dəfədir Füzuli Şəhəri Gününün keçirildiyini xatırladıb. O, bu günü bizə canı, qanı bahasına yaşadan şəhidlərimizi ölməz qəhrəmanlar adlandıraraq deyib: "Dörd il bundan əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə igid oğullarımız ən çətin döyüşlərdən çıxaraq, Füzuli şəhərini işğaldan azad etdilər. Bu gün hamımız Füzulidə həyata keçirilən bərpa-quruculuq işlərinə şahid oluruq. Bütün bu işlər Prezident İlham Əliyevin bilavasitə nəzarəti, diqqəti və qayğısı ilə həyata keçirilir".

Füzuli şəhərində hazırda 822 ailənin yaşadığını bildirən E.Hüseynov əlavə edib: "İnanıram ki, onlar yaşayışlarından çox məmnundurlar. Burada dövlətimizin gücü, qüdrəti hesabına yaradılmış gözəl şəraitdən istifadə edirlər. Bizim balaca sakinlərimiz, gənc nəslimiz Azərbaycanda tayı-bərabəri olmayan bir məktəbdə təhsil alırlar. Bu gün qalib dövlətin yenilməz ruhlu gənc nəsli yetişir".

Daha sonra qala-konsert təqdim olunub, tanınmış incəsənət ustalarının ifasında xalq və bəstəkar mahnıları səsləndirilib. Tədbir iştirakçıları, həmçinin rəngarəng tematik sərgilərlə tanış olub, incəsənət ustalarının, bədii kollektivlərin ifasında maraqlı konsert proqramını izləyiblər.

Gün ərzində proqram çərçivəsində "Ümummilli Lider Heydər Əliyev və Füzuli", "Zamanın qanadlarında: Füzuli" adlı fotosərgilər, "Mənim Füzulim" rəsm sərgisi, dekorativ-tətbiqi xalq sənəti növləri üzrə ustad dərsləri və uşaqlar üçün əyləncə zonası təşkil olunub. Həmçinin Füzuli rayonunun tarix və mədəniyyət abidələri haqqında məlumatlar təqdim edilib, burada aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanmış maddi-mədəniyyət nümunələri nümayiş olunub.

Füzuli şəhəri 1-ci yaşayış məhəlləsinin daxilində mövcud olan kiçik parkın ərazisində qurulan eyni dizayn görkəminə malik pavilyonlarda (çadırlarda) Qarabağ Dirçəliş Fondunun (QDF) sifarişi ilə hazırlanan Füzuli Mərkəzi Parkı və Fond tərəfindən həyata keçirilən layihələr haqqında geniş məlumatlar təqdim edilib. Eyni zamanda, "ABAD" üçün ayrılmış xüsusi çadırda bir sıra dekorativ-tətbiqi xalq sənəti növləri üzrə ustad dərsləri təşkil olunub. Bu dərslər arasında keramika sənəti, bədii rəsm, vitraj və digər sənət növləri yer alıb. Çadırda əl işləri, sərgi-satışı və "ABAD"ın qida məhsullarının dadım mərasimi təşkil olunub.

Eyni zamanda, Füzulidə ilk dəfə keçirilən "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirində iştirak edən xarici qonaqlar Füzuli Şəhəri Gününə də qatılıblar. Qonaqlar Şəhər Günü münasibətilə təşkil olunmuş sərgi ilə tanış olublar.

Daha sonra Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində "Ay Elim Füzuli" adlı konsert proqramı təşkil edilib. Konsertdə Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri ifa edilib.

Sonda Füzuli Şəhəri Günü möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis olunub. Sərəncama əsasən, oktyabrın 17-si Füzuli Şəhəri Günüdür.

Digər xəbərlər