Otuz ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız İkinci Qarabağ müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. 44 günlük Vətən müharibəsinin 24-cü günü - 20 oktyabr 2020-ci ildə hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması İkinci Qarabağ müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.
Xatırladaq ki, Zəngilan rayonu Ermənistan tərəfindən 29 oktyabr 1993-cü il tarixində işğal olunub. 27 illik işğal dövründə düşmənlərimiz tərəfindən rayon tamamilə dağıdılıb, zəngin təbii ehtiyatlarımız talanaraq xarici ölkələrə daşınır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində yeni tarix yazıb. Şanlı Ordumuz tərəfindən aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində 2020-ci il oktyabrın 20-də Zəngilanı işğaldan azad etməyə nail olub. Dekabrın 23-də isə Prezident İlham Əliyev Zəngilanda Azərbaycan bayrağını ucaldıb. Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Zəngilan şəhəri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri işğaldan azad edilib. 44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi. Bu xoş xəbərlərdən birini də 20 oktyabr 2020-ci il tarixində Prezident İlham Əliyev xalqa çatdırdı: “Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!
Əziz xalqım, əziz zəngilanlılar, füzulililər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq! Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”
Azərbaycanın Ordu arsenalında müasir silahlar, avadanlıqlar, uçuş aparatları mövcuddur. Təbii ki, bunun qarşısında düşmən tab gətirə bilməzdi. Beləliklə, əvvəlcə 2016-cı il Aprel hadisələrındə zərbəendirici pilotsuz uçuş aparatları heyətinin yüksək peşəkarlığı nəticəsində düşmənə dəqiq və sarsıdıcı zərbələr endirildi. 2020-ci ildə, İkinci Qarabağ müharibəsində əldə olunan nailiyyətlər məhz ilk dəfə 2016-cı ildə müasir uçuş vasitələrinin tətbiqi ilə qazanılan uğurların davamı idi. Zəngilan rayonunda Bartaz yüksəkliyinin düşməndən azad edilməsi zamanı havada və döyüş meydanında üstünlüyü tam ələ alan pilotsuz uçuş aparatları sayəsində onun illər boyu güvəndiyi hərbi güc dəmir tullantısına çevrilib. Həmin döyüş əməliyyatları zamanı "Harop" və "Bayraktar-TB2" PUA-larının birgə döyüş tətbiqi üzrə unikal hərbi təcrübə formalaşdırılıb.
Ölkəmiz İkinci Qarabağ müharibəsi yekunlaşdıqdan dərhal sonra düşmən tapdağından xilas edilən ərazilərdə sürətli şəkildə yenidənqurma işlərinə başlayıb. İran və Ermənistanla həmsərhəd olan Zəngilan strateji cəhətdən vacib əhəmiyyət kəsb edir. Rayon rəşadətli Ordumuz tərəfindən işğaldan azad edildikdən sonra Azərbaycanın Zəngəzur bölgəsinə nəzarət imkanları yaranıb. Bu da gələcək perspektivlər baxımından önəmlidir. Strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda tikilən Beynəlxalq Hava Limanının 20 oktyabr 2022-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi olub. Qeyd edək ki, bu Hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Bundan əlavə, 2021-ci il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Zəngəzur dəhlizinin-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Zəngilan rayonunun azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyini dövlətimiz yüksək qiymətləndirib. Zəngilanda və rayonun strateji yerlərində aparılan döyüş əməliyyatlarında tarixi Qələbəyə imza atan Dövlət Sərhəd Xidmətinin və Müdafiə Nazirliyinin hərbi qulluqçuları Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə medallarla təltif ediliblər.
Bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Öz doğma yurdlarına məcburi köçkünlərin dönüşü üçün Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın, Füzuli şəhərlərinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub.
Hazırda azad olunan ərazilərdə bərpa-quruculuq işlərinin aparılması sakinləri sevindirir. Bu 4 il ərzində artıq Zəngilanda bir çox yenidənqurma işləri görülüb. Dövlətimizin başçısının tapşırığı ilə Zəngilanın “Ağıllı kənd”ində müasir, yeni evlər inşa olunub. Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışını, həyata keçirilən infrastruktur layihələrini görəndə hər birimizdə qürur hissi yaradır.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini