Zəngilanın azad edilməsi 44 günlük müharibənin gedişində mühüm qələbə idi. Bu diyarın Ermənistanla həmsərhəd olması və tarixi Azərbaycan torpağı Zəngəzurun bir hissəsi kimitarixi əhəmiyyət kəsb edir. Müharibənin strategiyasının peşəkar qurulmasının nəticəsidir ki, bu qələbə ilə Qarabağdakı terrorçu qüvvələr, erməni qoşunu mühasirəyə düşdü.
Ali Baş Komandan İlham Əliyev Zəngilan şəhərinin azadedilmə xəbərini xalqa xüsusi coşqu ilə çatdırdı: “Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!”
Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Eyni zamanda Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilmiş oldu. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır. Azad olunandan sonra Zəngilanda minatəmizləmə əməliyyatları ilə yanaşı paralel olaraq yenidənqurma və bərpa işləri də davam etdirilir.
Bu gün Qarabağda quruculuq-bərpa işləri yüksək templə davam edir. Ölkənin bütün potensialı işğaldan azad olunmuş tarixi Azərbaycan torpaqlarında insan cəmiyyətinin bərpasına yönləndirilmişdir. Düşmən tərəfindən illərlə “ölü zona”ya çevrilmiş Qarabağ torpaqları tam şəkildə çoxsahəli potensialına uyğun olaraq bərpa edilir. Bərpa ilə yanaşı yeni texnologiyaların tətbiq edilməsi ilə, ən yeni layihələrin icrası ilə son dərəcə modern yaşayış evləri, sosial-iaşə obyektləri yaradılır.
Prezident İlham Əliyevin vaxtaşırı Qarabağa səfərlər etməsi, görülən bərpa-quruculuq işlərini yaxından izləməsi Qarabağın dirçəldilməsinin qısa vaxta ərsəyə gələcəyinə dəlalət edir. Qarabağda minlərlə məcburi köçkün ailəsinin ümidləri inşa edilir. Torpaqları azad etmək ona sahib çıxmağın ilkin mərhələsidir, əsas məsələ bölgəni dirçəldib orada möhkəmlənməkdir.
Zəngilan rayonunda görülən işlərlə tanış olan Cənab İlham Əliyev quruculuq straategiyasının əsas prinsipini belə ifadə etdi: “İndi böyük şəhərdən kiçik şəhərə, kəndə qayıtmaq o qədər də asan məsələ deyil. Bunu hər kəs anlamalıdır. Nəzərə alsaq ki, qayıdış da könüllü olmalıdır və biz elə şərait yaratmalıyıq ki, hər kəs qayıtmaq istəsin.” Məhz bu prinsip əsasında Qarabağa qayıdış prosesi başladılmışdır.
Zəngilan rayonunun Ağalı kəndində 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Modern kənd layihəsi olan Ağalı kəndində yaradılacaq “Ağıllı məktəb”də distant təhsilin aparılması üçün bütün imkanlar olacaq. Bakı şəhərində yerləşən Heydər Əliyev adına Müasir Təhsil Kompleksi ilə Ağalı kənd məktəbi əməkdaşlıq edəcək. Beləki, kompleksin pedaqoji heyəti Ağalı kənd məktəbinin müasir texnologiyalar əsasında təhsilin təşkilində istiqamətverici missiyanı həyata keçirəcək.
Leyla Hüseynova
YAP Yasamal rayonuAMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu üzrəərazi partiya təşkilatının sədr müavini