29 oktyabr 1993-cü il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonu işğal edilib. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən Zəngilan mühüm strateji və coğrafi əhəmiyyətə malik ərazi idi.
Zəngilan şəhərinin işğaldan azad edilməsindən artıq 4 il ötür. Ümummilli lider Heydər Əliyev Zəngilan haqqında demişdir: “Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var. Azərbaycan xalqının həyatını əks etdirən tarixi hadisələr baş vermişdir. Zəngilanda keçmiş əsrlərdə də xalqımızın çox hörmətli, dəyərli insanları yaşayıblar, yaradıblar və beləliklə də Zəngilan həm öz təbiətinə görə, həm də o torpaq üzərində yaşayan insanların qurduqlarına, yaşatdıqlarına görə və bu günkü nəsillərə çatdırdıqları irsə görə Azərbaycanın qiymətli bir diyarıdır, qiymətli bir hissəsidir”.
Zəngilan rayonu Azərbaycanın təbii sərvətləri, tarixi-mədəni və dini təyinatlı abidələri ilə zəngin rayonlarından biridir. Rayon Azərbaycan Respublikasının cənub-qərb hissəsində sonuncu rayondur. Qərbdə Ermənistan, cənubda İran İslam Respublikası, şimalda Qubadlı, şərqdə isə Cəbrayıl rayonları ilə həmsərhəddir. 8 avqust 1930-cu ildə Zəngilan rayonu yaradılsa da lakin 1993-cü il oktyabr ayının sonlarında Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmışdır. Rayonda əhali üzümçülük, ipəkçilik, taxılçılıq və digər təsərrüfat işləri ilə məşğul olurdu. Üzüm, çörək və konserv zavodları, xəstəxanalar, orta məktəb binaları, bank, İcra Hakimiyyəti binası, və s. sosial obyektlər vardı. “Qotur su” deyilən yerdə sağlamlıq zonası yaradılmışdı. İşğaldan öncə 66 ümumtəhsil məktəb, bir orta texniki-peşə, iki musiqi məktəbi, 18 uşaq bağçası, 50 kitabxana, 9 mədəniyyət evi, 7 səyyar avtoklub, 21 kino qurğusu, 2 diyarşünaslıq muzeyi, Mincivan qəsəbə dəmiryol xəstəxanası, “Ağ oyuq” nəhəng suvarma qurğusu inşa edilmişdir. Təbii Çinar meşəsinin sahəsinə görə planetdə ikinci, Avropada birinci olan dünyaşöhrətli füsünkar bir məkan olmasına baxmayaraq erməni işğalı nəticəsində həmin çinar meşəsində ağaclar kəsilmişdir. Zəngilan rayonu işğaldan azad edildikdən sonra yenidən həmin meşələrdə cənab Prezident İlham Əliyev və birinci-vitse prezident Mehriban Əliyevanın təşəbbüsü ilə çinar ağacları əkilmişdir.
Zəngilan rayonu hələ işğal altında olarkən rayonun dini, mədəniyyət və tarixi abidələri dağıdılmış və vandalizmə məruz qalmışdır. Zəngilan şəhərindəki məsciddən də tövlə kimi istifadə edilib. Torpaqlarımız işğaldan azad olduqdan sonra burada yenidən quruculuq və bərpa işləri davam etdirilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zəngilandakı dini, tarixi və memarlıq abidələrin, məscidlərin bərpası işləri sürətlə davam etdirilir. 26 aprel 2021-ci il tarixində məscidin təməl qoyması olmuşdur və bu günə qədər də bərpa işləri fasiləsiz həyata keçirilir.
2020-ci ildə Zəngilan erməni işğalından azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident xanım Mehriban Əliyeva buraya bir neçə ziyarət etmişlər. Zəngilanın işğaldan azad olunması ilə Ulu Öndər Heydər Əliyevin vəsiyyətini cənab Prezident yerinə yetirdi. Azərbaycan iqtisadiyyatının gücü hesabına Ağalı kəndində “Ağıllı kənd” layihəsi üzrə zəngilanlıların köç mərhələsi baş tutdu və bu gün də davam etməkdədir. Layihədə innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, məktəb və uşaq bağçası nəzərdə tutulub.
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrəərazi partiya təşkilatının sədr müavini