PDF Oxu

Siyasət

  • 2 518

Zəngilanlılar Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətini və siyasi iradəsini yüksək qiymətləndirirlər ŞƏRH

Zəngilanlılar Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətini və siyasi iradəsini yüksək qiymətləndirirlər ŞƏRH

2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu əks-hücuma keçdi. Hərbi əməliyyatların gedişində Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Şanlı Ordumuzun hissələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladılar. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. 2020-ci il oktyabrın 20-də Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad edildi.

Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa olundu. 30 ilə yaxın işğal altında qalmış 132 kilometr sərhəd tam bərpa oldu. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlandı. Azad olunandan sonra Zəngilanda minatəmizləmə əməliyyatları ilə yanaşı paralel olaraq yenidənqurma və bərpa işləri də davam etdirilir. Rayon ərazisində infrastrukturun bərpası işləri uğurla həyata keçirilir. Qarabağa "Böyük Qayıdış" məhz Zəngilan rayonunun Ağalı kəndi ilə başladı. Belə ki, rayonda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edildi.

Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı mövcuddur. Azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcək. Bundan əlavə, rayon ərazisində hava limanı da inşa edilib. 2022-ci il oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimdə iştirak etmişdilər. İşğaldan azadolunmuş ərazilərdə istifadəyə verilən, Zəngəzur dəhlizinə inteqrasiya olunacaq, eyni zamanda Şərq-Qərb nəqliyyat dəhlizinə birləşəcək beynəlxalq statuslu Zəngilan hava limanı, dəmiryolu və avtomobil yolu nəinki rayonun, eyni zamanda bütün regionun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayacaq.

Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. İnsanlar sevinir, Zəfər tarixi ilə qürur duyur. Həsrətini çəkdiyin torpağın ətrini sinəyə çəkməkdən gözəl məlhəm nə ola bilər? Təbii ki, heç nə. Bu gün zəngilanlılar Şəhid ruhuna, qəhrəman qazilərə, müzəffər ordumuza son dərəcə ehtiramını bildirir, minnətdarlıq edirlər. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətini, iradəsini isə xüsusilə yüksək qiymətləndirir, liderləri ilə qürur duyurlar. Ötən il olduğu kimi zəngilanlılar bu il də şəhər gününü böyük coşqu, sevinc və xoş duyğularla yaşayacaqlar.

Şəhər gününüz mübarək, əziz zəngilanlılar!

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər