PDF Oxu

Siyasət

  • 3 016

44 günlük müharibə - hər gün Qələbə TƏHLİL

image

"Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!" Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19 oktyabr 2020-ci il tarixində özünün rəsmi "Twitter" hesabında qeyd etmişdir. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində artıq həmin günə qədər bir neçə işğal altında olan kənd və qəsəbələrimiz, şəhərlərimiz azad olunmuşdur. Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan əks-hücum əməliyyatları öz nəticəsini verməkdə idi. Əlbəttə ki, 27 sentyabrdan oktyabrın 19-na kimi Ermənistanın itkilərinin sayı-hesabı yox idi. Düşmənin maddi itkisinin 1 milyard dollardan çox olması rəsmi mənbələrdə qeyd olunsa da real itkilər rəsmi elan edilən rəqəmlərdən dəfələrlə artıq idi. İki dəfə humanitar atəşkəsin elan edilməsinə baxmayaraq, Ermənistan atəşkəsin şərtlərini kobud şəkildə pozduğu üçün layiqli cavabını alırdı. "Biz Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialını praktiki olaraq məhv etmişik. Mən bu rəqəmləri göstərmişəm. 230-dan çox tank əsasən pilotsuz uçuş aparatları vasitəsilə, habelə tank əleyhinə müasir mübarizə sistemləri – bunu gizlətmirəm, özü tuşlanan "Spike" raketləri vasitəsilə məhv edilib. Biz dünənə qədər 36 tankı qənimət götürmüşük, çoxlu sayda digər texnikanı, o cümlədən ən müasir "S-300" zenit-raket komplekslərini, bir neçə işəsalma qurğusunu, 40-a yaxın OSA zenit-raket kompleksi qurğusunu, TOP qurğularını məhv etmişik", - deyə Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrinin birində bildirmişdi.

Vətən müharibəsində Azərbaycan tarixi günlərini yaşadı. Azərbaycan Ordusunun 2020–ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalda olan şəhər, qəsəbə və kəndlərimiz azad edildi. Tarixin yaşanılacaq zamanlarında Zəfər tariximiz şərəf tarixi olaraq vərəqlənəcəkdir. Müharibənin qızğın getdiyi günlərdə demək olar ki, hər gün kənd, qəsəbə və şəhərlərin işğaldan azad olunması xəbərini eşidirdik. "27 ildən sonra biz işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq. Müzəffər Azərbaycan Ordusu öz şərəfli missiyasını şərəflə yerinə yetirdi. İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi. Göstərdi ki, biz heç vaxt o vəziyyətlə barışmaq fikrində deyildik" – deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir. Azərbaycanın İkinci Qarabağ, 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, uzun illərdən bəri Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz, xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Vətən müharibəsində Azərbaycan xalqı ilə yanaşı, bütün dünya ermənilərin nə qədər vandal, vəhşi xislətə malik olduqlarının bir daha şahidi oldu. Döyüş meydanında ağır məğlubiyyətlərlə üzləşən Ermənistan ordumuzun hər yeni uğuruna yalnız bir o qədər aciz, azğın və namərd şəkildə reaksiya verirdi. Ermənistan ordusu dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların məskunlaşdığı Azərbaycan torpaqlarını hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan terror aktları törətdi. Yaşanan dəhşətli hadisələr bütün dünyanı sarsıtsa da, xalqımız döyüş ruhunu, birliyini və iradəsini itirməyərək daha da əzmlə və mərdcəsinə Ali Baş Komandanı və ordumuzu dəstəkləməyə davam etdi. Həyatını itirmiş mülki həmvətənlərimizin qisasını isə rəşadətli ordumuz döyüş meydanında müvəffəqiyyətlə aldı.

"BİZ ÖZ TƏRƏFDAŞLARIMIZLA ƏLAQƏLƏR ÇƏRÇİVƏSİNDƏ ÜZƏRİMİZƏ GÖTÜRDÜYÜMÜZ ÖHDƏLİKLƏRƏ SADİQİK"

Baş verənlərin fonunda Ermənistan hər gün sarsıdıcı zərbələrin hədəfində olur, geri çəkilməyə başlayır, maddi-texniki bazası durmadan zəifləyir və şəxsi heyəti tamamilə zərərsizləşdirilirdi. "Biz öz tərəfdaşlarımızla əlaqələr çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqik. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində biz həmişə həm beynəlxalq hüquqa, həm də münaqişənin dinc yolla həllinə sadiqliyimizə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanmışıq, həmin öhdəlikləri yerinə yetirməyə çalışırdıq və buna hazırlaşırdıq", - deyə Prezident İlham Əliyev müsahibəsində atəşkəslə bağlı suala cavabında bildirmişdi. Ermənistan atəşkəs rejimini kobud şəkildə pozduğunu diqqətə çatdıran dövlətimizin başçısı demişdir ki, danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edildi: "Gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirildi. Birinci hücumdan sonra, - iki hücum olub, - həlak olanlar və yaralananlar hədsiz çox idi. Yəni Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik, Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi". Azərbaycan Prezidenti qeyd edib ki, bundan əvvəl, həlak olanların cəsədlərinin, əsirlərin və girovların mübadiləsi məqsədilə atəşkəsin şərtləri razılaşdırıldıqdan sonra Ermənistan döyüş meydanında da atəşkəs rejimini pozurdu. Lakin onlar bununla kifayətlənmədi və Gəncə şəhərinə hücum etdilər. "Yenə gecə vaxtı. Bu, çox alçaq cinayətdir. Bu, beynəlxalq terrorizmdir. Dünya birliyinin bu qanlı cinayəti bir səslə pisləməsi o deməkdir ki, bu, ermənilərə baha başa gələcək. BMT-nin Baş katibi də, Avropa İttifaqı da, bir çox ölkələr də bu beynəlxalq terrorizm aktını milli səviyyədə pisləyiblər", - deyə Prezident İlham Əliyev vurğulamışdı.

"BİZ DÖYÜŞ MEYDANINDA TAM ÜSTÜNLÜYÜ ƏLDƏ ETMİŞİK"

21 oktyabr 2020-ci il. Vətən müharibəsinin tarixi günlərini yaşayırdıq. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və onun mükəmməl rəhbərliyi ilə irəliləyən müzəffər Ordumuz hər gün irəliyə doğru gedərək, düşməndən intiqamını alaraq, yeni qələbələrimizi tariximizə həkk edirdi. Azərbaycan Prezidenti demək olar ki, hər gün "Twitter" səhifəsindən xalqa verdiyi müjdələr, eləcə də tarixi günlərdə xalqa müraciəti tezliklə zəfər qazanacağımızdan xəbər idi. "Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!". Bu sözlər 21 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi "Twitter" səhifəsində yer almışdır. Elə həmin gün Cənab Prezident "Twitter" səhifəsində "Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"-deyə bildirmişdir. Hər gün kənd və qəsəbəlrimizin, şəhərlərimizin işğaldan azad olunması xəbəri insanlarda inam hissini daha da yüksəldirdi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev sentyabrın 27-dən 21 oktyabr tarixinədək Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurulduğunu qeyd edərək demişdir: "...Biz döyüş meydanında tam üstünlüyü əldə etmişik və demək olar ki, Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilmişik. Ancaq sual olunur: bu qədər silah, bu qədər texnika Ermənistanda haradandır? Ermənistanın hərbi büdcəsi bəlli, Ermənistanın dövlət büdcəsi də bəlli. Ermənistan bankrot ölkədir. Bu ölkənin xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil edir. Bu ölkənin sərbəst valyuta ehtiyatları cəmi 1,5 milyard dollardır, bu da bank rezervləridir. Bu, yəni sərbəst vəsait deyil. Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti aşağısı 2 milyard dollar səviyyəsindədir. Ancaq hələ də bunların texnikası qalıbdır. Hələ də həm işğal edilmiş torpaqlarda, eyni zamanda, Ermənistan ərazisində. Sual olunur, kim onları silahlandırır?".

Prezident İlham Əliyev müharibənin getdiyi zaman çərçivəsində dəfələrlə beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini ifşa edərək, təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan etmiş oldu.

ERMƏNİSTANIN MƏĞLUBİYYƏTİNİN AÇIQ ETİRAFI

Əlbəttə ki, müharibənin gedişi deməyə əsas verirdi ki, düşmən döyüş meydanında çox böyük itkilər verərək uduzmuş dövlətə çevrilirdi. Vətən müharibəsi Azərbaycanın böyük Zəfəri ilə bitdi. Azərbaycan son 2 əsrlik tarixində ilk dəfə idi ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. 44 günlük müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddətdə səbir göstərən xalqımız nəhayət, qələbəyə qovuşdu. 2020-ci ilin noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfər Ermənistanı masa arxasında oturmağa məcbur etdi. Nəhayət, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyənat imzaladılar. Bu sənəd Ermənistanın məğlubiyyətinin açıq etirafı olaraq yaddaşlara həkk olundu. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi.

Əlbəttə, ölkəmizin bu tarixi nailiyyəti Zəfər tariximiz təsadüfi xarakter daşımır və ötən müddət ərzində həm ordu quruculuğu sahəsində, həm diplomatiya cəbhəsində görülən işlərin, eyni zamanda beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli və məqsədyönlü şəkildə təbliğinin nəticəsidir. O da xüsusilə vurğulanmalıdır ki, Azərbaycanın bu qürurverici və əzəmətli qələbəsinin müəllifi xalqımızın Ulu Öndəri Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevdir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər