Tarixi Zəfər nəticəsində əldə etdiyimiz yeni dövrün reallıqları həm Böyük Qayıdışın başlanmasını sürətləndirir, həm də Azərbaycanı dünyaya əsl qurucu dövlət kimi tanıdır.
Otuz illik mübarizə, səbr və əzmin gücü ilə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun şücaəti ilə Qarabağ işğaldan azad edildi. Bu gün bu torpaqlara yeni bir həyat vermək üçün bütün qüvvələr səfərbər edilib, dağılan şəhərlərimizin, məhv edilməyə çalışılan tarixi irsimizin bərpası işləri davam etdirilir.
İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması, ölkə prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edərək dövlətimizin Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində, əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyünün göstəricisidir.
Qarşımıza qoyulmuş hədəflərin reallaşdırılmasında “Böyük Qayıdışı” təmin edən infrastrukturun yaradılması ön plana çəkilmiş və hazırlanarkən mütərəqqi beynəlxalq təcrübəyə istinad olunmuşdur. Bundan başqa, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır.
Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.
Böyük Qayıdışın ilk qədəmləri kimi Zəngilan rayonunun Ağalı kəndinə, daha sonra Laçın şəhərinə dönüş isə işğaldan azad edilmiş ərazilərdə sürətli əlverişli iqtisadi və siyasi mühit formalaşdırılmasının bariz göstəricisidir. Daha da gözəlləşən və abadlaşan rayonlarımıza köçən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunub.
İşğaldan azad edilmiş ərazilərin tam mənada inkişafına nail olmaq üçün birinci növbədə ən böyük təhlükə hesab edilən minaların və partlamamış hərbi sursatın zərərsizləşdirilməsidir. Bu, çətin bir iş olmaqla bərabər təəssüf ki, həm də uzun müddət tələb edən bir işdir. Bununla həmin ərazilər bütövlükdə tam təhlükəsiz yaşayış və sosial-iqtisadi həyatın bərpası üçün uyğun olacaq.
Strateji əhəmiyyət kəsb edən işlərin çevik həlli və ərazilərin inkişafı üçün Azərbaycanın artıq konkret yol xəritəsi vardır. Bununla biz həyat əlaməti qaytarılacaq ərazilərimizi ölkənin sosial, iqtisadi, mədəni həyatına bağlayacaq, əhalinin layiqli həyat şəraitini təmin edəcəyik.
Yeni yolların çəkilməsi, bölgədə müasir rabitə infrastrukturunun qurulması, ətraf mühitin qorunması, ekoloji cəhətdən təmiz enerji mənbələrinin yaradılması prosesi artıq başlamışdır. Ermənilər tərəfindən 30 il ərzində məqsədli şəkildə tamamilə dağıdılmış ərazilərdə hazırda ardıcıl və sürətli şəkildə tikinti işləri aparılır.
Füzulidən Şuşaya çəkilən ilk yol dönüşün uğurlu simvoludur. Hazırda dövlət büdcəsindən ayrılan vəsait hesabına işğaldan azad olunan ərazilərdə 15 avtomobil yolunun tikintisi həyata keçirilir və bütün avtomobil yolu layihələrinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulur. Nəqliyyat şəbəkəsi ilə yanaşı, paytaxtla işğaldan azad olunmuş ərazilər arasında əlaqələrin yaradılması, yükdaşımaların daha sürətli və səmərəli həyata keçirilməsi üçün “Qarabağın hava qapısı” adlandırılan Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları artıq istifadəyə verilmişdir. Hazırda üçüncü hava limanı Laçın şəhərində tikilməkdədir. Bunlar quru yol, hava yolu, dəmir yolu ilə bağlı işlərin ilkin qismidir, əlbəttə ki, Dövlət Proqramlarına uyğun olaraq bu proses davamlı şəkildə gedəcək.
İllər sonra yenidən bu torpaqlarda xoşbəxt ailələr bərəkətli süfrələrin ətrafında toplanacaq, evlər uşaqların şən gülüşləri ilə dolacaqdır. Biz burada əsrlərdən gələn adət və ənənələri, milli mətbəxin bölgəsəl sirlərini, milli musiqimizin ən gözəl notlarını, şanlı tariximizi Azərbaycan ailəsinin gündəlik həyatında yaşadacağıq.
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri