44 gündük Vətən müharibəsinin hər günü cəbhədən qələbə sorağı alır və 30 ilə yaxın Ermənistanın işğalı altında olan ərazilərimizin azad olunma sevincini yaşayırdıq. 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edərək, müzəffər Azərbaycan Ordusunun döyüş meydanında yeni qələbələr qazandığını bildirərək, "Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!" – deyə xalqımıza daha bir Qələbə sevincini yenidən yaşatmış oldu. Zəngilan Vətən müharibəsi zamanı Cəbrayıl (4 oktyabr) və Füzulidən (17 oktyabr) sonra döyüş meydanında azad olunan 3- cü şəhər kimi tariximizə yazıldı.
Azərbaycan tarix boyu işğalçılıq siyasəti ilə üz-üzə qalmışdır. Tarixin dönəmlərinə nəzər salsaq görərik ki, 1920-ci ilin axırında Ermənistan Respublikasının ərazisində sovet hakimiyyəti qurulan kimi Zəngəzur iki yerə parçalandı - Laçın, Qubadlı, Zəngilan Azərbaycan SSR-in tərkibində qaldı, bolşeviklərin tabeliyinə keçmiş yeni sovet respublikasının "təhlükəsizlinin təminatçısı" olan XI ordunun qəsdən etinasızlığı ilə ermənilər tərəfindən işğal olunmuş digər dörd rayon isə Ermənistana verildi. Xatırladaq ki, rayonun ərazisi müxtəlif tarixi dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır. Yeni bölgüyə əsasən, Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir. Son iki yüz ildə vahid təbii sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqustunda müstəqil rayon kimi formalaşır.
29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən rayon işğal olundu. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Zəngilandakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib. Ümumiyyətlə, 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb. Tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan dəyib. Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə (Ağ oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri) və 79 kənd olmuşdur. Zəngilan memarlıq abidələri ilə də zəngin bir diyardır. Bu məkanın hər bir ərazisi Azərbaycan tarixindən xəbər verir. Buradakı tarixi-dini abidələr - İmam Hüseyn məscidi (XVII əsr), Malatkeşin kəndində Məscid (XIX əsr), Qırıq Muşlan kəndində Məscid (XIX əsr), Xanazor və Yeməzli kəndlərində Alban kilsəsi, Səkkizguşəli türbə (XIV əsr), Ziya Baba ocağı, Xanazur türbəsi, Xanazor piri, Şərifan abidələri və onlarla belə nümunələr bu ərazidəki zəngin tarixi abidələrin mövcud olduğunu təsdiqləyir. İşğal dövründə bütün dini-tarixi abidələrimiz erməni vandalları tərəfindən dağıdılıb, təhqir edilib.
44 günlük Vətən müharibəsinin 24-cü günündə rəşadətli hərbçilərimiz Ali Baş Komandanını rəhbərliyi ilə 1993-cü ilin 29 oktyabrından Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Zəngilanı azad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə həyata keçirməyə imkan verdi. Azərbaycan Ermənistanın belini qırmaqla öz torpaqlarını düşmən tapdağından azad etdi. Azərbaycan Prezidenti İlham Əliyevin 23 dekabr 2020-ci il tarixində Zəngilana səfəri çərçivəsində Zəngilan şəhərində Azərbaycanın bayrağını ucaltdı. Nəhayət ki, həsrətlə gözlədiyimiz o xoşbəxt, möhtəşəm günə şahidlik etdik. Qısa bir zamanda abadlıq-quruculuq işlərinə başlanıldı. Cənab Prezidentin bildirdiyi kimi, biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Nəhayət, həmin günə şahidlik etdik. Birinci, İkinci, Üçüncü Ağalı kəndləri 2020-ci ilin oktyabrın 28-də işğalçılardan azad edildi. Altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu. 2022-ci il mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Beləcə, 2022-ci ilin iyulun 19-da Ağalı kəndinə əhalinin köçürülməsinə başlanıldı. "Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər", - deyən Prezident oraya qayıdacaq insanlara rahat şəraitin yaradılıcağını çıxışlarının birində bildirib: "Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf".
Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava limanı, məhz Zəngilanda yaradıldı. Strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı Beynəlxalq Hava Limanının açılışı olub.
Ərazidə, ilk olaraq, 200 fərdi ev istifadəyə verildi. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunub. Bu gün böyük abadlıq quruculuq işləri davam etdirilir. Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. "Ağalı" hoteli istifadəyə verilib. Xatırladaq ki, Zəngilanda yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra - 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuşdu. Artıq istifadəyə verilib. Prezident İlham Əliyevin Zəngilan-Horadiz avtomobil yolunun təməlini qoyması da bu ərazinin tezliklə dirçəlməsinin daha bir təzahürüdür.
Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir. Bu yaxınlarda Cənab Prezidentin Zəngilana səfəri zamanı Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib. Azərbaycan Prezidenti Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoyub, Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi, eləcə də, Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub. Tikiləcək yeni evlər, ictimai binalar, sosial obyektlər tezliklə buranı müasir şəhərə çevirəcək. Əlbəttə ki, görülən işlər sürətlə aparılır.
Dövlətimizin başçısı 2023-cü il iyulun 31- də imzaladığı müvafiq Sərəncama əsasən, şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır. Zəngilan Şəhəri Gününü zəngilanlılar yeni bir ab-havada, yenidən qurulan və yeni işkişaf dövrünü yaşayan ərazidə qeyd edirlər
Güləddin DADAŞOV,
YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri, "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini