PDF Oxu

Siyasət

  • 2 385

YAP-ın yaranması ilə xalqın sabaha olan inamı özünə qayıtdı TƏHLİL

YAP-ın yaranması ilə xalqın sabaha olan inamı özünə qayıtdı TƏHLİL

Ulu Öndər Heydər Əliyevin ziyalılara cavab məktubunda qeyd olunur: “16 oktyabr 1992-ci il tarixli “Səs” qəzetində dərc olunan müraciətinizlə böyük diqqət və ehtiramla tanış oldum”

Bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycan dünyanın ən inkişaf edən, demokratik dövlətlərindəndir. Təbii ölkəmizin bütün sahələrdə inkişafa, tərəqqiyə nail olunmasının əsası Dahi Öndərimiz Heydər Əliyevin birinci dəfə Azərbaycanda hakimiyyətdə olduğu dövrdə qoyulub. 1969-cu il iyulun 14-də birinci dəfə Azərbaycan Respublikasının rəhbəri seçilmək Dahi Öndərimiz Heydər Əliyev ölkəmizi sosial, iqtisadi və digər sahələrdə geridə qalan respublikadan inkişaf edən məmləkətə çevirdi. Təkcə bir faktı vurğulamaq lazımdır ki, 1969-1982-ci illərdə milli gəlir 2,6, sənaye məhsulu 2,7, kənd təsərrüfatı 2,3 dəfə artdı, 249 yeni iri sənaye müəssisəsi yaradıldı. Ölkənin sənaye potensialı əvvəlki 50 ildəkini iki dəfə üstələdi. Həmin dövrdə 813 min yeni iş yeri açıldı, əhalinin güzəranı qat-qat yaxşılaşdı. Respublikamızın elmi-texniki potensialı dəfələrlə artdı, 265 elmlər doktoru, 3141 elmlər namizədi hazırlandı. Ötən əsrin 80-ci illərinin əvvəllərində ən nüfuzlu ali məktəblərə respublikamızdan göndərilən gənclərin sayı ildə 1000-1400 nəfər təşkil edirdi. Hər il 800-1000 azərbaycanlı gənc isə ittifaqın nüfuzlu hərbi məktəblərində hərb sənətinin sirlərinə yiyələnirdi. Ulu Öndər həmin dövrdə azərbaycanlıların keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarında təhsili üçün səylə çalışır, respublikamız üçün ayrılmış müsabiqədənkənar yerlərin sayının artırılmasını Moskvadan israrla tələb edir, əksər hallarda buna nail olurdu. 1970-ci ildə respublikadan kənara oxumağa göndərilən belə tələbələrin sayı əgər 60 nəfər idisə, 1975-ci ildə onların sayı 600 nəfərə, 1978-ci ildə 800-900 nəfərə çatmışdı. Beləliklə, SSRİ-nin müxtəlif ali təhsil müəssisələrinə göndərilənlərin sayı o zaman təxminən Azərbaycan Dövlət Universitetinə bir il ərzində qəbul olunanların sayına bərabər idi. Ümummilli Lider Heydər Əliyev xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra diqqət göstərdiyi, görüşlərində iştirak etdiyi əsas insanlar sırasında Onun dəstəyi ilə ittifaqın müxtəlif ali məktəblərinə təhsil almağa göndərilən məzunlar olub. Ulu Öndərimizin belə bir görüş 1997-ci ildə keçmiş SSRİ-nin müxtəlif universitetlərində ali təhsil almış məzunlarla olmuşdur. Həmin görüşdə çıxış edən Dahi Öndərimiz Heydər Əliyev demişdir: “Azərbaycanda kadr hazırlığı məsələsi ilə şəxsən, bilavasitə ciddi məşğul olarkən və o cümlədən, sizləri respublikamızdan kənarda ali məktəblərə göndərərkən mütləq və mütləq Azərbaycanın gələcəyini, müstəqilliyini düşünürdüm. O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar müstəqil Azərbaycana lazım olacaq. Vaxt gələcək ki, nəhayət, Azərbaycan müstəqil olacaq və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər”.

Xalqı bəlalardan Ulu Öndərimiz çıxardı

Ulu Öndər Heydər Əliyevin qurub, yaratdıqlarını sonradan səriştəsiz, bacarıqsız insanlar dağıtdılar. Hətta müstəqilliyimizin ilkin dövründə yaşanan faciəvi proseslər dövlətçiliyimizi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdur. Azərbaycan müstəqillik qazandıqdan sonra hakimiyyət uğurunda aparılan savaş ölkəmizdəki ağır durumu daha da gərginləşdirdi. O dövrdə müstəqillik yollarında ilk addımlarını atan Azərbaycanda xaos və anarxiya hökm sürürdü. Zor gücünə hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü ölkənin müstəqilliyini məhv olmaqdan, xalqı üzləşdiyi bəlalardan xilas etmək üçün düşünülmüş tədbirlər görmək iqtidarında deyildi. Siyasi baxımdan təcrübəsiz, dövlət idarəçiliyində heç bir təsəvvürə malik olmayan hakimiyyət ölkəni ağır bəlalara sürükləyirdi. O illəri ölkənin tarixində ən ağır dövr hesab etmək olar. Çünki Azərbaycanın iqtisadiyyatı dağıdılmış, dövlətlərarası münasibətləri tamam pozulmuşdu, insanların sabaha olan inamları tamamilə sarsılmışdı. Azərbaycan bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə dayanmışdı. Vəziyyətin idarə olunmaz durumda olmasından istifadə edən erməni hərbi birləşmələri ardıcıl olaraq torpaqlarımızı işğal edirdilər. Bu kimi ağır problemlərin həllinə səy göstərməkdənsə, AXC-Müsavat iqtidarı narazı xalqın üzərinə güc strukturlarını göndərir, onları zor gücünə sakitləşdirməyə çalışırdı. Gəncədə baş verən qardaş qırğını ağır vəziyyətin kulminasiya nöqtəsi oldu. Azərbaycanda vətəndaş müharibəsi qaçılmaz idi. Ancaq aydın təfəkkürlü ziyalılar, böyük xalq kütlələri vətəndaş müharibəsindən qaçmağın və ölkənin düşdüyü böhrandan çıxarması yolunu Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsində gördülər. Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq üçün ziyalılar Ulu Öndər Heydər Əliyevə müraciət etdi. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı “Səs” qəzeti vasitəsi ilə Ulu Öndərimizə müraciət ünvanladılar. “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətdə deyilirdi: “Möhtərəm HEYDƏR BƏY! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu, peşəkar insanların siyasi partiyasına çevriləcəkdir. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü, aparıcı qüvvvəyə malik bir partiya kimi görürük. İnanırıq ki, Azərbaycanımızın bugünü, sabahı naminə başqa partiya, qurum və cəmiyyətlərin vətənpərvər üzvləri də həlledici anda məhz bu partiyanın mövqeyində dayanacaqlar. Yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar”.

“Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur”

Ziyalıların mövcud reallıqdan çıxış edərək Dahi Öndərimizə kömək üçün müraciət etməsi xalqın sabaha olan ümidlərini artırdı. Daim xalqın yanında olan və dövlətin inkişafı üçün bütün bilik və bacarığını əsirgəməyən Ulu Öndərimiz Heydər Əliyev ziyalıların müraciətinə müsbət cavab verdi və Yeni Azərbaycan Partiyasının yaradılması və Onun sədri olmasına razılıq verdi. Bu barədə Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda qeyd edir ki, 16 oktyabr 1992-ci il tarixli “Səs” qəzetində dərc olunan müraciətinizlə böyük diqqət və ehtiramla tanış oldum: “ Müraciətinizdən, mətbuat və televiziyadan, Azərbaycanın müxtəlif bölgələrindən gələn məktublardan aldığım məlumatlardan aydın olur ki, respublikada ictimai-siyasi və sosial-iqtisadi vəziyyət son dərəcə ağırdır. Bu şəraitdə Azərbaycan ziyalılarının narahatlığı haqlıdır və təqdirəlayiqdir”.

Dahi Öndərimiz Heydər Əliyev cavab məktubunda onu da bildirir ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur: “ Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”. Nəticə etibarilə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Ulu Öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır. Ulu Öndərin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövləti faciələrdən xilas oldu. Bütün sahələrdə, o cümlədən iqtisadi, siyasi uğurlara qazanıldı, ordu quruculuğunda geniş və uğurlu nailiyyətlə əldə olundu. Məhz ordu quruculuğunda qazanılan nailiyyətlərin nəticəsi olaraq Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Məhz bu cür hərbi qələbələrdən qorxuya düşən erməni faşist birlikləri himayədarlarının yardımı ilə cəbhədə atəşkəsə nail olundu. Atəşkəsin əldə olunması ilə Azərbaycan daha geniş formada ordu quruculuğu həyata keçirdi və nəticədə ölkəmizin Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrildi.

Ulu Öndərimiz Heydər Əliyev: “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və bütün gücümlə çalışacam ki, dövlətim müstəqil, əbədi olsun”

Dahi Öndər Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Azərbaycan həm də, dünyanın aparıcı dövlətləri ilə iqtisadi, siyasi, diplomatik əlaqələr qurdu. Ümummilli Lider Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və bütün gücümlə çalışacam ki, dövlətim müstəqil, əbədi olsun”.

Bəli, Ulu Öndərimiz Heydər Əliyevi həyata keçirdiyi müdrik siyasətə Azərbaycan qısa müddətdə əksər problemlərini aradan qaldırdı və güclü və qüdrətli Azərbaycan çevrildi. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə neft strategiyasının əsası qoyuldu. Nəticədə neft gəlirlərində əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşması ilə yanaşı ölkədə geniş və əhatəli quruculuq abadlıq işlərinin aparılmasına təkan oldu. Ümummilli Lider Heydər Əliyev 1999-cu ilin dekabrında Dövlət Neft Fondunu yaratmaqla əldə olunan gəlirin şəffaf və ədalətli bölünməsini təmin etdi. Bu gün Neft Fondunun aktivlərinin həcmi 50 milyard dollardan artıqdır. 1996-2003-cü illərdə ölkəmizdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. Ölkədə 3000 yeni sənaye müəssisəsi yaradıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Həmin dövrdə ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar geniş miqyas aldı, ölkəmizin beynəlxalq nüfuzu durmadan artmağa başladı. Ulu Öndərin müdrik siyasəti sayəsində düşmənlərin aramsız təxribatlarına, pozuculuq əməllərinə baxmayaraq, Azərbaycandakı müxtəlif mədəniyyətlərin, fərqli dünyagörüşlərinin toqquşması baş vermədi, ölkəmizdə tolerantlıq başlıca meyar olaraq qaldı. Ulu Öndər Heydər Əliyev iqtisadi inkişafı təmin etməklə yanaşı digər sahələr də mühüm addımlar atdı, qərarlar imzaladı. Ulu Öndər dünya azərbaycanlılarını müstəqil Azərbaycan Respublikası ətrafında sıx birləşməsinə nail olmaq üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etdi və Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaradılması haqqında sərəncam imzaladı. 2001-ci ilin mayın 23-də imzalanan sərəncama əsasən həmin ilin noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I qurultayı keçirilməsi diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan dövlətinə və xalqına qələbələr bəxş etməkdədir. 2003-cü ildən Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanı Dahi Öndərimiz Heydər Əliyev yolu ilə apararaq regionun lider dövlətinə, dünyada söz və nüfuz sahibinə çevirib.

Bu gün dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimizin idarəçilik sükanı başında Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, partiyamızın Sədri, Fateh Sərkərdə, Prezidentimiz İlham Əliyev durur. Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasət bir daha sübut edir ki, ulu öndərin qətiyyətli səyləri nəticəsində müstəqilliyi tam təmin olunan dövlətimiz durmadan inkişaf edir, çiçəklənir və qüdrətli dövlətə çevrilir.

Hazırda Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və Prezidentimiz İlham Əliyevin çox möhtəşəm siyasəti nəticəsində Azərbaycan günü-gündən inkişaf edir və dünyanın ən aparıcı, inkişaf edən dövlətlərdən birinə çevrilir. 44 günlük Vətən Müharibəsində əldə olunan parlaq hərbi, siyasi, diplomatik qələbə Azərbaycanın gücünə yeni güc qatdı. Torpaqlarını erməni işğalından azad edib, ərazi bütövlüyünü bərpa etməklə Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, öz gücünə hər bir ağrılı problemi həll etməyə qadirdir.

İLHAM ƏLİYEV

Digər xəbərlər