Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Bu, qürurverici və unudulmaz qələbə Zəfər tariximizn ən şanlı səhifələrindən biridir. 2020-ci ilin oktyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciətində bildirdiyi kimi, "Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram. Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir".
Cənab Prezident həmin gün etdiyi müraciəti zamanı "Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!", - deyərək xalqımıza böyük bir sevinci, iftixarı yaşatdı. Həmin tarixə qədər Azərbaycan ordusu bir sıra əraziləri işğaldan azad etmişdir. Artıq bir aya yaxın idi ki, döyüşlər davam edirdi. Cənab Prezident "Biz öz missiyamızı yerinə yetiririk", - deyərək bildirib ki, düşmənə layiqli cavab veririk: "Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq! Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!"
Bəli, Zəngilan şəhərinin işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda atılan mühüm addım idi. Zəngilanın azad olması həm də tarixi əhəmiyyətə malik olan Azərbaycan torpağının erməni vandalizmindən azad olması demək idi. Barbar həyat tərzi sürmüş erməni işğalçıları Vətənimizin bu tarixi torpağının qədim abidələrini, məzarlıqlarını vəhşicəsinə çapıb talamış, bununla da əsrlər boyu türklərə olan nifrətlərini açıq şəkildə nümayiş etdirmişlər. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyev başda olmaqla igid oğullarının qəhrəmanlığı ilə ərazimizin azad olmasında məharətlə çıxış etmiş, hətta əhval-ruhiyyələrini müharibənin ilk günlərindən qələbəyə kökləmişlər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Şanlı Qələbədən sonra Prezident İlham Əliyevin işğaldan azad alunmuş torpaqlara, o cümlədən Zəngilana səfərləri onu göstərir ki, “Böyük Qayıdış” üçün bütün mövcud potensiallar səfərbər olunub. Azərbaycan 44 günlük Vətən müharibəsi yekunlaşdıqdan dərhal sonra düşmən tapdağından xilas edilən ərazilərdə sürətli şəkildə yenidənqurma işlərinə başlayıb. Strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda tikilən Beynəlxalq Hava Limanının 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi olub. Bu Hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən 2021-ci il oktyabrın 26-da təməli qoyulan Zəngəzur dəhlizinin-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisidir. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Bundan əlavə, Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsi həyata keçirilib. 2022-ci il mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Artıq Zəngilan ölkə və beynəlxalq səviyyəli tədbirləri keçirilmə məkanına çevrilib. Bu gün Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il oktyabr ayının 20-də Zəngilan Şəhəri Günü qeyd edilir. Və dövlətimizin başçısı İlham Əliyev cənablarının siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti belə deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, o cümlədən Zəngilan rayonu da yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək. Azadlığın , Şəhər günün mübarək Zəngilan! Dövlət başçımızın 2020-ci il oktyabrın 20-də xalqa müraciətində söylədiyi kimi: «Zəngilan bizimdir! Qarabağ bizimdir!”
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri