“Azərbaycan çoxdan müstəsna regional dövlət hüdudlarından kənara çıxıb və son illər təkcə Cənubi Qafqazda deyil, onun hüdudlarından kənarda da gündəmi diktə edir”
Cənubi Qafqaz Ölkələrinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov “Moskva-B»ku" portalına müsahibəsində Azərbaycanın əsas dünya hadisələrindən birini keçirməsi ilə bağlı Qərbin son təxribat törətmək cəhdlərini şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Yevgeni Aleksandroviç, Azərbaycan, Bakının noyabrda ev sahibliyi edəcəyi BMT-nin COP29 iqlim konfransı ərəfəsində Qərb ölkələrinin bu konfransı pozmaq cəhdlərinə və tənqidlərinə daha çox məruz qalır. Üstəlik, səbəb çox “maraqlıdır”. Azərbaycanın ötən ilin sentyabrında separatçı Qarabağa qarşı “təcavüz”ü...
- Hesab edirəm ki, Azərbaycanı bundan sonra onu ləkələməyə çalışanların fikirlərinə qətiyyən əhəmiyyət verməməlidir. Bütövlükdə, Azərbaycan artıq elə bir statusa çatıb ki, Qərb ölkələrinin psevdotənqidi ilə maraqlanmır. Qərb ölkələri üçün isə Azərbaycan Respublikasının tənqidi ənənəvi siyasətdir.
Onilliklər ərzində Qərb həmişə Azərbaycanı tənqid etmək üçün hansısa səbəb tapmağa, onun irimiqyaslı beynəlxalq tədbirlər keçirməsini boykot etməyə çalışıb. Amma bu, Azərbaycanı heç vaxt dayandırmadı və böyük reputasiya xalları qazanmasına mane ola bilmədi. Bu ölkə uzun müddətdir ki, siyasidən tutmuş idmana qədər bütün növ tədbirlərə əla səviyyədə ev sahibliyi etmək nümunəsidir.
Odur ki, bəzi Qərb dövlətlərinin Fransanın, Avropa strukturlarının və ya ABŞ-ın dar mənafeləri naminə növbəti dəfə Azərbaycan haqqında- beynəlxalq səviyyədə tanınmış ərazilərinin qaytarılması məsələsində- Bakıya qarşı “nəsə deməsi” faktı tamamilə fərq etməz, çünki Azərbaycan hər şeyi beynəlxalq qaydalara uyğun etdi.
.jpg)
Üstəlik, Azərbaycanın beynəlxalq aləmdə statusu sıçrayışlarla artır. Həm də təkcə ona görə deyil ki, onun özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirib, əvvəllər işğal olunmuş ərazilərini tamamilə geri qaytarıb, suverenliyini bərpa edib. Amma həm də ona görə ki, o, getdikcə müstəqil siyasət yürüdür. Mən deyərdim ki, Azərbaycan son illər dünyada müxtəlif istiqamətlərdə ədalət uğrunda mübarizə aparır. Dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan təkcə bu strukturun sağlamlaşdırılması üçün deyil, həm də dünyada inkişaf etməkdə olan ölkələrin hüquq və mənafelərinin müdafiəsi istiqamətində xeyli işlər görüb. Bunda Bakı və Moskvanın fikirləri oxşardır - dünya daha ədalətli olmalıdır.
Bunun ardınca Azərbaycan neokolonializmlə mübarizə mövzusunu qaldırmağa başladı və hazırda bu istiqaməti fəal şəkildə təbliğ edir.
COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas ideyalarından biri münaqişə tərəfləri- qlobal Şimal və qlobal Cənub arasında körpülər qurmaqdır. Həmçinin, Azərbaycan COP29 iqlim dəyişikliyi ilə mübarizədə kollektiv irəliləyişə dair iddialı məqsəd qoyur. Azərbaycan əvvəllər bağlanmış əsas iqlim sənədlərinin, o cümlədən əsas sənədlərin- Paris İqlim Sazişinin auditini aparmaq və inkişaf etməkdə olan ölkələr də daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirmə sxemlərini hazırlamaq niyyətindədir.
Azərbaycan da iqlim konfransı zamanı dünyaya münaqişələrin dayandırılmasını təklif edib. Qoşulmama Hərəkatına üzv olan 127 ölkə bu təklifi dəstəkləyib. Bu isə Bakının təşəbbüsünün dünya əksəriyyəti tərəfindən dəstəklənməsi deməkdir.
Yəni, Azərbaycanın öhdəsinə götürdüyü hər şey, bütövlükdə, təkcə milli maraqların reallaşdırılmasına deyil, həm də dünyada vəziyyəti müsbətə doğru dəyişməyə yönəlib. Bu baxımdan demək olar ki, Azərbaycan Respublikası çoxdan müstəsna regional dövlət hüdudlarından kənara çıxıb və son illər təkcə Cənubi Qafqazda deyil, onun hüdudlarından kənarda da gündəmi diktə edir.
- Ermənistan, bildiyiniz kimi, ötən ilin sonunda sülhpərvər addım olaraq, COP29-un Azərbaycanda keçirilməsinə dəstək verdi. Konfransda Ermənistan nümayəndəsinin iştirak etməsi tamamilə mümkündür. Eyni zamanda, İrəvan hələ də vaxtaşırı Qarabağdakı vəziyyətlə bağlı hansısa “Azərbaycan təcavüzü” elan edir... Bu, bir-birinə necə uyğun gəlir?
- İnanıram ki, İrəvanın Azərbaycana qarşı sülhsevər yanaşmanı təbliğ etməsinə baxmayaraq, İrəvanın yenə də ikili oyun oynadığı göz qabağındadır. Axı Qərb İrəvanı dəstəkləyir. Əslində bu vəziyyətdə biri olmadan digəri mümkün deyil.
Bundan əlavə, bu gün Ermənistan mətbuatında Azərbaycana belə genişmiqyaslı konfransa ev sahibliyi etmək imkanı verilməsi ilə bağlı tənqidlərin şahidi oluruq. Amma Azərbaycan üçün- necə deyərlər: it hürə, karvan keçər. Tədbirin Azərbaycanda baş tutacağına görə əhəmiyyətinin bir növ azalması üçün Ermənistan və onu dəstəkləyən dövlətlər heç bir ciddi rol oynamayacaq. Şübhə yoxdur ki, Azərbaycan COP29-a uğurla ev sahibliyi edəcək və bu konfransda Azərbaycanın, eləcə də kollektiv qlobal çoxluğun təklif etdiyi qərarlar iqlim gündəmində və bu istiqamətdə konkret qərarların hərəkətini və icrasını müəyyən edən mühüm mərhələlərə çevriləcək.
Əgər Azərbaycanın statusu ilə bağlı anlayış olmasaydı, Bakıya belə əhəmiyyətli tədbirə ev sahibliyi etmək imkanı verilməzdi.
Beynəlxalq ictimaiyyətin bir çox üzvləri Azərbaycanın bir oyunçu kimi nüfuzunun necə gücləndiyini və imkanlarının necə artdığını görür. Azərbaycan enerji ehtiyatlarının mühüm tədarükçüsüdür. Anlamaq lazımdır ki, əgər bir ölkənin düşməni yoxdursa, deməli, zəifdir. Əgər Azərbaycanın beynəlxalq aləmdə güclənməsinə reaksiya verilirsə, deməli, ona hörmət edirlər, qorxurlar. Hansısa Qərb ölkəsinin nümayəndələrinin gəlməməsi Azərbaycana təsir etməyəcək. Lakin bu ölkələrin qlobal gündəliyin müzakirələrində iştirakdan imtina etməsi başqa bir faktdır. Onlar burnundan o tərəfi görə bilmirlər. Onlara fikir verilməməlidir. İlham Əliyev hər kəsin hesablaşmalı olduğu siyasətçi səviyyəsinə çatıb. Azərbaycan Prezidentinin gördüyü işlər yeni formalaşmaqda olan ədalətli dünya nizamının paradiqmasına uyğundur.
Tərcümə - Elçin Bayramlı