PDF Oxu

Siyasət

  • 2 737

Zəngəzur dəhlizi ŞƏRH

Zəngəzur dəhlizi ŞƏRH

İkinci Qarabağ müharibəsinin nəticələrinin Cənubi Qafqaz regionunun inkişafında yeni səhifə açdığı hamıya məlumdur. Buna görə də, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli Bəyanat, sadəcə, atəşkəs razılaşması kimi qiymətləndirilmir. Bu sənəd, həmçinin, regionun müharibədən sonrakı inkişafının konturlarını da müəyyənləşdirdi.

Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində işğal olunmuş torpaqları azad etdikdən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatın icrası ilə region müharibə vəziyyətindən çıxdı və yeni nəqliyyat xətləri sayəsində iqtisadi dirçəliş dövrünə qədəm qoydu. Həmin sənədə əsasən, Qarabağ probleminə görə 30 il bağlı qalmış bütün nəqliyyat marşrutları açılmalıdır.

Zəngəzur bir vaxtlar azərbaycanlıların yaşadıqları Azərbaycanın tarixi ərazisi olsa da, 1920-ci illərdə keçmiş SSRİ tərəfindən Ermənistana birləşdirilmiş və hələ də onun sərhədləri daxilindədir. Zəngəzurun Ermənistana verilməsindən sonra Azərbaycan Naxçıvanla quru əlaqəsini itirdi. 44 günlük müharibədən sonra Naxçıvanla quru əlaqənin yenidən bərpa edilməsi imkanı yaranmışdır. Mütəxəssislərin sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Naxçıvanı həm də əsas nəqliyyat mərkəzlərindən birinə çevirəcək. Eyni zamanda, Zəngəzur dəhlizi həm də Naxçıvanda istehsal edilən məhsulların daha geniş bazara çıxarılmasına şərait yaradacaq. Bu dəhlizin həm də Naxçıvana sərmayənin cəlb edilməsi baxımından da əhəmiyyəti böyükdür.

Regional nəqliyyat marşrutlarının tam açılması həm Ermənistanın, həm Azərbaycanın, həm də qeyri-regional potensial istifadəçilərin, xüsusilə Rusiya, Türkiyə, İran, Avropa İttifaqı və Çinin maraqlarına cavab verir. Bu tranzit dəhlizi Xəzər dənizi, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri vasitəsilə Avropanı Çinlə birləşdirən multimodal nəqliyyat marşrutu olan Orta Dəhlizin potensialını da artırır. Bu isə mütəxəssislərin fikrincə, Ermənistan və Azərbaycanın iqtisadiyyatı üçün faydalı olacaq. Məsələn, proqnozlara görə, dəhlizin işləməsi nəticəsində nəqliyyat və iqtisadi əlaqələrin bərpası Ermənistanın ÜDM-ni artıracaq. Bundan başqa, İrəvan təkcə Zəngəzur dəhlizinin Azərbaycanın Naxçıvanla əlaqəsi üçün istifadəsinə görə tranzit ödənişlərindən deyil, həm də bir çox digər dövlətlərin, o cümlədən Rusiya tərəfindən yüklərin daşınması üçün istifadəsindən də faydalanacaq. Bir sözlə, Zəngəzur dəhlizi sayəsində Ermənistan regionda təcrid olunmuş vəziyyətdən çıxaraq, Orta Dəhlizin bir hissəsinə çevriləcək.

Dəhlizin həyata keçirilməsində ən çox Ermənistan maraqlı olmalıdır. Çünki bu marşrut respublikanın İrana dəmir yolu çıxışını açacaq və Rusiya ilə əlaqə daha səmərəli olacaq. Siyasi analitiklər bildirirlər ki, Zəngəzur dəhlizi Ermənistana uzunmüddətli nəqliyyat tədricindən çıxmağa və iqtisadi sahədə qonşuları ilə normal təmaslar qurmağa şərait yaradacaq. Ancaq bu qədər geo-siyasi üstünlüklərin perspektivi fonunda Ermənistan hökumətinin layihənin icrasını ləngitməsi təəccüb doğurur. Bu gün Ermənistana Zəngəzur dəhlizi, az qala, Azərbaycanla bağlanan sülh müqaviləsi qədər lazımdır.

Anti-Azərbaycan qüvvələr Zəngəzur dəhlizinin mənfi cəhətlərindən danışırlar. Xüsusilə də erməni müxalifəti iddia edir ki, guya, Zəngəzur dəhlizi Ermənistanı suverenlikdən məhrum edir, İranı Ermənistanla kəsir və Qərbin Rusiyanı sanksiyalarla boğmasının qarşısını alır. Ona görə də, guya, layihə nə Ermənistana, nə İrana, nə də Qərbə sərfəlidir.

İlk baxışda belə görünə bilər ki, İrəvanın nəzarətindən kənarda Ermənistan ərazisində müəyyən ekstraterritorial marşrut yaranır. Əslində, bu, belə deyil. Bundan başqa, Azərbaycan ərazisində də analoji dəhliz (Laçın) varsa, niyə Ermənistan ərazisində dəhliz ola bilməz? Üçüncüsü, Ermənistanın nəqliyyat marşrutlarının yaradılmasından əldə etdiyi fayda danılmazdır, çünki regional təcridin saxlanılacağı təqdirdə İrəvanın iqtisadi gələcəyi böyük sual altına düşür.

Bir sözlə, dəhlizin açılması region ölkələrinin mənafelərinə xidmət edir və tarixi İpək Yolunun daha da canlanmasına təkan verəcək. Zəngəzur dəhlizi həm də ticarətin və regional əməkdaşlığın canlanması üçün həyati əhəmiyyət kəsb edir. Bu məsələdə Rusiya, Türkiyə və Azərbaycanın maraqları kəsişir. Rusiya bu dəhliz vasitəsilə Ermənistan, İran və Türkiyə ilə əlaqələrini daha da gücləndirə, Ermənistan isə Azərbaycan vasitəsilə Rusiya ilə ticarət apara bilər. Başqa sözlə, Ermənistanın Türkiyə və Azərbaycanla normallaşması təcrid vəziyyətindən çıxmasına və inkişafına töhfə verər.

Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivlər yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.

Fəxrəddin Vəliyev,

YAP Şəmkir rayon təşkilatının sədri

Digər xəbərlər