25 oktyabr 2024-cü il tarixi Qubadlı şəhəri günü kimi qeyd olunur. Artıq 4 ildir ki, rəşadətli ordumuz tərəfindən Qubadlı işğaldan azad edilib. 44 günlük Vətən müharibəsindən sonra, 29 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçuların “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9376 hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.Təltif edilənlərin arasında 4 nəfər general-mayor, 39 nəfər polkovnik və 1 nəfər isə 1-ci dərəcəli kapitandır.
Ərazisindən Həkəri və Bərgüşad çayları keçən Qubadlı rayonu qərbdən Ermənistan, şimaldan Laçın, Hadrut rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan Zəngilan rayonları ilə həmsərhəddir. Qubadlı dəfələrlə işğalçı ermənilərin hücumlarına məruz qalıb. Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılıb, dinc əhaliyə divan tutulub. Bütün bunlara baxmayaraq hər dəfə işğalçı erməni qoşunları torpaqlarımızdan qovulublar. İşğal dönəmində ermənilər Qubadlı şəhəri və rayonun kəndlərini dağıdıb, tarixi, dini, mədəni abidələri, qəbiristanlıqları məhv etmişdilər. Həmçinin zəngin təbiətinə, flora və faunasına qarşı ekoloji terror törədilmiş, nadir ağac və bitki növlərini qırıb, yandırmışlar.
İşğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri ölkəmizin iqtisadi qüdrətini bir daha ortaya qoyur. Hal-hazırda Qubadlı rayonunda da abadlıq işləri görülür. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində geri qaytarılan ərazilərin tezliklə bərpa edilməsi üzrə işlərin həyata keçirilməsi, müvafiq infrastrukturların yaradılması, həmin regionun Azərbaycan iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi üçün dövlət büdcəsindən vəsait nəzərdə tutulmuşdur.
5 sentyabr 2023-cü il tarixində cənab Prezident İlham Əliyev “Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 33-cü kilometrliyindən başlayan yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə ehtiyat fondundan vəsait ayrılıb. Gömrük nəzarətinin tətbiq edilməsi məqsədilə Qubadlı rayonu ərazisində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradılıb.
Ötən il 19 oktyabr tarixində ölkə başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva Qubadlı rayonuna səfər edərkən “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olublar. Burada Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak ediblər. Bundan başqa Qubadlı rayonunun kəndlərinə yenidən həyat qayıdacaqdır. Məktəblər, bağçalar, ailə sağlamlıq mərkəzləri, inzibati bina, klub icma və idman mərkəzləri fəaliyyət göstərəcək. Əhalinin məşğulluğu üçün hər cür şərait təmin ediləcək.
Nigar Abdullayeva
YAP Yasamal rayon AMEA Folklor İnstitutu üzrəərazi partiya təşkilatının sədr müavini