PDF Oxu

Siyasət

  • 1 246

Uğurlu diplomatik siyasət

image

Vətən müharibəsinin 26-cı günü: Ağbənd azad olundu

Əks-hücum əməliyyatlarının 26-cı günü – 2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad edildi. Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğalçılardan azad edilməsi tarixi əhəmiyyətə malikdir. Azərbaycan üçün iqtisadi və siyasi əhəmiyyət daşıyan bu ərazinin işğaldan azad olunmasından artıq dörd il ötür. "Müzəffər Azərbaycan Ordusu Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" 22 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bu sözləri yazmışdır. Həmin günün qələbə dolu xəbərlərinin ardı-arası kəsilmirdi. "Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi "Twitter" səhifəsində bildirmişdir.

Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan əks-hücumla qısa müddətdə artıq xeyli ərazini və yaşayış məntəqəsini erməni işğalından azad etmişdir. Araz çayı boyu da uğurlu əməliyyatlar keçirilib, düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilərək, ağır məğlubiyyətə uğradılmışdır. Azərbaycanın İranla 132 km-lik sərhəd ərazisi işğalçılardan tamamilə təmizlənmişdir. "Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan ordusuna!" Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bildirib.

Ağbəndin işğaldan azad edilməsi ilə Azərbaycan 30 ildən sonra İranla sərhədini tam bərpa edərək nəzarətə götürməklə yanaşı, cənub-qərb istiqamətində Ermənistanla sərhədə çıxmış oldu. Hər gün qələbə sevincini yaşamaqda davam edirdik. Qeyd etdiyimiz ərazilərin tarixin bu günündə işğaldan azad olunmasının sevincini yaşayırdıq.

"ƏGƏR BİZƏ HÜCUM OLUNURSA, BİZ NƏİNKİ ÖZÜMÜZÜ MÜDAFİƏ ETMƏLİYİK, EYNİ ZAMANDA, ƏKS-HÜCUMA DA KEÇMƏLİYİK"

Əlbəttə ki, bu qələbələrimizi işğalçı "dövlət" həzm edə bilmirdi. Mülki insanlara açılan atəşlər, eləcə də müharibə getməyən ərazilərin atəşə tutulması erməni vəhşiliyini bir daha ortaya qoymuş oldu. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00-dan etibarən, humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur. Bu hadisədən sonra işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə, elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutdu. Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak oldu, 28 nəfər yaralandı, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəydi. Prezident İlham Əliyev Yaponiyanın 2020-ci ilin oktyabrın 22-də "Nikkei" qəzetinə müsahibəsində "Bildiyiniz kimi, birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar. Mən həmişə demişəm ki, atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik" – deyə bildirib. Cənab Prezident onu da qeyd edib ki, atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra onlar atəşkəsi pozdular, onlar yenə də bizim dinc şəhərlərimizə hücum etdilər: "Bu səhər saat 6-dan 8-ə qədər onlar dinc əhalinin yaşadığı və ən çox ziyan görən Tərtər şəhərinə 100-dən çox raket atıblar. Onlar bizim hərbi mövqelərimizə hücum edirlər. Onlar artıq azad edilmiş əraziləri yenidən geri götürmək istəyirdilər". Onlar ikinci dəfə atəşkəsi pozandan sonra Azərbaycan Ordusunun Zəngilan şəhərini və bir çox kəndləri azad etdiyini bildirən Prezident İlham Əliyev vurğulayıb ki, döyüş meydanında nə qədər çox vaxt keçirsə, biz bir o qədər də əraziləri azad edirik. "Ona görə Ermənistan hökuməti öz davranışı haqqında ciddi düşünməlidir və əgər atəşkəsin səmərəli olmasını istəyirsə, birincisi, atəşkəsi pozmamaq, ikincisi, artıq işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd etməmək və işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılması üçün üzərinə ciddi öhdəlik götürməlidir", - deyə dövlətimizin başçısı əlavə edib.

"PREZİDENT İLHAM ƏLİYEV BAŞDA OLMAQLA AZƏRBAYCAN XALQI YENİ TARİX YAZIR"

Həmin gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Trend İnformasiya Agentliyinə verdiyi müsahibədə "Bütün xalqımızı bu əlamətdar hadisələr münasibətilə təbrik edirəm. Demək olar ki, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Bizim əsgərlər və zabitlər döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Onlar uğurlu əməliyyatlar keçirərək, bir-birinin ardınca şəhərləri və digər yaşayış məntəqələrini işğaldan azad edir, strateji yüksəklikləri tuturlar. Uzun fasilədən, təqribən 30 ildən sonra biz hamımız Azərbaycan əsgərinin doğma torpaqlarımızda bayrağımızı sancmasını qürurla müşahidə edirik" – deyə bildirmişdir. Bunun sadəcə, hərbi uğur olmadığını bildirən Birinci vitse-prezident tarixi ədalətin bərpası olduğunu qeyd edib: "Çünki bunlar bizim əzəli, tarixi torpaqlarımızdır. Mübaliğəsiz demək olar ki, bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır. Bizim birgə qələbələrimizin tarixini! Mən xalqın öz Prezidenti ətrafında necə sıx birləşdiyini, dövlət başçısının ümumi məqsəd naminə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə birləşməyə çağırışını gənclərimizin necə qətiyyətlə və mərdliklə qəbul etmələrini görürəm".

YENİ NƏSİL MÜHARİBƏ ÜSULU

Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Bu gün Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalanır. Azərbaycan ordusunun əzmi, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu.

Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur.

Ölkə Prezidentinin dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu.

Postmünaqişə vəziyyətinin aspektləri cərcivəsində Azərbaycanın azad edilmiş ərazilərin bərpası əsas məsələlərdəndir və bu istiqamətdə tarixi qələbəmizdən sonra azad edilən ərazilərdə sürətli şəkildə bərpa və quruculuq işləri aparılır. Azərbaycan regional təhlükəsizliyin möhkəmləndirilməsinə öz töhfəsini verir və dövlət başçısı bütün çıxış və görüşlərində regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatına xüsusi önəm yetirir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər