PDF Oxu

Siyasət

  • 4 003

Qubadlının azad edilməsi hərbi uğurlardan biridir ŞƏRH

Qubadlının azad edilməsi hərbi uğurlardan biridir ŞƏRH

Qubadlı şəhərinin işğaldan azad edilməsindən 4 il ötür. Azərbaycanın cənub qərbində yerləşən Qubadlı rayonunun işğaldan azad olunması böyük Qələbəni daha da yaxınlaşdırdı. İkinci Qarabağ müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından bir də Qubadlının azad edilməsi hesab edilir. Sözsüz ki, torpağımızın hər bir qarışının azad edilməsi xalqımız üçün böyük qürur və iftixar hissi ilə qarşılanırdı. Doğma torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda canını fəda etmiş oğullarımız bu gün böyük hörmət və ehtiramla yad edilir.

1993-cü il 31 avqust tarixində Qubadlının Ermənistan tərəfindən işğal olunması tariximizin ən acı səhifələrindən biri idi. Rayon erməni işğalında olduğu zaman digər ərazilərimiz kimi böyük dağıntıya, barbarlıq və vandalizmə məruz qalıb. Qubadlının ərazisində bütün sosial infrastruktur dağıdılıb, kommunikasiya xəttləri məhv edilib, ermənilər nə mümkündürsə daşıyıb aparıb. Bir sözlə, ərazidə ekoloji terror həyata keçirib. Nəticədə də xalqımıza külli miqdarda maddi-mənəvi ziyan vurulub.

25 oktyabr 2020-ci il tarixi Vətən müharibəsinin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Düşmən şəhərdə

güclü istehkamlar qurmuş, yüksəkliklərdə hərbi birləşmələri yerləşdirmişdi. Rayonu azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Belə ki, düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. 44 günlük Vətən müharibəsinin gedişatında Qubadlının işğaldan azad olunması nəticəsində Ordumuz strateji əhəmiyyətli uğur qazandı. Rəşadətli Azərbaycan Ordusunun 27 sentyabrda Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 9 noyabra qədər Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu.

Onu da qeyd edək ki, Qubadlı kənd təsərrüfatı üçün əlverişli olmaqla yanaşı, zəngin faydalı qazıntıları ilə tanınır. Qubadlının Hacılı kəndində mişar daşı, Bərgüşad çayının sol sahilində yəşəm, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı, Mollabürhan kəndinin cənubunda tuf daş yataqları mövcuddur. O cümlədən rayonun Xanlıq kəndində qum-gil, Eyvazlı kəndində əqiq yatağı var. Qubadlı üçün ən əlamətdar günlərdən biri də 23 dekabr 2020-ci il tarixində dövlət başmısı İlham Əliyevin rayonda şanlı bayrağımızı ucaltmasıdır. Sözsüz ki, Prezidentin Qubadlıya hər səfəri mühüm hərbi və infrastruktur obyektlərinin açılışı, təməlqoyma mərasimləri ilə yadda qalır. Qubadlı rayonunda hazırda böyük quruculuq-bərpa işləri həyata keçirilir. Rayonun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. İşğaldan szad edilmiş torpaqlarda artıq 7 yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır.

Rəşadətli Ordumuz döyüş meydanında bütün şəhidlərimizin qisasını alıb. Bu gün işğaldan azad edilmiş bütün bölgələrimiz kimi Qubadlıda da böyük quruculuq işləri icra edilir. Bu o deməkdir ki, qubadlılar çox qısa zamanda öz yurd-yuvalarına dönüb əbədi, xoşbəxt yaşayacaqlar. Təbii ki, erməni faşizmi vaxtilə işğalda saxladığı digər rayonlarımız kimi Qubadlıda törətdiyi vəhşiliklərə görə də beynəlxalq hüquq qarşısında cavab verəcək.Ona görə ki, Ermənistan digər rayonlarda olduğu kimi Qubadlıda da çoxsaylı hərbi cinayətlər törədib. Cenevrə konvensiyalarına ziddi olaraq işğal edilmiş torpaqlarımızda qanunsuz məskunlaşma aparılıb. Bütün bu faktlara əsasən Ermənistan beynəlxalq hüquq qarşısında cavab verməli olacaq.

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Həmin Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub. Xalqımız artıq bu unudulmaz tarixləri bayram günü kimi qeyd edir. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm. Tarixi torpaqlarımızın işğaldan azad olunmasında canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər