PDF Oxu

Siyasət

  • 1 814

Qubadlının azad olunduğu bu tarixi günü xalqımız böyük təntənə ilə qeyd edir

Qubadlının azad olunduğu bu tarixi günü xalqımız böyük təntənə ilə qeyd edir

Azərbaycan xalqı 25 oktyabr Qubadlı şəhərinin işğaldan azad edilməsi ildönümünü böyük təntənə ilə qeyd edəcəkdir.

Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edildi. Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda, Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib. Dövlətimizin başçısı çıxışında xüsusi vurğulayıb ki, "Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi daha da yaxınlaşdırdı”.

Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. İşğalçı düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Qubadlı əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı da təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5867 nəfər hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 25 oktyabr – Qubadlı şəhəri günü kimi təsis edilib. Xatırladaq ki, Qubadlı 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğal müddətində Qubadlı şəhəri, rayonun kəndləri dağıdılıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədilib. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb.

Rayon işğaldan azad olunduqdan sonra bərpa və yenidənqurma işlərinə başlanılıb. Ərazinin minalardan təmizlənmə əməliyyatları ilə yanaşı, infrastrukturun bərpası işləri də davam etdirilir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri müntəzəm xarakter daşıyıb. 25.10.2021-ci ildə Qubadlıya səfər edən dövlətimizin başçısı Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, "Qubadlı" yarımstansiyasının açılış mərasimində iştirak edib, Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışışını edib. Elə həmin gün Prezident İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Ölkə başçısının azad edilmiş ərazilərə mütəmadi səfərləri bir daha onu deməyə əsas verir ki, Qubadlı da daxil bütün torpaqlarımız, sözün əsl mənasında tezliklə cənnətə çevriləcək.

Təhmasib Rüstəmov
YAP Qubadlı Rayon Təşkilatının sədri

Digər xəbərlər