PDF Oxu

Siyasət

  • 2 864

Müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası

Müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası

Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimiz "Ağıllı kənd" ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpa olunur. Əlbəttə ki, bu layihənin məqsədi kəndlərdə əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə rahat çıxışı təmin etmək, eləcə də xidmət, qazanc və dövlət xidmətlərindən yararlanmaq baxımından kənd və şəhər arasındakı fərqi aradan qaldırmaqdır.

Müasir dünyada "smart-city", "smart-village" yəni, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası dünyada baş verən qlobal çağırışlara cavabdır. Bu gün yüksək texnologiyaların ölkəmizdə inkişafı "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyasının hazırlanmasına zəmin yaradıb. Azərbaycanda "Ağıllı şəhər" (Smart City) və "Ağıllı kənd" (Smart Village) konsepsiyasının tətbiqinin sürətləndirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı məlum Sərəncamına əsasən, Azərbaycan Respublikasının şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafın əsas prioritetlərindəndir. Müasir telekommunikasiya, sensor, "Böyükhəcmli məlumatlar" (Big Data) və digər rəqəmsal və süni intellekt texnologiyalarının, həmçinin innovasiya və biliklərin istifadə edilməsi sosial-iqtisadi münasibətləri daha məhsuldar və səmərəli edir. Qeyd edilən texnologiyaların bir-birilə inteqrasiya olunmuş formada istifadəsi ilə rəqəmsal məlumatların formalaşdırılması, yığılması, saxlanılması, işlənilməsi və analitik təhlillər əsasında qərarvermə və idarəetmənin keyfiyyətinin yüksəldilməsi səmərəli, eləcə də keyfiyyətli xidmətlərin göstərilməsi üçün geniş imkanlar açır. Bu imkanlar şəhər və kəndlərdə göstərilən xidmətlərin növbəti inkişaf mərhələsində funksional, genişmiqyaslı "Ağıllı şəhər" və "Ağıllı kənd" xidmətlərinə keçid üçün zəmin yaradır.

QAFQAZDA MÜASİR STANDARTLARA CAVAB VERƏN İLK KƏND

Qeyd edək ki, "Ağıllı şəhər"lər məhsuldarlığı artırmaq, sakinlərin xidmət və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün son model texnologiyalardan istifadə edilən şəhərlərdir. "Ağıllı şəhər" davamlı şəhər inkişafını təşviq etmək üçün ənənəvi infrastrukturun müasir texnologiya ilə peşəkarlıqla birləşməsidir. Buradakı əsas ideya resurslardan maksimum istifadə etməklə şəhərdə yaşayan və işləyən insanlar üçün gündəlik həyatı asanlaşdırmaq və daha da yaxşılaşdırmaqdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində işğaldan azad olunmuş Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır, ərazilərdə intensiv, genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Bu gün işğaldan azad edilmiş ərazilərdə də "smart-city", "smart-village" yəni, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası qurulur.

Yüksək texnologiyalara əsaslanan "Ağıllı kənd" və "Ağıllı şəhər" layihəsi ən qabaqcıl texnologiyaların tətbiqidir. İlk "Ağıllı kənd" layihəsi Zəngilan rayonunun Ağalı kəndindən start götürmüş oldu. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir. Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşüb.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq 2026-cı ilin sonuna qədər 34 min 600 ailənin köçürülməsi nəzərdə tutulur. Bu istiqamətdə bərpa ediləcək şəhər, kənd və qəsəbələrin konkret siyahısı təsbit olunub. Layihə çərçivəsində ən önəmli komponentlərdən biri də "ağıllı kənd" və "ağıllı şəhər"lərin tikintisidir. Onlar yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı", alternativ enerji sahələri kimi mühüm prinsiplər üzərində qurulacaq. Bu isə məskunlaşmanın özünəməxsus yeni modelini təşkil edəcək.

Artıq Azərbaycan yeni bir inkişaf mərhələsini yaşayır və görülən işlər, bu reallıqlar daha uğurlu sabahlara hesablanmışdır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər