Ulu Öndər Heydər Əliyevin ziyalılara cavab məktubunun “Səs” qəzetində dərc olunması ən ağır gündə “Səs”-in xalqın yanında olduğunu göstərir
Tarixin elə bir dövrü olmayıb ki, o zaman Azərbaycan xalqı çətinliklərlə, ağır, üzücü problemlərlə, işğal və qəsblərlə üzləşməsin. Lakin ən ağır, acı dövrdə belə xalq sabaha olan ümidini, qələbəyə olan inamını itirməyib. Belə də olub, xalqın əzm və qətiyyəti nəhayət arzuların və istəklərin reallaşması ilə nəticələnib.1991-ci ilin oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini əldə etsə də, de-fakto bu istəyini reallaşdıra bilməmişdir. Çünki hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyünün səriştəsizliyi, bacarıqsızlığı səbəbindən dövlət müstəqilliyimiz təhlükə ilə üz-üzə qalmışdır. Vəziyyətin ağırlığı, hakimiyyət uğrunda mübarizə, siyasi çəkişmələr nəticə etibarilə torpaqlarımızın itirilməsi ilə nəticələnirdi. Gərgin durum o həddə çatmışdır ki, ölkəmiz müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə üzləşmişdir. Azərbaycanı belə çətin vəziyyətdən xilas etmək üçün yeni bir siyasi təşkilatın yaradılması mütləq tarixi zərurətə çevrilmişdi. Belə çətin, ağır dönəmdə xalq ümidini dahi oğlu, Ulu Öndər Heydər Əliyevə bağladı.
“Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz”
1992-ci il oktyabr ayının 16-da 91 nəfər Azərbaycan ziyalısı o dövrün ən aparıcı, mübariz qəzeti olan “Səs” qəzeti vasitəsi ilə Ulu Öndərimiz Heydər Əliyevə müraciət ünvanladı. Ziyalıların müraciətində deyilirdi: “Möhtərəm HEYDƏR BƏY! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu, peşəkar insanların siyasi partiyasına çevriləcəkdir. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü, aparıcı qüvvvəyə malik bir partiya kimi görürük. İnanırıq ki, Azərbaycanımızın bugünü, sabahı naminə başqa partiya, qurum və cəmiyyətlərin vətənpərvər üzvləri də həlledici anda məhz bu partiyanın mövqeyində dayanacaqlar. Yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar”.
Ulu Öndərin ziyalılara cavab məktubunda: “Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də məni narahat edir”
Hər zaman xalqının yanında olan, gecə-gündüz xalqı üçün çalışan Ümummilli Liderimiz Heydər Əliyev xalqın çağırışlarına səs verərək müraciəti qəbul etdi və Yeni Azərbaycan Partiyasının yaradılmasına və onun Sədri olmağa razılıq verdi. Ulu Öndərimiz Heydər Əliyev ziyalılara 24 oktyabr 1992-ci ildə “Səs” qəzeti vasitəsi ilə ünvanladığı cavab məktubunda demişdir: “Hörmətli ziyalılar 16 oktyabr 1992-ci il tarixli “Səs” qəzetində dərc olunan müraciətinizlə böyük diqqət və ehtiramla tanış oldum. Müraciətinizdən, mətbuat və televiziyadan, Azərbaycanın müxtəlif bölgələrindən gələn məktublardan aldığım məlumatlardan aydın olur ki, respublikada ictimai-siyasi və sosial-iqtisadi vəziyyət son dərəcə ağırdır. Bu şəraitdə Azərbaycan ziyalılarının narahatçılığı haqlıdır və təqdirəlayiqdir”. Cavab məktubunda o fikir də vurğulanır ki, Azərbaycan onilliklərlə, yüzilliklərlə onun ərazisində yaşayan bütün insanların vətəni olmuşdur: “Yaranmış vahid, bütöv Azərbaycanın demokratik prinsiplər əsasında qorunub saxlanılması və inkişaf etdirilməsi, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi üçün mühüm vəzifə və əsas şərtdir. Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də məni narahat edir. Lakin Sizin müraciətinizə cavab verərkən yuxarıda göstərilən məsələlərə daha öncə diqqət yetirməyi lazım bilirəm. Zənnimcə, onların ən qısa müddətdə həlli müstəqil Azərbaycan dövləti üçün son dərəcə vacibdir. Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu problemlərinə biganə qalmağa heç kəsin haqqı yoxdur. Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğulur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram”.
Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi
Beləliklə, Azərbaycanın bütün bölgələrini əhatə edən 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə müvəffəq oldular. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilmiş təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Bununla da ölkəmizin həyatında yeni və sürətli inkişaf dövrünün əsası qoyuldu. YAP çətin, ağır dövrdə yaransa da, Dahi Öndərimiz Heydər Əliyevin müdrik qərarları, uzaqgörən siyasəti ilə bütün çətinlikləri aradan qaldıraraq Azərbaycanı sabit, inkişaf edən dövlətə çevirdi. Qısa müddətdə YAP cəmiyyətin aparıcı partiyasına, Cənubi Qafqazın lider partiyasına çevrildi. O dövrdə YAP-ın yaradılmasını zərurət olduğunu bildirən Dahi Öndərimiz Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.
Dahi Öndərimiz Heydər Əliyevin nüfuzu Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına imkan yaratdı. Ölkə dağılmaq ərəfəsində olduğu çətin vaxtda xalq birlik və bərabərlik nümayiş etdirək Ulu Öndər Heydər Əliyevdən Bakıya gəlməyi və onları bəlalardan xilas etməyi xahiş etdi. Dahi Öndər 1993-cü il iyunun 9-da xalqın çağırışına səs verərək Bakıya qayıtdı. Ulu Öndər Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Aparılan düzgün, müdrik siyasət nəticəsində sosial, iqtisadi inkişafa nail olundu, sabitlik təmin edildi, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə əməkdaşlıq əlaqələri quruldu. Xalq bu böyük xidməti lazımınca qiymətləndirdi. 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin Dahi Öndərimiz Heydər Əliyevə səs verərək Onun Prezident seçilməsini dəstəklədi. Prezident seçkilərində 3 milyon 966 min 327 seçicinin 3 milyon 919 min 923 nəfəri, yaxud 98,84 faizinin seçimi Ulu Öndərimiz Heydər Əliyev oldu. Seçki ərəfəsi xalqla görüşündə Ulu Öndərimiz Heydər Əliyev demişdir: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan Respublikası demokratiya yolu ilə getməlidir, heç vaxt totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan Respublikasında siyasi plüralizm hökm sürməlidir. İnsan, söz, din, dil azadlığı - bunların hamısı bərqərar edilməlidir. İnsan hüquqlarının qorunması bizim əsas məqsədlərimizdən biri, dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Dövlətin hüquqları da qorunmalıdır. Biz iqtisadiyyatda köklü islahatlar aparıb, bazar iqtisadiyyatına keçməliyik. Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir, Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir, Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq, bu yolla da gedəcəyik. Bu yol xalq yoludur”.
Yeni inkişafa, yeni uğurlara doğru
Ulu Öndər Heydər Əliyevin prezident seçkilərində böyük üstünlüklə qələbə qazanması xalqın Ona olan hədsiz sevgisinin, böyük dəyərinin göstəricisi idi. Tam qətiyyətlə demək olar ki, bugünkü azad və demokratik, xalqın iradəsi əsasında baş tutan seçkilərin ilkin bünövrəsi 3 oktyabr 1993-cü ildə qoyulub. Xalq-hakimiyyət birliyi nəticəsində 1994-cü il oktyabr, 1995-ci il mart dövlət çevrilişlərinin qarşısı məharətlə alındı. Müstəqillik yolunda inamla addımlayan Azərbaycan qısa zaman kəsiyində dünyada baş verən demokratikləşmə prosesinin iştirakçısına çevrildi. Heydər Əliyev 1994-cü ilin may ayında atəşkəs haqqında müqavilə imzalamaqla Azərbaycanı siyasi, iqtisadi və hərbi böhrandan qurtardı. Ulu Öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanan 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə dünyanın neft siyasətini birmənalı şəkildə Xəzər regionuna istiqamətləndirdi. Bu yeni neft strategiyası Xəzərin Azərbaycan sektorunda 15 ölkənin, 33 iri neft şirkətinin iştirakı ilə 22 neft-qaz müqaviləsinin imzalanmasına səbəb oldu. Birmənalı mövqe ondan ibarətdir ki, əfsanə kimi görünən “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmışdır ki, bu da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycanın yeni neft strategiyasının təməl daşı, iqtisadiyyatımızın ana xəttidir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin imzalanması ilə Dahi Öndərimiz Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də Gürcüstan və Türkiyənin də iqtisadi inkişafına zəmin yaratdı. 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi-referendum yolu ilə 5 fəsil 159 maddədən ibarət olan müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Sonrakı mərhələ də çoxpartiyalı sistem əsasında parlament seçkilərinin keçirilməsi dövlətçiliyin siyasi-hüquqi əsaslarının möhkəmləndirilməsinə mühüm töhfə verdi. Ulu Öndər Heydər Əliyevin humanist siyasəti sayəsində 1995-ci ilin may ayında əfv və amnistiya təsisatları bərpa edildi. Buna paralel olaraq insan hüquqlarına riayət olunması üzərində parlament nəzarətini təşkil etmək üçün insan hüquqları müvəkkili (Ombudsman) təsisatı yaradıldı. Ulu öndər Heydər Əliyev 22 fevral 1998-ci il tarixli xüsusi Fərman imzalayaraq Konstitusiyada öz əksini tapmış insan hüquqlarının həyata keçirilməsinin asanlaşdırılmasını hüquqi əsasda təsbit etmiş oldu. Eyni zamanda 1993-cü ildən Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə icrasına moratorium qoyulmuş ölüm hökmü 10 fevral 1998-ci il tarixli Qanunla tamamilə ləğv olundu.
YAP bundan sonra da inkişaf edəcək və xalqa, dövlətə xidmət etməklə yeni-yeni parlaq qələbələr qazanacaq.
Xalqın partiyası olan Yeni Azərbaycan Partiyası bütün sahələrdə inkişaf edir və bununla yanaşı cəmiyyətin inkişafına, xüsusilə də demokratik proseslərin sürətlənməsinə töhfələr verir. 1999-cu ildə keçirilmiş qurultaydan sonra Yeni Azərbaycan Partiyasının inkişafında mühüm bir səhifə açıldı. YAP-ın rəhbərliyində Azərbaycan gənclərinin lideri olaraq Cənab İlham Əliyevin təmsilçiliyi partiyanın dinamik inkişafına yeni təkan verdi. O zaman ARDNŞ-nin birinci vitse-prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti olan Cənab İlham Əliyev partiyanın sədr müavini seçildi. Məhz 1999-cu ildən sonra Yeni Azərbaycan Partiyası dünyanın bir sıra ölkələrinin siyasi təşkilatları ilə ikitərəfli əlaqələr qurdu, beynəlxalq təşkilatlarda təmsilçilik hüququ qazandı. Buna isə yeni dövrün yeni lideri olan Cənab İlham Əliyevin xüsusi xidmətləri sayəsində nail olundu. 2005-ci ilin mart ayında keçirilən YAP-ın III Qurultayında Azərbaycan Prezidenti, YAP Sədrinin birinci müavini Cənab İlham Əliyevin partiyanın Sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başladı. Uğurların, nailiyyətlərin miqyası 2005-ci ildə keçirilən qurultaydan sonra bir qədər də artdı. Faktlara istinad etsək buna bir daha əmin olmaq olar. Belə ki, əgər YAP-ın 2001-ci ildə keçirilmiş II Qurultayı zamanı partiya üzvlərinin sayı 230 min nəfər idisə, III Qurultaya qədər bu göstərici 360 min nəfərə yüksəlmişdi. Hazırda isə partiyamızın üzvlərinin sayı 800 minə yaxındır. 2021-ci ilin mart ayında keçirilən VII qurultay isə Yeni Azərbaycan Partiyasının inkişafında yeni dövrün əsası qoyuldu. Çünki Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsində müasir dövrün tələblərinə uyğun dəyişikliklər oldu. Bunu həm də ölkədə aparılan köklü islahatların davamı da adlandırmaq olar. Beləliklə YAP-ın Sədri, Fateh Sərkərdə İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin olundu. Mehriban xanım Əliyevanın YAP Sədrinin birinci müavini təyin olunması qadınların ictimai-siyasi fəallığına təkan verən əsas amillərdən biri oldu. Məhz bu təyinatdan sonra qadınların YAP-a axını daha geniş xarakter aldı.
Bu və digər amilləri nəzərə alaraq qeyd edə bilərik ki, YAP cəmiyyətin ən inkişaf edən, kəmiyyət və keyfiyyət baxımından rəqib tanımayan partiyasıdır. Dövlətimizin qurucusu, xalqımızın xilaskarı partiyamızın yaradıcısı Ümummilli Liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Əminliklə demək olar ki, Yeni Azərbaycan Partiyası öz potensialı, real addımları və bacarıqlı kadrları ilə bundan sonra da inkişaf edəcək və xalqa, dövlətə xidmət etməklə yeni-yeni parlaq qələbələr qazanacaq.
İLHAM ƏLİYEV