Qubadlı rayonu 1993-cü il avqustun 31-də Erməmistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib. Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçib, rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşüb.
Rayon Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Dağlıq və dağətəyi rayondur. Ən hündür yeri Torağac yüksəkliyidir. (Dəniz səvviyəsindən 2003 metr yüksəklikdədir). İqlimi mülayim kontinentaldır. Ərazisindən daim axırlı Həkəri və Bərgüşad çayları keçir.
Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın rayonu, Hadrut rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir.
Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Dağlıq və dağətəyi, meşələrlə əhatə olunmuş ərazilərdə də kəndlər vardır.
Qubadlı kənd təsərrüfatı rayonudur. Burada işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları istehsal edilir, heyvandarlıqla məşğul olunurdu. Son illər sənaye sahələri də rayonun iqtisadiyyatında yer tutmağa başlamışdı.
Qubadlı qədim insan məskənlərindəndir. Bu arəzi arxeoloji cəhətdən kifayət qədər öyrənilməsə də buradakı təbii mağaralarda, sığınacaqlarda insan əlinin fəaliyyətinin izləri qalmaqdadır. Keçilməz qayalar, sərt sıldırımlar üzərində ucaldılan müdafiə istehkamları və keşiçki qalalarının qalıqları müasir dövrə qədər gəlib çatıb.
Qədim pirlər, ibadətgahlar bu yerlərdə hələ islamdan çox-çox qabaq daimi məskunlaşma yerlərinin mövcudluğunu göstərir. Bunu həm də tarixi bilinməyən qədim qəbiristanlıqlar, ayrı-ayrı yaşayış məskənləri yaxınlığından tapılmış maddi məişət nümunələri, əmək alətləri də təstiq edir. Tapılmış maddi mədəniyyət nümunələri bu yerlərdə qədimdən əkinçilik və heyvandarlıqla məşğul olunduğunu göstərir.
Qubadlı şəhəri ərazisində aşkar olunmuş "Xırman yeri", Əliquluuşağı kəndində aşkar olunmuş "Qalaça", "Koroğlu qalası", Muradxanlı kəndi ərazisində "Mal təpə" abidələri mütəxəssislər tərəfindən son tunc, ilk dəmir dövrünə aid edilir.
Saray, Poladlı, Xocamsaxlı, Çardaxlı kəndləri ərazisində keçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istehkam qalaçalar ayrı-ayrılıqda VII-IX əsrlərə aid edilsə də, əslində bu istehkam qalaçalar b.e.ə. I yüzillikdə Atropatena və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid keşikçi-gözətçi məntəqələri sisteminin tərkib hissəsidir.
Ötən əsrdə Qubadlı dəfələrlə erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalıb. (1915, 1918, 1920) Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılıb, dinc əhaliyə divan tutulub. Bununla belə bütün çətinliklərə və azab-əziyyətlərə baxmayaraq hər dəfə işğalçı erməni qoşunları torpaqlarımızdan qovulublar.
1988-ci ildən başlayaraq Ermənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlayıb, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilib. 1993-cü il avqust ayının sonunadək davam edən 5 illik müharibə zamanı Qubadlı rayonundan 238 nəfər şəhid verilib. Onlardan 9 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qərrəmanı adına layiq görülüb.
Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqust ayının 30-31-də erməni təcavüzkarı qüvvələrinin işğalına məruz qaldı. Erməni işğalı nəticəsində 30 min nəfərdən artıq Qubadlı sakini yurd-yuvalarından didərgin düşdü, respublikanın 2 şəhər və rayonunda məcburi köçkün kimi məskunlaşdılar. Rayonun 1,2 milyard ABŞ dollar dəyərində (1993-cü ilin qiymətləri ilə) şəxsi və ictimai mülküyyəti erməni işğalçıları tərəfindən talan və məhv edilib.
Ermənilər Qubadlıda 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər. İşğala qədər 33 800 əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib, bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışıb. Rayonda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub olub.
2020-ci il sentyabrın 27 başlayan müharibə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bir daha bütün dünyaya sübut etdi.Şanlı Azərbaycan ordusu tarixdə qızıl səhifə açdı.İşğal altında olan şəhər və kəndlərimizi işğaldan azad etdi.
25 oktyabr 44 günlük müharibənin gedişi atında dönüş nöqtəsi oldu.Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Çünki ermənilər bu şəhərdə güclü istehkamlar qurmuşdular. Şəhərin azad edilməsi üçün , ilk növbədə, yüksəkliklər ələ keçirilməli idi. Məhz buna görə də bu əməliyyat xüsusi peşəkarliq tələb edirdi. Azərbaycan ordusu düşmənlə mübarizədə bu peşəkarliği nümayiş etdirərək düşməni geri çəkilməyə məcbur etdi və Qubadlı işğaldan azad edildi.
Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri