Siyasət

  • 482

"Qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq"

image

44 günlük müharibə müstəqil Azərbaycan dövlətinin gənclərinin nə qədər vətənpərvər olduğunu bir daha görstərmiş oldu. Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclər vətənpərvər ruhda tərbiyə almış və hər qarış torpağın müdafiəsində dayanaraq Vətən müharibəsi başlayan gündən könüllü olaraq orduya yazılmaları, Vətən torpaqlarının müdafiəsinə qalxaraq vahid niyyət ətrafında birləşib əzmkarlıqlarını, vətənə sevgisi hissini iradəsi və gücləri ilə daha da göstərmiş oldular. "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib", deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir: "Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi".

Respublikanın dövlətçilik rəmzləri sırasında yer alan Dövlət Bayrağını hər şeydən uca tutan gənclərimiz qürur mənbəyimiz, and yerimiz olan Bayrağımız qarşısında baş əyərək, müqəddəs varlıq kimi ona and içdilər. Bu Azərbaycan Ordusunun, gəncinin sahib olduğu gücə, bayrağımıza olan dərin məhəbbətindən və sədaqətindən qaynaqlanır. Neçə-neçə gəncimiz vətən torpağının işğaldan azad olunmasına qoşuldu, şəhadətə qovuşdular. Bu gün 2020-ci ilin 25 oktyabr tarixində müharibənin şiddətli günlərini yaşayırdıq. Hər gün qələbə sevincini yaşamaqla yanaşı, şəhilərimizin cənazəsini də torpağa tapşırırdıq.

AZƏRBAYCAN BAYRAĞINI XUDAFƏRİN KÖRPÜSÜNƏ SANCAN QƏHRƏMANIMIZ

1988-ci il iyul ayının 1-də Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olan Paşayev Elsevər Vaqif oğlunun şəhadətə qovuşması Vətən sevgisi ilə müharibənin qaynar nöqtələrində vuruşduğu zaman olmuşdur. 1994-cü ildə Cəbrayıl rayon 21 saylı ümumi orta məktəbin 1-ci sinfinə gedən Elsevər nə vaxtsa şəhid olacağını heç düşünməmişdi. Amma ilk illərdən vətən torpağının işğalda olduğunu və vətənə çəpər olacaq bir oğul kimi böyüdüyünü yaxşı anlayırdı. 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuş və 2010-cu ildə həmin məktəbi moto-atıcı ixtisası üzrə bitirmişdir. 2011-2013-cü illərdə N saylı hərbi hissədə taqım komandiri, 2013-2018-ci illərdə taqım komandiri – bölük komandiri vəzifələrində xidmət etmişdir. Qəlbi vətən eşqi ilə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur. Çox savadlı idi və beş xarici dil bilirdi. Xarici ölkələrdə xarici hərbçilərə hərbi təlimlər keçmişdir. Əfqanıstanda Azərbaycandan gedən Sülhməramlıların komandiri olmuşdur. 2014-cü ildə NATO təlimində iştirak üçün Bolqarıstanda, 2015-ci ildə snayper atıcı kursunda iştirak etmək üçün Türkiyə Respublikasında, 2019-cu il Böyük Britaniya krallığında, Çexiyada, Almaniyada və 2019-cu ilin dekabrın 11-dən 2020-ci ilin iyulun 1-nə kimi Əfqanıstanda təlimlərdə iştirak edib. Vətənin bölünməzliyi uğrunda gedən İkinci Qarabağ savaşında 400-ə yaxın əsgərimizi mühasirədən çıxaran E.Paşayev Xudafərin körpüsünə Azərbaycan bayrağını sancmışdır. 25 oktyabr 2020-ci il tarixdə Qubadlı şəhərinin azadlığı uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 2-ci Fəxri xiyabanda dəfn edilmişdir. Ailəli idi, iki övladı vətənə əmanətdir. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə mayor Paşayev Elsevər Vaqif oğlu ölümündən sonra "Qarabağ" ordeni, "Vətən Uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə də təltif edilmişdir.

Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu.

Ruhunuz şad olsun, igid Vətən oğulları, Azərbaycan sizi heç vaxt unutmayacaq. Onların qəlbimizdə abidələri ucalıb. Şərəfli yol seçərək, şəhidlik zirvəsinə yüksəldilər. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı".

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər